- 17:47
“Azərbaycanda müəllimlərin işə qəbulu imtahanlarının ödənişli olması ilə bağlı müzakirələr təhsil gündəminin ən aktual məsələlərindən biridir və bu addımın həm maliyyə, həm sosial, həm də pedaqoji baxımdan təsirləri ciddi təhlil tələb edir. Təhlil göstərir ki, bu qərar yalnız imtahanın texniki təşkilinə deyil, həm də gələcəkdə müəllim peşəsinə marağın formalaşmasına, təhsilin keyfiyyətinə və insan kapitalının inkişafına təsir göstərəcək”.
Bu fikirləri e-huquq.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbulu imtahanlarının (MİQ) ödənişli olmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı deyib.
O bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun 30.1-ci maddəsində dövlətin əsas vəzifəsi pedaqoji kadr hazırlığını və onların işə qəbulunu təmin etmək kimi göstərilir. Bu prinsip dövlətin müəllimlik peşəsinə strateji əhəmiyyət verdiyini göstərir. İndi qanuna dəyişikliklə MİQ imtahanına ödəniş tətbiq olunarsa, dövlət öhdəlikləri ilə yeni maliyyə yanaşmaları arasında tarazlığın necə qorunacağı əsas sual olaraq qalır.
“Statistik göstəricilər bu qərarın miqyasını aydınlaşdırır. 2024-cü ildə MİQ imtahanında 65 mindən çox namizəd iştirak edib, onlardan təxminən 13 mini işə qəbul olunub. Əgər ödəniş 45-60 manat aralığında müəyyənləşdirilərsə, bu, ümumilikdə 3-4 milyon manat əlavə gəlir deməkdir. Bu vəsaitin imtahanların texniki bazasının gücləndirilməsinə, test bankının yenilənməsinə, elektronlaşdırma işlərinə yönəldilməsi mümkündür. Hazırda hər il dövlət MİQ imtahanlarının təşkili üçün təxminən 2 milyon manata yaxın vəsait xərcləyir. Belə olduğu halda ödənişli sistem bu yükün bir hissəsini bölüşdürə bilər və imtahanların davamlı maliyyə təminatını gücləndirər. Bu, Elm və Təhsil Nazirliyinin təşəbbüskarlığının təşkilati baxımdan faydalı tərəfidir və irəliləyiş üçün real zəmin yaradır”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, dəyişikliyin müsbət tərəfi ondan ibarətdir ki, ödəniş mexanizmi namizədlərdə məsuliyyət hissini gücləndirə bilər: “İmtahana simvolik də olsa, ödəniş etməklə namizəd imtahana daha ciddi hazırlaşar və nəticələrin keyfiyyəti yüksələ bilər. Eyni zamanda toplanan maliyyə vəsaiti dövlətin əlavə yükünü azaldar və daha keyfiyyətli imtahan təşkilinə sərf olunar. Bu, “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan vəsaitlərin səmərəli istifadəsi prinsipinə də uyğundur. Nazirliyin bu yanaşması şəffaf maliyyə idarəçiliyinin genişlənməsinə, imtahan sisteminin texniki baxımdan müasirləşməsinə xidmət edəcək”.
Ekspertin fikrincə, imtahanların ödənişli olmasının mənfi tərəfləri daha çox sosial ədalət məsələləri ilə bağlıdır. O bildirib ki, “Təhsil haqqında” Qanunun 5-ci maddəsi hər kəsin bərabər təhsil imkanına malik olduğunu qeyd edir. Əgər 45-60 manat məbləğində ödəniş tətbiq olunarsa, xüsusilə bölgələrdə yaşayan və aztəminatlı ailələrdən çıxan gənclər üçün bu əlavə yük ola bilər: “Statistikaya görə, MİQ imtahanında iştirak edənlərin təxminən 40 faizi regionlardan gəlir və onların böyük hissəsi sosial baxımdan həssas qruplara daxildir. Bu məbləğ şəhərdə yaşayan namizəd üçün simvolik görünsə də, kənddə yaşayan gənc üçün imtahana hazırlaşma xərclərinə əlavə yük gətirə bilər. Nəticədə namizədlərin sayında azalma müşahidə oluna bilər ki, bu da müəllim çatışmazlığını daha da dərinləşdirə bilər. Hazırda ölkənin bir sıra kənd məktəblərində, xüsusilə riyaziyyat, fizika, informatika fənləri üzrə kadr çatışmazlığı var. Əgər iştirakçıların sayı 10-15 faiz azalsa, bu, vakant yerlərin boş qalmasına gətirib çıxara bilər” .
K.Əsədov bu məsələdə dünya təcrübəsini də diqqətə çatdırıb: “Müqayisə aparsaq, ödənişsiz model daha geniş yayılıb. Finlandiya, Estoniya və Almaniyada müəllimlərin işə qəbulu tamamilə dövlətin maliyyələşdirdiyi müsabiqə ilə aparılır və namizədlər heç bir ödəniş etmir. Türkiyədə müəllimlərin işə qəbulunda KPSS imtahanı tətbiq olunur və burada yalnız 15–20 dollar civarında simvolik rüsum ödənilir, aztəminatlı qruplar isə güzəştlərlə təmin olunur. ABŞ-da bəzi ştatlarda müəllimlik üçün lisenziya imtahanı ödənişlidir, lakin müəllim çatışmazlığı olan ərazilərdə dövlət bu rüsumu kompensasiya edir. Azərbaycan bu təcrübəni nəzərə alaraq ödənişi ya daha aşağı müəyyən etməli, ya da sosial qruplar üçün azadolma mexanizmləri tətbiq etməlidir. Müqayisə baxımından qeyd etmək olar ki, qonşu Gürcüstanda müəllimlərin işə qəbulu imtahanı ödənişsizdir, Ermənistanda isə bu imtahanların keçirilməsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Azərbaycan isə ödəniş mexanizmi tətbiq etməklə regionda fərqli model seçmiş olacaq. Əgər bu model sosial bərabərliyi qoruyan güzəştlərlə müşayiət olunarsa, müsbət nəticələr verə bilər, əks halda mənfi təsirlər qaçılmazdır”.
Ekspert deyib ki, nəticə etibarilə, MİQ imtahanlarının ödənişli olması maliyyə baxımından faydalıdır, irəliləyiş və daha keyfiyyətli təşkil üçün imkan yaradacaq: “Elm və Təhsil Nazirliyinin məqsədinin imtahanların şəffaflığını artırmaq və maliyyə yükünü bölüşdürmək olduğu aydındır və bu istiqamətdə atılan addımlar tərifəlayiqdir. Amma sosial həssas qrupların maraqları qorunmalıdır ki, müəllim peşəsinə maraq azalmadan davam etsin. Ən optimal yanaşma ödənişin daha simvolik məbləğdə müəyyənləşdirilməsi və aztəminatlı namizədlər üçün güzəştlərin tətbiqi ola bilər. Əgər bu mexanizmlər işləsə, ödənişli MİQ imtahanı faydalı olacaq, təhsildə keyfiyyətin yüksəlməsinə, maliyyə resurslarının daha səmərəli istifadəsinə və gələcəkdə insan kapitalının inkişafına mühüm töhfə verəcək”.
Humay Eminqızı