"Qızım dedi ki, Ali Məhkəmənin hakimisən, niyə iş tapmaqda mənə kömək eləmirsən?" - MÜSAHİBƏ


  • 25 Dekabr 2023 14:51

Ali Məhkəmənin sabiq hakimi Ələsgər Əliyevin e-huquq.az-a müsahibəsini təqdim edirik:

- Ələsgər müəllim, artıq bir neçə aydır ki, təqaüdə çıxmısınız. Maraqlıdır, hazırda nə işlə məşğulsuz?

- Hələlik heç bir fəaliyyətim yoxdur. Təqaüdə çıxanda da soruşdular ki, bundan sonrakı planların nədir? Dedim ki, bir müddət heç bir iş görmək istəmirəm, sadəcə istirahət etmək istəyirəm. Çünki, doğrudan da, buna ehtiyacım var idi.

- 20 ildən çox hakim kimi çalışmısız. Bu barədə danışmağınızı istərdik.

- Hakimlik fəaliyyətimə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində başlamışam. Ona qədər Ədliyyə Nazirliyində çalışmışam. O vaxt test sistemi ilk dəfə tətbiq olunurdu. Nazirlikdə çalışan təxminən 15 nəfər test, o cümlədən müsahibə mərhələsindən uğurla keçmişdi. Onlardan biri də mən idim. Düşünürdüm ki, rayon məhkəmələrindən birinə təyin olunaram. Amma gözləmədiyim halda apellyasiya məhkəməsinə hakim təyin olundum. Bu, mənim üçün çox çətin bir mərhələ idi. Çünki məhkəmə sistemində çalışmamışdım və bu sahə ilə bağlı təcrübəm yox idi. Lakin çox yaxşı hal idi ki, bizim tərkibdə İlqar Xələfov və Gündüz Quliyev kimi təcrübəli hakimlər var idi. Belə təcrübəli iki nəfərlə birgə çalışmağım mənim sonrakı fəaliyyətimə çox müsbət təsir göstərdi. Ümumiyyətlə, onlar mənim hakim kimi formalaşmağımda mühüm rol oynayıblar.

Daha sonra ölkəmizdə məhkəmə strukturunda dəyişiklik baş verdi. 2007-ci ildə Bakı, Sumqayıt, Şirvan, Gəncə və Şəkidə bölgə apellyasiya məhkəmələri yaradıldı. Həmin tarixdən mən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olundum. Təxminən 1 il burada çalışdıqdan sonra Ali Məhkəməyə hakim təyin olundum. 2008-ci ildən Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi olmuşam. 2023-cü ilin iyul ayında isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişəm.

- Özünüzü ədalətli hakim hesab edirsinizmi?

- Hakimlik çox şərəfli peşədir. Mən özümü ədalətli hakim saya bilərəm. Amma əsas odur ki, cəmiyyət məni ədalətli saysın, qəbul etsin. Bu mənada özümə hər zaman güvənmişəm. Mən hakimliyə namizədlərə həmişə deyirdim ki, bir işə baxanda o işi həmişə özünüzə münasibətdə düşünün. Fikirləşin ki, o iş sizin başınıza gəlsə, münasibətiniz necə olardı? Bəlkə də məhkəmə sistemində mənim qədər xüsusi rəydə qalan ikinci bir hakim olmayıb. Bəzən hakim yoldaşlarım da buna görə məndən inciyib. Amma sonradan qəbul ediblər ki, bu, mənim işə münasibətimdir. İş vaxtı mənim xasiyyətim biraz çətindir. Qəbul etmədiyim işə deyirdim ki, qol çəkə bilmərəm. Öz rəyimdə qalırdım.

- Məhkəmədə tərəflərdən necə reaksiyalar görmüsüz özünüzə qarşı? Yadınızda qalan xüsusi anlar olubmu?

- İcraatımda bir iş var idi. Dövlət orqanı ilə vətəndaş arasında torpaq mübahisəsi yaranmışdı. Cavabdeh yaşlı bir qadın idi. Dövlət orqanı torpaq sahəsinin quruma aid olduğunu, vətəndaşa qanunsuz olaraq verildiyini iddia edirdi və ondan geri alınmasını tələb edirdi. Çox çətin iş idi. İşə baxdıq və vətəndaşın xeyrinə qərar qəbul edildi. Qərar elan olunduqdan və proses başa çatdıqdan sonra iştirakçılar zalı tərk etdilər. Biraz keçdi həmin yaşlı qadın geri qayıtdı və mənə yaxınlaşdı. Düşündüm, yəqin ki, nəsə soruşmaq istəyir. Amma o qəfildən əlimdən tutub öpmək istədi. Bu hadisə mənə çox təsir eləmişdi.

- Deyirlər ki, peşə insanın xarakterinə də müəyyən qədər təsir edir, onu dəyişdirir. Bəs hakimlik sizdə nəyi dəyişdirib?

- Hakimlik mənə təmkinli olmağı öyrədib. Bu, çox önəmli amildir mənim üçün. Çünki fikirləşirəm ki, insanın başına bir çox pis hadisələr təmkinsizlikdən, səbirsizlikdən gəlir. Deməli, bir dəfə gecə saatlarında maşınla yol gedirəm. İşıqforda dayananda yanımda bir nəfər maşını saxladı və qeyri-etik ifadələr söyləməyə başladı. Mən ona cavab vermək istəmədim, əgər cavab versəm, gərək eyni ifadələri işlədərdim. Oğlum da yanımda idi, istəmədim ki, söhbət böyüsün, yoluma davam etdim. Bir də gördüm ki, həmin sürücü məni izləyir, gah qarşıma keçir, gah maşının sürətini azaldır. Qəsdən belə edirdi ki, ona cavab verim və dava düşsün. Amma mən fikirləşirdim ki, bu adama baş qoşsam, axırı yaxşı olmayacaq. Ya o məni döyəcək, ya da mən onu. Səhər də xəbər yayılacaqdı ki, “Filan hakim küçədə adam döydü...”, “Filan hakim döyüldü...” (red: gülür). Hakimlik fəaliyyətimin mənə təlqin etdiyi təmkinlilik belə bir halın baş verməsinə imkan vermədi. Bu, peşəmdən irəli gələn bir xüsusiyyətdir. Mən səbr edərək bu situasiyadan çıxdım. Bəlkə də hakim olmasaydım, başqa bir sahədə çalışsaydım, o anda fərqli reaksiya verərdim.

- Maraqlıdır, hakim olmağınız həyatda qarşılaşdığınız hansısa çətinliklərdən daha rahat çıxmağınıza kömək edibmi heç?

- Hakim olmağıma görə mənə ancaq yol polisləri güzəşt ediblər (red: gülür). Mən işdən kənarda hardasa özümü hakim kimi təqdim etməmişəm heç vaxt. Çünki istəmirdim hakim olduğuma görə mənə nəsə xüsusi münasibət göstərsinlər. Demək, qızım müəllimlik ixtisası üzrə təhsil alıb, lakin iş tapmaqda çətinlik çəkir. Bir dəfə mənə dedi ki, ay ata, o boyda Ali Məhkəmənin hakimisən, mənə niyə kömək eləmirsən iş məsələsində? Dedim ki, vallah mən heç kəsdən heç nə xahiş edə bilmərəm. Belə şeylər mənim xarakterimə uyğun deyil.

- Deməli, bir qızınız müəllimdir, bəs digərləri? Övladlarınız arasında davamçılarınız yoxdur?

- Yox. İki qızım, bir oğlum var. Qızlarımın hər ikisi müəllimdir. Oğlum isə vəkildir. Əslində mən istəyirdim oğlum da hakim olsun. Amma onun belə bir istəyi yoxdur. Ona görə ki, o, hər axşam mənim evə bir çanta dolusu işlə gəldiyimi, gecələr hansısa işlə bağlı qərar yazdığımı görürdü. Mənim yaşadığım bu çətinlikləri görüb və gözü qorxub. Ona görə də hakim olmaq barədə düşünmür.

- İş-gücdən imkan tapmadığınız nələri edə bildiz təqaüdə çıxdıqdan sonra?

- İşlədiyim dönəmdə ailəmə istədiyim kimi vaxt ayıra bilmirdim. Amma bu bir neçə ayda ailəmə vaxt ayıra bildim. Yoldaşımın səhhətində problem var və bu vaxtadək işə görə onun yanında ola bilmirdim, onunla birgə həkimə getməyə imkanım olmurdu. İndi isə özüm şəxsən məşğul oluram bu işlərlə. Bu yaxınlarda ailəmizdə bir xeyir iş oldu. Artıq yetərincə vaxtım olduğuna hazırlıq işlərində mən də iştirak etdim. Beləliklə, bizim toy adət-ənənələrimizlə bir daha yaxından tanış oldum və gördüm ki, bu adət-ənənələr insanları maddi cəhətdən necə çətinə salır (red: gülür). İndi bildim ki, elçilik, nişan, xına, toy – bunların hər birinə nə qədər maddi vəsait və əmək sərf olunurmuş. Əvvələr belə şeylərdən o qədər də xəbərim olmurdu. Ancaq işə qarışırdı başım.

- Ümumiyyətlə, vaxtınızı necə keçirirsiniz indi?

