Bakı Apellyasiya Məhkəməsinin 6 əməkdaşı hakim təyin olunub - FOTO


  • 7 İyul 2022 12:02

Bakı Apellyasiya Məhkəməsində işləyən altı nəfər dövlət qulluqçusu müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib.

E-huquq.az xəbər verir ki, yeni təyin olunmuş hakimlərlə məhkəmədə görüş keçirilib. Görüşdə məhkəmənin sədri Mübariz Əkbərov, hakimlər və məhkəmə aparatının rəhbərliyi iştirak ediblər.

Yeni təyin olunmuş hakimləri təbrik edən sədr Mübariz Əkbərov Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyini, dövlət başçısının 3 aprel 2019-cu il tarixli Fərmanının mühüm “yol xəritəsi” olmaqla bu sahədə işin müasir çağırışlara uyğun yeni mərhələdə aparıldığını qeyd edib. Fərmanın icrası çərçivəsində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, cəza siyasətinin humanistləşdirildiyini, institusional, təşkilati və digər tədbirlərin görüldüyünü, kadr islahatlarının aparıldığını bildirib.

Daha sonra, sədr Mübariz Əkbərov məhkəmənin kollektivi və öz adından yeni təyin olunmuş hakimləri səmimi qəlbdən təbrik edərək onların uzunmüddətli təlim-tədrislərdə əldə etdikləri yüksək biliyin və təcrübi bacarıqlarının, heç şübhəsiz, yeni çağırışlara uyğun olaraq məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsi və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına layiqli töhfə verəcəklərinə zəmin yaratdığını qeyd edib. Sədr həmçinin, hakimlik fəaliyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin prinsiplərinə dönmədən riayət etməyə, hakim andına sadiq qalmaqla “Etik Davranış Kodeksində” müəyyən olunmuş prinsip və standartlara uyğun davranış nümayiş etdirməyə səy göstərəcəklərinə əmin olduğunu vurğulamış və onlara hakimlərin müstəqilliyinə və qərəzsizliyinə güvənin artmasına, eləcə də yüksək hakim adının qorunmasına yönələn gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Həmçinin, İnzibati Kollegiyanın sədri Mirzə Tağızadə yeni təyin olunmuş hakimləri təbrik edərək və ünvanlarına xoş sözlər söyləyərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yekunda yeni təyin olunmuş hakimlərə məhkəmənin adından xüsusi hazırlanmış təbrik plaketləri təqdim edilib.

Oxşar xəbərlər