Övladlar valideynlərini saxlamağa borcludurmu?


  • 14:25

Müasir cəmiyyətin qarşılaşdığı ciddi sosial problemlərdən biri də yetkinlik yaşına çatmış övladların yaşlanmış valideynlərinə qarşı laqeyd münasibətidir. Valideynlərin ömür boyu göstərdikləri əziyyətə, sevgiyə və qayğıya baxmayaraq, bir çox hallarda övladlar yaşlı ata-analarına maddi və mənəvi dəstək göstərməkdən imtina edirlər. Bu vəziyyət təkcə ailə bağlarının zəifləməsinin deyil, həm də cəmiyyətin mənəvi dəyərlərindəki dəyişikliklərin göstəricisi kimi qiymətləndirilə bilər.

Valideynlərin yaşlılıq dövründə qarşılaşdıqları maddi və psixoloji çətinliklər, xüsusilə tənha yaşadıqları hallarda daha da ağır olur. Halbuki həm əxlaqi, həm də hüquqi baxımdan övladların valideynlərinə sahib çıxması, onları qoruması və lazım gəldikdə saxlaması gözlənilir.

E-huquq.az xəbər verir ki, Azərbaycanda Respublikasının Ailə Məcəlləsində də bu məsələ öz əksini tapıb.

Belə ki, Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

Bu maddəyə əsasən valideynlər, əgər onlar özlərini təmin edə bilmirlərsə, övladlarından məhkəmə yolu ilə aliment tələb edə bilərlər. Məhkəmə, övladların maddi imkanlarını, valideynin vəziyyətini və ailədaxili münasibətləri nəzərə alaraq qərar verir.

Belə ki, qanunvericiliyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

Lakin valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Belə ki, əgər valideynlər zamanında övladlarına qarşı öz valideynlik vəzifələrini, yəni onları qorumaq, böyütmək, təhsil vermək və qayğı göstərmək kimi əsas öhdəlikləri yerinə yetirməyiblərsə, bu hallar məhkəmə tərəfindən nəzərə alına bilər. Məhkəmə belə hallarda valideynin övladına qarşı olan məsuliyyətsizliyini, laqeydliyini və ya zərərli davranışlarını qiymətləndirir. Əgər valideynin bu məsuliyyətsiz davranışı sübuta yetirilərsə, yetkin övlad həmin valideyni saxlamaq öhdəliyindən azad edilə bilər. Bu, qanunun ədalət və qarşılıqlılıq prinsipinə əsaslanaraq, övladın hüquqlarını qorumağa xidmət edir. Belə yanaşma valideynlik münasibətlərinin təkcə qanuni deyil, həm də əxlaqi əsaslar üzərində qurulmasını nəzərdə tutur.

Bundan başqa, qanunvericiliyə əsasən, uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər