Cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia verilərkən dövlət rüsumu ödənilməlidirmi?


  • 6 Yanvar 2022 10:33

Azərbaycan Respublikası Ali Məhkəməsi bu məsələdə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək üçün məhkəmələrə 08.12.2021-ci il tarixli, 2-1315 nömrəli məktub göndərib. Məktubda qeyd olunub ki, rüsumdan azad olunmuş şəxslər istisna olmaqla, cinayət mühakimə icraatında mülki iddianın verilməsinə görə rüsum ödənilməlidir, rüsum ödənilməsini təsdiq edən sənəd olmadıqda mülki iddianın geri qaytarılması barədə qərar qəbul olunmalıdır.

Əslində isə cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddianın verilməsinə görə rüsum ödənilməli deyil. İddianın cinayət mühakimə icraatı və ya mülki məhkəmə icraatı qaydasında verilməsinin fərqi yoxdur, hər iki halda iddiaçı rüsumdan azaddır.

Bunun hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsindəki norma təşkil edir. Orada qeyd olunub: “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Bu normada “... zərərin ödənilməsini tələb etmək hüququ vardır” deyiləndə rüsumsuz hüquq nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası (BMT üzvü) həmin konstitusion norma vasitəsilə BMT Baş Assambleyasının 29.11.1985-ci il tarixli, 40/34 nömrəli qətnaməsi ilə qəbul olunmuş “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə sadiqliyini təsdiq edib. Odur ki, konstitusion normanın izahı BMT Bəyannaməsinə uyğun verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsində də qeyd olunub ki, bu Konstitusiyada sadalanan insan hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bəyannamə beynəlxalq müqavilə olmasa da, belə məsələlərdə ona bərabər tutulur. Çünki o, BMT Baş Assambleyasının qətnaməsi ilə qəbul edilib. BMT Baş Assambleyasının qətnamələri tövsiyə xarakterlidir, buna baxmayaraq heç bir dövlət ona veto qoya bilməz, hesab olunur ki, həmin qətnamələr böyük mənəvi-siyası əhəmiyyətə malikdir.

Rüsum məsələsinə BMT Bəyannaməsində müəyyən edilmiş prinsiplərə uyğun izah verildikdə isə aydın olur ki, Kontitusiyanın 68-ci maddəsinin 2-ci hissəsindəki norma cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia verən şəxsi rüsumdan azad edib. Belə ki, BMT Bəyannaməsinin tələblərinə görə şəxs cinayətdən hansı formada (fiziki, maddi, mənəvi) zərər çəkməsindən asılı olmayaraq cinayətin qurbanı sayılır. Dövlət isə qurbanı cinayətdən müdafiə etməlidir. “Cinayətdən müdafiə” deyiləndə yalnız cinayətkarın cəzalandırılması deyil, həm də qurbanın pozulmuş mülki, əmək və digər hüquqlarının ilk növbədə cinayətkarın hesabına bərpası nəzərdə tutulur. Bəyannamə 2 hissədən ibarətdir:

A) cinayətin qurbanı;

hakimiyyətdən sui-istifadənin qurbanı;

Bəyannamənin “cinayətin qurbanı” adlı “A” hissəsi 4 bölmədən ibarətdir: 1) ədalət mühakiməsinə çatımlılıq və ədalətli davranış; 2) restitusiya; 3) kompensasiya; 4) sosial yardım. Bu 4 bölmənin hər birində cinayət qurbanına münasibətdə dövlətin öhdəlikləri müəyyən edilib. Həmin öhdəliklərin hamısının vahid məqsədi var: cinayət qurbanının maksimum müdafiəsi. Bəyannamənin 12-ci bəndində hətta qeyd olunub ki, qurban kompensasiyanı hüquqpozucudan və ya digər mənbələrdən tam həcmdə ala bilmədikdə bir sıra cinayətlərə görə dövlət ona maliyyə kompensasiyası verilməsi üçün tədbirlər görməlidir. Odur ki, cinayətkara qarşı iddia verən qurbandan dövlət büdcəsinə pul (rüsum) tələb edilməsi BMT Bəyannaməsində dövlətlər üçün müəyyən edilmiş öhdəliklərə uyğun gəlmir.

