"Şahidin ölkədən çıxışına qadağa qoyulmasının hüquqi əsası yoxdur"


  • 16 Sentyabr 2021 13:02

Hüquq islahatları çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının yeni Miqrasiya Məcəlləsində bu məsələ daha aydın və müfəssəl şəkildə öz əksini tapmışdır.

Məcəllənin 2-ci bölməsinin 3-cü fəsili bütövlükdə vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi məsələlərinə həsr edilmişdir. Həmin fəsildə yer almış 9-cu maddədə vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilinməzliyi kimi prinsip xarakterli müddəa bir daha vurğulanmaqla, cinayət prosesinin həyata keçirilməsi ilə əlaqədar konkret olaraq dörd halda vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi şərtləri və müddətləri göstərilmişdir. Bunlara aiddir:

1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (9.3.1);

2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək (9.3.2);

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək (9.3.3);

4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (9.3.4);

Göründüyü kimi, miqrasiya qanunvericiliyi cinayət prosesi zamanı şəxsin hərəkət azadlığının məhdudlaşdırılmasını həm prosessual məcburiyyət tədbirləri olan tutulmaya və qətimkan tədbirlərinə əlavə prosessual məcburiyyət tədbiri kimi, həm də cinayət hüquqi xarakterli məsələlərin həlli ilə bağlı məhkəmənin hökm və və ya qərarının icrasını təmin etmək vasitəsi kimi nəzərdə tutmaqla, cinayət prosesində müəyyən müddət ərzində hərəkət azadlığı məhdudlaşdırıla bilən şəxslərin dairəsini konkret olaraq müəyyən etmiş və həmin şəxslərə yalnız şübhəli və ya təqsirləndirilən şəxsləri, məhkumları və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsləri aid etmişdir.

Bununla belə təcrübədə bəzən ibtidai istintaq zamanı istintaq orqanları tərəfindən “şahid” statuslu şəxslərin də ölkədən getmək hüquqlarının məhdudlaşdırılması hallarına təsadüf edilir. Bu zaman ibtidai istintaq orqanları öz mövqelərini onunla əsaslandırılar ki, həmin şahidlərin gələcəkdə istitanqın gedişi zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət prosesinə cəlb edilməsi gözlənilir. Təbii ki, bu mövqenin hər hansı bir hüquqi əsası yoxdur. Hər şeydən əvvəl bu məsələ qanunvericilik səviyyəsində dəqiq tənzimlənmişdir və qanunvericiliyin ifadə etdiyi mənaya görə qanunda göstərilən şəxslərdən başqa digər şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması subyektiv mülahizə və ehtimalların əsasında deyil, yalnız tətbiq ediləcək məhdudiyyətin maddi və prosessual hüquqi əsaslarının mövcudluğu ilə şərtləndirildiyi halda həyata keçirilə bilər.

Hazırda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şəxsin ölkədən getməsinə məhdudiyyətin tətbiq edilməsi prosedurası elektron hökümət portalından istifadə edilməklə, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli, 744 №li Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. Hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilir və məhdudlaşdırmanın əsasları aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.

Əsasnamədə sistemin strukturunda nəzərdə tutulmuş altsistemlərdən biri də “Sərhədkeçməyə məhdudiyyət” altsistemidir. Əsasnamə ilə sistem çərçivəsində hüquqmühafizə orqanlarının axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi vəzifələri müəyyən edilmişdir.

Şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilməsi zamanı onun daha çox fiziki məhdudiyyətlərə məruz qaldığını nəzərə alaraq hesab edirik ki, bu tədbirin yalnız barəsində axtarış elan olunmuş, tutulma və ya məcburi gətirilmə haqqında qərar qəbul olunmuş təqsirləndirilən və ya şübhəli şəxslərə tətbiq edilə bilməsi barədə qanunvericilik qaydasında göstəriş təsbit edilməlidir.

Nəzərə alınmalıdır ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdıran tədbir şəxsin bilavasitə ümumi mənada azadlıq hüququ ilə bağlı olduğundan ciddi prosessual məcburiyyət tədbiri hesab olunmaqla həmin tədbirin tətbiq edilməsinin yalnız məhkəmə qərarı əsasında mümkünlüyü prosessual qanunvericilikdə öz əksini tapmalıdır.

Qulam İsmayılzadə

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər