Bakıda taxta bazarındakı yanğın söndürüldü - VİDEO+FOTO+YENİLƏNDİ


  • 20 Aprel 19:32

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

***

19.25

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dərnəgül şosesi "Taxta bazarı" deyilən ərazidə FHN-in 112 Qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub: "Əraziyə dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Əraziyə 70 nəfər şəxsi heyət və 15 texnika cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək. İlkin məlumatlara görə, 800-1000 kvadratmetr ərazi yanıb".

***

18.56

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

18.16

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

E-huquq.az Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

***

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər