"Dövlət vəkillik sisteminin inkişafı ilə bağlı yeni proqramlara keçid etməlidir"


  • 7 Oktyabr 2021 12:35

“Vəkillərin maddi və sosial təminatları güclü olmalıdır. Əks halda bu sahəyə üz tutan peşəkar kadrların sayı az olacaq”.

Bunu e-huquq.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib.

O hesab edir ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsait artırılmalıdır: “Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə ölkəmizdə vəkilliyin nüfuzunun artması üçün ciddi işlər görülür. Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da vəkillərin cəmiyyətin həyatında mühüm rol oynaması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Hesab edirəm ki, bu tədbirlərin effektivliyini artırmaq üçün dövlət vəkillik sisteminin inkişafı ilə bağlı yeni proqramlara keçid etməlidir. Həmin proqram eyni zamanda vəkillərin maddi və sosial təminatı məsələsini də əhatə etməlidir. Çünki bu gün dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin artırılmasına ehtiyac var. Fikrimcə, bu məsələdə differensial yanaşma tətbiq olunmalıdır. İşlərdən asılı olaraq, məbləğlərin aşağı və yuxarı hədləri müəyyənləşməli, həmin məbləğ indikindən qat-qat artıq olmalıdır”.

Z.Oruc bildirib ki, Azərbaycanda vəkillərin sayının artmasına ehtiyac var, lakin ölkəmizdə hüquqşünasların az olması problem yaradır: “Bizdə hüquqşünasların sayı digər ölkələrlə müqayisədə qat-qat aşağıdır. Bu rəqəmləri artırmalıyıq. Bəzi bölgələrdə vəkil çatışmazlığı problemi var. Bu artıq həmin yerlərdə vətəndaşın hüquqi müdafiəsinin səviyyəsini ölçmək üçün bir diaqnostik element hesab olunur. Vəkilliyə peşəkar kadrlar gəlməlidir. Çünki kadr məsələsi bütün strukturlarda ən önəmli məsələdir. Ümumilikdə, məhkəmələrdə vəkilliyə baxış dəyişməlidir. Vəkil bağlı qapı arxasında saxlanılırsa, müəyyən məhrumiyyətlərdən keçirsə, onun müdafiə etdiyi şəxsin taleyindən necə danışa bilərik?!".

Xəyalə Bünyatova

Oxşar xəbərlər