Qadın vəkillər hüquq sistemində - MƏQALƏ


  • 9 Aprel 2022 15:00

Müasir dünyada vəkillik həm kişi, həm də qadın peşəsidir. Bu fəaliyyət sahəsində təşəkkül tapmış belə bir köhnə fikir var idi ki, qadın vəkillərin cinayət işi ilə məşğul olması arzuolunmazdır. Əslinə qalanda niyəsini bilmirəm, amma hesab edirəm ki, bu fikir qadınların “zəif mürəkkəb” məxluq hesab edilməsi ilə bağlı idi. Bəlkə də bu məsələdə kişi müvəkkillərin qadın vəkillərlə münasibətdə istər-istəməz pərdəli olmaları, hər sözü onlara deyə bilməyəcəklərindən də irəli gəlir. Müstəntiqlər üçün də qadın vəkillər bəzən arzuolunmazdır. Çünki onlar hesab edirlər ki, istintaq çəkişmələrində qadın vəkillərlə daha ehtiyatlı, etik davranmaq məcburiyyətindədirlər. Həm də qadın vəkillər “qadınla daha etik davranmaq” imtiyazlarından istifadə edəcəklər, istintaq hərəkətləri zamanı onları “sıxmaq”olmayacaq. Mənim təcrübəmdə, istintaq hərəkəti zamanı bu və ya digər hala inadkarlıqla etiraz etdiyim zaman "qadın vəkilsiniz sizə heç nə deyə bilmirəm” deyə öz haqsızlıqlarını mənim qadınlığımla pərdələyənlərlə də rastlaşmışam.

Bir peşənin cinsi ola bilməz. İnsanların vəkilin necə olmalı olması, onun ideal obrazı haqqında öz fikirləri var. Və hər kəs hüquqlarının müdafiəsini kimə etibar edəcəyini özü seçir.
Hesab olunur ki, qadınların tərəf olduğu ailə işlərində qadın vəkillər qadınları daha çox dinləyir və onlara daha çox kömək etmək istəyirlər. Əslində,əlbəttə ki, bu da ola bilər, amma əminliklə deyə bilərəm ki, cinsdən çox az şey asılıdır. Bu gün çox uğurlu “vəkil qadın”obrazı formalaşmışdır. ”Vəkil qadın”qadınların bərabərliyə nail olmaq üçün keçdikləri böyük və çətin yolda əldə etdikləri uğurun bariz nümunəsidir.

Amma nədənsə uğurlu qadın hüquqşünasların az olduğuna inanılır. Hətta bəzən keçmişdə Koni, Spasoviç kimi tanınmış hüquqşünasın mütləq saqqal qoyduğu anlamı ilə "Klassiklər arasında ən azı bir qadın haradadır?" fikri səslənir.
Gəlin yanlış təsəvvürü aradan qaldıraq! O vaxtdan bəri dünya kəskin şəkildə dəyişib. Bu gün qadınlar Konstitusiya Məhkəməsinin hakimləri və məhkəmə sədrləri, professor və dosentlər, iri vəkil bürolarının, korporasiyaların hüquq departamentlərinin rəhbərləridirlər və bizim peşəmizi qadınlarsız çoxdan təsəvvür etmək mümkün deyil.
Hələ 1900-cü ildə Fransada qadın vəkillərin fəaliyyətinə icazə verilməsi məsələsi müzakirə olunarkən Fransa ədliyyə nazirinin mövqeyi: “Mənə gəlincə, qəlbsiz ədalət mühakiməsini başa düşmürəm; mərhəmətə kar olan, yüzlərlə insanı başa düşə bilməz. Bədbəxt günahkar analar adından hakimlərə son müraciət etməyə qadir olan mülayim bir səs eşidildikdə, bu səs sırf mülayim və inandırıcı olduğu üçün susdurulmamalıdır.

Qadınlar ədalətə kömək edə bilərlər. Odur ki, onların içərisindən lazımi bilik və bacarıqlara malik olan, ictimaiyyət tərəfindən tanınan şəxslərə işıqlarını haqq-ədalət yoluna saçmaq imkanı verilməlidir. (Fransa ədliyyə nazirinin çıxışından. Ədliyyə Nazirliyinin jurnalı. '901. Na 3. s. 309).
Və nəticə etibarilə 1900-cü il dekabrın 1-də imzalanan qanunun dərcindən bir neçə saat sonra m-me Petit (Kiyev şəkər istehsalçısı G.G. Boloxovskinin qızı) peşəkar Fransada ilk qadın hüquqşünas olaraq Paris məhkəməsinin 1-ci palatası qarşısında and içdi.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu ölkənin banisi, qardaş xalqın ulu öndəri Mustafa Kamal Atatürk siyasətinin prioritetlərindən biri də türk qadınını önə çəkərək onları cəmiyyətə qazandırmaq idi. Məhz bundan sonra qardaş Türkiyədə bir çox qadın müxtəlif sahələr üzrə adını ilklər siyahısına yazdıra bildi. Bu xanımlardan birinin də Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğlu olması hamımıza yaxşı məlumdur.

Qadın hüquqşünaslar həm işdə, həm də gündəlik həyatda eyni dərəcədə uğur qazanırlar. Onlar karyera qurur, ailə qurur və uşaq böyüdürlər. Bunda qadınlara çeviklikləri və əzmkarlıqları kömək edir. Bundan əlavə, qadın hüquqşünaslar dinləmək, inam yaratmaq və onu doğrultmaq qabiliyyətinə malikdirlər. Təbii ki, vəkilliyin sırf kişi peşəsi olduğu dövrlər geridə qaldı.

Tarixdə elə hallar olub ki, hətta opponentinin qadın olmasından narazı qalan prokuror məhkəmə iclasını əsaslı şəkildə pozub. (söhbət Rusiya imperiyasında cəmi bir məhkəmə iclasında iştirak edə bilən ilk qadın hüquqşünas olan Fleişitz K.A.-dan gedir, əslində o prokurorun rəqibindən narazı qaldığı və sonda frak geyə bilmədiyinə görə vəkillikdən qovulan qadın vəkil olub) .İndi hüquq fakültəsi üzrə təhsil alan qadınların kişilərə nisbəti orta hesabla 1:1-dir, Amma ümumiyyətlə, hüquq peşəsi üzrə rəhbər vəzifələrdə hələ də əsasən kişilər çalışır. Bəs bu nəyi göstərir? Bir qadın, hüquqşünas və ya lider kimi peşəkar qabiliyyətlərə görə kişidən bir qədər aşağıdır? Hər halda, yox! Amma bizim fərqli olmağımız da mübahisəsizdir.
Bütün bu fərqlərə baxmayaraq, hər halda hüquq sahəsində qadınla kişi rəqib deyil! Əksinə, kişi məntiqinin, kişiyə xas strateji düşüncənin və qadın intuisiyasının, qadın taktikasının birləşməsi ideal iş tandeminə gətirib çıxarır ki, bu da hərtərəfli məsləhət vermək üçün konkret hüquqi məsələnin həllinə nəinki kompleks yanaşmanı, daha doğrusu istənilən məsələnin optimal və qeyri-standart həll yolunu tapmağa kömək edir.

Müasir qadın hüquqşünaslıq peşəsinə çoxdan yiyələnib və bu gün uğur qazanmış hüquqşünaslar arasında, hətta prokurorluq və məhkəmələrdə də çoxlu qadınlar var. Azərbaycana gəldikdə hazırda qadın hüquqşünaslar, xüsusən də qadın vəkillərin inkişafı, karyerada irəliləməsi və özünü sübut etməsi üçün hərtərəfli şəraitə malikik. Qadın vəkil olaraq üzvü olduğum Vəkillər Kollegiyasında qadın vəkillərı kişi vəkillərə münasibətdə heç bir fərq qoyulmaması, vəkillərin cinsinə görə deyil, peşə bacarıqlarına görə qiymətləndirilməsinin şahidiyəm. Qadınlara rəhbər vəzifələr verilir, qadın vəkillərin təşəbbüsləri dəstəklənir və özünürealizə üçün hər cür imkan yaradılır.

Vəkillikdə qadın obrazı ilə bağlı köhnə stereotiplərə qarşı tarixən qadına xas olan və onsuz qanunun aliliyinin müdafiəçisinin heç nə edə bilməyəcəyi təbii intuisiya, zəhmət, vicdan, mərhəmət və həssaslıq kimi keyfiyyətlər durur. Buna kəskin ağıl, ədalətsizliklə barışmazlıq da əlavə edilməlidir.
Bəzən məndən soruşurlar ki, vəkil bürosunda rəhbər olmaq bir qadın olaraq, çətindirmi? Çətindir, çünki mən təkcə özüm üçün deyil, həm də komandamın işinə görə məsuliyyət daşıyıram. Biz bir vəkil bürosunda fəaliyyət göstərən tərəfdaşlarıq, bu isə, bir komanda formalaşdırmağı və onun içində işləməyi tələb edir. Qarşılıqlı hörmət və etibar kollektivimizdəki münasibətlərin əsaslandığı əsas məqamlardır. Şübhəsiz ki, bir rəhbər kimi mənim əsas vəzifələrimdən biri həmkarlarımın inkişafıdır.
Nəhayət, bütün qadın həmkarlarıma bir qadın üçün balans əldə etməyin nə qədər vacib olduğunu xatırlatmaq istərdim. Hamımıza - bəşəriyyətin ən yaxşı yarısına - qadın tərəfimizi qiymətləndirməyi, üstünlüklərimizi xatırlamağı və onlardan məharətlə istifadə etməyi arzulayıram. Bizə uğurlar!

İlhamə Həsənova

Vəkillərin intizam komissiyasının sədr müavini,20 saylı vəkil bürosunun və 2 saylı mediasiya təşkilatının rəhbəri

Oxşar xəbərlər