Aliment haqqında qərar necə icra olunur?


  • 6 Oktyabr 2021 16:41

Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir.

Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir.

Bundan sonra əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin ⅓ (üçdə bir) hissəsinə, icra məmuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir.

Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına).

Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində (2020-ci il üçün bir uşağa görə minimum 170 manat) tutulması haqqında qətnamə qəbul edir.

Bundan sonra aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.

Bəs aliment ödənilmədiyi təqdirdə şəxs nə kimi məsuliyyət daşıyır?

Şəxs alimenti ödəməzsə, ilk növbədə tələb onun əmlakına yönəldilir. Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur.

İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir.

Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.

Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir.

Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.

Əslində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s.

Bu isə o deməkdir ki, şəxs sadəcə alimenti ödməməyə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilinməz.

Lakin yuxarıda qeyd olunduğu kimi praktikaya əsasən (alimentin ödənilməsinin təmin edilmə mexanizmi mükəmməl olmadığı üçün) icra məmuru şəxs barəsində, protokol tərtib edir (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsi maddə 528.1) və məhkəmələrdə qanunu düzgün tövsif etməyərək şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarlar qəbul edir (həbs edir və yaxud cərimə edir).

Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.

Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda məsuliyyətə cəlb edilə və cəzalandırıla bilər:

1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə

2) 320 saatdan 480 saatadək ictimai işlər

3) 2 ilədək müddətə islah işləri

4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması

5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə

Qulam İsmayılzadə

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər