İtirilmiş əşyanı tapan şəxsə qanunla bəxşiş verilməlidirmi?


  • 8 Fevral 2021 11:55

Bəzi hallarda itmiş əşyasını axtaran şəxslərin "tapana mükafat veriləcək" kimi vədlərinə rast gəlirik. Təbii ki, onlar bunu itmiş əşyalarının daha tez tapılmasına nail olmaq üçün edirlər. Nəzərə alsaq ki, bəzi hallarda əşyanı tapan şəxslər qiymətli olduğu halda onu mənimsəməyə çalışırlar, bu, bir növ onları şirnikləndirmək üçün verilən bir vəd də ola bilər. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir? İtirilmiş əşyanı tapıb sahibinə qaytaran şəxsə hər hansı mükafat verilməlidirmi?

E-huquq.az xəbər verir ki, Mülki Məcəlləyə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin 5 faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.

Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.

Xəyalə Bünyatova

Oxşar xəbərlər