- 14 İyun 09:58
"Separatçı "liderlər"in vəkillə təmin edilməsi hüquqi dövlət olaraq Azərbaycan qanunvericiliyinin tələbidir, Azərbaycan dilini bilməyənlərə isə müdafiəçinin təyin olunması həm də məcburidir. Üstəlik, Cinayət-Prosessual Məcəlləsinə əsasən, cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Yəni separatçılar üçün ikinci bir ölkədən əsas müdafiəçi qismində vəkil dəvət edilməsi mümkün deyil. Belə olan halda azərbaycanlı vəkillərin prosesdə iştirakı zəruridir və hansısa vəkilin bu prosesdə "satqın", yaxud "xəyanətkar" hesab edilməsi yolverilməzdir".
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Qarabağda qondarma rejimə qarşı antiterror tədbirlərindən sonra tutularaq Bakıya gətirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərə qarşı yönələn qınaqlardan danışarkən deyib.
O bildirib ki, vəkillərimiz separatçılara nəinki haqq qazandırmır, əksinə prosesin daha şəffaf və daha ədalətli formada realizəsinə, prosessual pozuntulara yol verilməməsinə çalışmaqla konstitusion niyyət və məqsədlərimizə, habelə Azərbaycanın hüquqi dövlət kimi qlobal arenada nüfuzuna xidmət edir.
"Əslində mövcud durumda vəklillərin əsassız şəkildə ittiham edilməsi bir tərəfdən hüquq düşüncəsinin lazımi səviyyədə olmaması ilə əlaqədardırsa, digər tərəfdən, bu cür xoş olmayan situasiyanın yaranmasına ötən dövrlər ərzində bəzi vəkillərin özləri səbəb olub. Belə ki, antimilli ünsürlərin, radikal müxalifət funksionerlərinin müdafiəsini həyata keçirən bəzi vəkillər ictimai rəy vasitəsilə məhkəmələrin iradəsinə təsir etmək üçün prosesləri məqsədli şəkildə həddindən artıq siyasiləşdirdikləri üçün, müdafiəçi olaraq özlərinin şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və baxılan cinayət işinin xarakteri ilə eyniləşdirməsi təcrübəsi yaradıblar. Bu isə vəkilliyin nüfuzuna təsir etməklə barabər, cəmiyyətdə bugünkü mənfi tendensiyalara yol açmaqdadır",- deyə deputat qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə demokratik quruluşa təminat vermək ali niyyət kimi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə dövlətin ali məqsədlərindən biri olaraq təsbit edilib: "Bu çərçivədə elə konstitusion qaydada yalnız vətəndaşlara yox, universal formada hər kəsə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ tanınıb və Ana Qanunumuzun 61-ci maddəsinin III hissəsində qeyd edilir ki, "hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır". İnsanları milliyyətinə görə qətliamlarla, soyqırımlarla cəzalandıran, hüquq tanımayan Ermənistandan fərqli olaraq Azərbaycan hüquqi dövlətdir. Ədalət mühakiməsi isə yalnız qanunun müəyyən etdiyi formada və mexanizm əsasında həyata keçirilir. Ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün isə Prezident İlham Əliyevin 22 fevral 2018-ci il Sərəncamında da ifadə olunduğu kimi, "güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır"".
Deputat deyib ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 5-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən və s. amillərdən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.
"Yəni vəkil hər kəsi, hətta ən qatı cinayətkarları belə müdafiə edə bilər və bu, vəkilin həmin şəxsin əməlinə haqq qazandırması kimi qiymətləndirilməməlidir. Cinayət-Prosessual Məcəllənin 92.1-ci maddəsində ifadə olunduğu kimi, "müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz". Üstəlik, Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən etmişik ki, 16 halda cinayət prosesində müdafiəçinin iştirakı mütləq təmin olunmalıdır. 7 halda, o cümlədən də şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə isə hətta şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi belə qəbul olunmur, müdafiəçi məcburi təyin edilir", - B.Məhərrəmov əlavə edib.
Şəbnəm Mehdizadə