Sabiq icra başçısının 100 minlik dələduzluqda təqsirləndirilən qohumunun cinayət işinin bəzi detalları məlum olub


  • 20 İyun 17:01

Bir neçə tanışının etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda təqsirləndirilən Karlen İskəndərovun cinayət işinin bəzi detalları məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata əsasən, istintaq materiallarında qeyd olunub ki, Karlen İskəndərov qəsdən, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarǝn, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Belə ki, təqsirləndirilən şəxs paytaxtın Xətai rayon MKTB-də cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Etiraf Nağıyevin etibarından sui-istifadə etməklə ona, 2018-ci il ərzində Xətai rayonu Ukranya dairəsinin qarşısında yerləşən "Heydər Əliyev" parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq, ümumilikdə 64 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, tanışı Xanlar Bayramova paytaxtın Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 17 min manat dələduzluq edib.

Bundan başqa, K.İskəndərov, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Elmir Zərifovun etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Pəri Zərifovanı Qax Dövlət Kukla Teatrına müdir düzəldəcəyi vədini verib inandıraraq ümumilikdə 30 min manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Karlen İskəndərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunub. O, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədovun yaxın qohumudur.

Orxan Rasifoğlu

Oxşar xəbərlər