- Kitab oxumağı çox sevirəm. Xüsusən, tarixi kitablar oxuyuram. Bundan başqa, idmanı sevirəm. Futbola çox böyük marağım var, oyunları izləyirəm. Hətta əvvəllər özüm də həvəskar futbolla məşğul olmuşam. Fiziki işlə məşğul olmaqdan da zövq alıram. Həyətdə yer belləmək, ağacları budamaq, dibini yumşaltmaq - belə şeylərə çox böyük həvəsim var. Yaşadığımız binanın həyətində görürəm ki, yayda kişilər bütün gün damino, nərd oynayırlar. Amma nədənsə mənim heç həvəsim yoxdur belə şeylərə. Məni uşaqlarla vaxt keçirmək daha çox sevindirir. Çünki uşaqları çox sevirəm. Hətta fikirləşirəm ki, əgər hüquqşünas olmasaydım, uşaq bağçasında müəllim işləyərdim (red: gülür). Dörd nəvəm var, hamsının uşaqlığı mənimlə keçib. İndi ikisi artıq böyüyüb, ali məktəbdə oxuyurlar. Digər ikisi isə məktəblidir. Ən balacaları Aydandır. Boş vaxtım olan kimi onunla vaxt keçirirəm. O da evdə ancaq mənimlə oynamağı xoşlayır. Nə vaxt onlara getsəm, biz üçümüz – mən, Aydan və “Patrik” – Aydanın sevimliyi oyuncağı müxtəlif oyunlar oynayırıq.

- Hüquq sahəsində aktiv fəaliyyətə başlamağı düşünürsüzmü?

- Bilirsiz, mən boş dayanmağı sevmirəm. İstəyirəm nəsə yazım, kiməsə məsləhət verim, kömək edim, müzakirələr aparım. Ona görə də, bəli, artıq fəaliyyətə başlamağı düşünürəm. Fikrim var ki, fərdi qaydada hüquqşünas kimi çalışım.

- Bir çox sabiq hakimlər indi vəkillik fəaliyyəti ilə məşğul olur. Sizin belə planınız varmı?

- Yox. Bilirsiz, niyə? Çünki əgər məhkəmədə vəkil kimi iştirak edib hansısa işdə uduzsam, çox pis olaram. Düzdür, məhkəmədə udmaq da olur, uduzmaq da. Bu, normal haldır. Sadəcə mən bunu özümə sığışdırmıram. Mənim üçün ağır olar bu.

- Bəs, pedaqoji fəaliyyətlə necə?

- Bu barədə mənə çox təkliflər olub. Deyirlər ki, sizin təcrübələrinizə ehtiyac var. Lakin hesab edirəm ki, auditoriya qarşısına çıxmaq məsuliyyət tələb edir. Bunun üçün ciddi hazırlaşmalısan. Mən Ədliyyə Akademiyasında hakimliyə namizədlərə dərs demişəm. Bu, məhkəmədə işlərə baxmaqdan daha çətin gəlirdi mənə. Ona görə də pedaqoji fəaliyyətlə məşğul olmağı düşünmürəm. Mən artıq rahat, qayğısız həyat yaşamaq istəyirəm.

- Ələsgər müəllim, son olaraq, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə nə deyə bilərsiz?

- Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan bir fərman oldu. Ötən müddət ərzində bu fərmanın icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin şahidi olduq. Fərmandan irəli gələn işlərin həyata keçirilməsi istiqamətində islahatlar davam etməkdədir. Hesab edirəm ki, bir müddət öncə Məhkəmə-Hüquq Şurasının strukturunda edilən dəyişikliklər də həmin fərmanın davamıdır. Ümumiyyətlə, həyata keçirilən islahatlar çox təqdirəlayiqdir. Bu islahatların nəticəsidir ki, artıq məhkəmələr və hakimlər barədə rəy müsbətə doğru dəyişir. Təbii ki, bu proses bundan sonra da davam edəcək.

Hazırda islahatlardan irəli gələrək hakimlərin sayı artırılır. Gənc, savadlı hakimlər təyin olunur. Mən hakimlərimizlə fəxr edirəm. Gənc hakimlərin bir çoxuna Ədliyyə Akademiyasında dərs demişəm, onların savadına bələdəm. Bununla belə, hesab edirəm ki, hakim korpusunun gəncləşməsi də birdən-birə olmamalıdır. Əlbəttə ki, gənc kadrlara daha çox üstünlük verilməlidir. Amma balansı qorumaq lazımdır. Çünki yaşlı nəslin də təcrübəsinə ehtiyac var.

Xəyalə Bünyatova

Oxşar xəbərlər