Hansı hallarda cinayət işinin başlanması qanunsuzdur?


  • 20 Oktyabr 2021 09:40

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində cinayət təqibini istisna edən hallar nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, Məcəllənin 39-cu maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

39.1.1. cinayət hadisəsi olmadıqda;

39.1.2. əməldə cinayət tərkibi olmadıqda;

39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);

39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);

39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);

39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;

39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;

39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);

39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;KMQ9

39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.

39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.

Oxşar xəbərlər