Azərbaycanda daha bir qrup vəkil təltif edildi - FOTOLAR


  • 23 Dekabr 2021 11:44

"Vəkil günü" ərəfəsində daha bir qrup vəkil Fəxri fərman və "Azərbaycan vəkilliyinin 100 illiyi" yubiley döş nişanı ilə təltif olunub.

E-huquq.az xəbər verir ki, tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevin sərəncamı ilə "Vəkil günü" peşə bayramının təsis edilməsini Azərbaycanda vəkillərə göstərilən diqqətin göstəricisi kimi qiymətləndirib. O bildirib ki, dövlət səviyyəsində göstərilən bu diqqət cəmiyyətdə vəkilliyin nüfuzunun artmasına müsbət təsir göstərir.

A.Bağırov deyib ki, son illərdə vəkiliyin nüfuzunun artması bu sahəyə olan marağı da artırıb və gənc hüquqşünasların vəklilik peşəsinə daha çox üz tutmasına səbəb olub. Onun sözlərinə görə, son üç il ərzində vəkillərin sayı iki dəfə artıb.

Sədr qeyd edib ki, vəkillərin sayının artrılması ilə yanaşı, Vəkillər Kollegiyası vəkillərin peşəkarlığının artrılmasına da xüsusi önəm verir və bu istiqamətdə ciddi işlər görür. Çünki vətəndaşlara məhz keyfiyyətli hüquqi yardım etmək üçün peşəkar vəkillərə ehtiyac var. Bu baxımdan vəkilliyə qəbulla bağlı növbəti test imtahanlarında tədricən çətin sualların salınması nəzərdə tutulur.

A.Bağırov vəkillərin üzvlük haqqı ilə bağlı məsələyə də toxunub. Bildirib ki, Vəkillər Kollegiyası tərəfindən üzvlük haqqı ilə bağlı müəyyən güzəştlər tətbiq edilir. Üzrlü səbəbdən üzvlük haqqını ödəyə bilməyən, maliyyə çətinliyi yaşayan, səhhətində müəyyən problemlər olan vəkilləri üzvlük haqqından azad edirik. Ancaq yenə də üzvlük haqqının aşağı salınması üçün təklif irəli sürülməsi planlaşdırılır.

Sədr deyib ki, Vəkillər Kollegiyası tərəfindən atılan bütün addımlar vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərə lazımi şərait yaratmaq və Azərbaycanda vəkilliyin nüfuzunu artırmaq, daha güclü təsisata çevirmək məqsədi daşıyır.

O, işini peşəkarcasına görən və vəkilliyin nüfuzunun artmasında rolu olan hər bir vəkilin Vəkillər Kollegiyası tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan vəkilliyinin inkişafı üçün bütün vəkillərin çalışmalı olduğunu vurğulayıb.

A.Bağırov "Vəkil günü" münasibətilə bütün vəkilləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda sədr təltif olunan 80-dən çox vəkilə Fəxri fərman və "Azərbaycan vəkilliyinin 100 illiyi" yubiley döş nişanını təqdim edib. 5 vəkil isə - Elçin Usub, Esmira Hüseynova, Əli Hüseynov, Cavanşir Məmmədov və Namiq Ələkbərov “Fəxri hüquq doktoru” adına layiq görülüb.

Xəyalə Bünyatova

Oxşar xəbərlər