Bundan başqa, Azərbaycan Respublikası BMT üzvü olmaqla yanaşı həm də Avropa Şurasının üzvüdür. Avropa Şurası Nazirlərlər Komitəsinin “Cinayətdən zərərçəkənlərə kompensasiya barədə” 28.09.1977-ci il tarixli, 27 (77) nömrəli qərarı ilə Avropa Şurasına üzv olan dövlətlər üçün 13 prinsip müəyyən edilib. Bu prinsiplərə və həmin prinsiplərin qəbul edilməsinə əsas olan ideyalara nəzər yetirdikdə müəyyən olunur ki, cinayətdən zərər çəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün dövlət büdcəsinə pul (rüsum) tələb edilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Avropa İttifaqının üzvü deyil. Lakin müqayisə üçün qeyd edək ki, bu məsələ barədə Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 25.10.2012-ci il tarixli Direktivi (2012/29/EU) mövcuddur. Direktiv “Cinayət qurbanlarının hüquqlarına, dəstəklənməsinə və müdafiəsinə münasibətdə minimal standartların müəyyən edilməsi, o cümlədən Aİ Şurasının 2001/220/JHA Çərçivə Qərarının dəyişdirilməsi” adlanır. Direktivdə (47) qeyd olunub: “Cinayət qurbanları onların cinayət mühakimə icraatında iştirakını şərtləndirən xərcləri müstəqil surətdə çəkməli deyil”. AR cinayət-prosessual qanunvericiliyinə görə “mülki iddiaçı” cinayət prosesinin iştirakçılarından biridir. Lakin mülki iddia olmadan hər hansı şəxsin mülki iddiaçı kimi tanınması mümkün deyil. Cinayət qurbanını mülki iddiaçı kimi cinayət prosesinə buraxmaq üçün ondan rüsum (mülki iddia verilməsinə görə rüsum) tələb edilməsi Avropa dövlətlərinin rəhbər tutduğu minimal standartlara uyğun gəlmir.

Bundan başqa, məhkəmə rüsumlarının 2 məqsədi var: məhkəmələrin fəaliyyətini maliyyələşdirmə və mübahisələrin məhkəmədənkənar həllinə sövq etmə. Cinayət qurbanına münasibətdə bu məqsədlər qəbulolunmazdır.

Birinci, cinayət qurbanının vəsaiti hesabına dövlət orqanının (məhkəmənin) fəaliyyətini maliyyələşdirmə humanizm prisipinə uyğun deyil. Qurbanın zərərin əvəzini cinayətkardan tam ala biləcəyi hələ sual altındadır. Çünki iddianın təmin edilməsi barədə məhkəmə qərarı müxtəlif səbəblərdən icra edilməyə bilər: cinayətkarın maddi vəziyyətinə, uzun müddətə azadlıqdan məhum etmə cəzasına məhkum edilməsinə və digər səbəblərə görə. Odur ki, dövlət orqanının fəaliyyətinin maliyyələşdirilməsi üçün cinayət qurbanından pul (rüsum) tələb edilməsi onsuz da ağır vəziyyətdə olan şəxsin vəziyyətini daha da ağırlaşdırır.

İkinci, cinayət qurbanını cinayətkarla (oğru, soyğunçu, quldur və s.) zərərin əvəzinin ödənilməsi barədə mübahisəni məhkəmədənkənar həll etməyə sövq etmə cinayətkarlıqla mübarizə siyasətinə uyğun deyil. Yuxarıda adı çəkilən BMT Bəyannaməsinin 9-cu bəndində qeyd olunub ki, hökumətlər restitusiyanı (mülkiyyətin qaytarılması, zərərin əvəzinin ödənilməsi, xidmət göstərilməsi, hüququn bərpası) öz praktikasına, əsasnamə və qanunlarına digər cinayət sanksiyalarına əlavə olaraq cəzalandırma tədbirindən biri kimi daxil edilməsinə baxmalıdırlar. Bu isə o deməkdir ki, BMT üzvü olan dövlət cinayət qurbanından rüsum tələb etməli deyil, əksinə, onun pozulmuş hüquqlarınının bərpasını əlavə cəzalandırma tədbiri kimi öz qanunlarına daxil etməlidir, yəni nəinki rüsum, hətta mülki iddia olmadan bunu həll etməlidir.

BMT Bəyannaməsinin 9-cu bəndinin mənasının tam anlaşılması üçün bir nüansı qeyd edək. Fikir verin, cinayət təqibinin başlanması üçün rüsum tələb olunmur. Bu, düzgündür, çünki qurban cinayətdən müdafiə olunur. Eyni məntiqlə iddia verilməsinə görə də rüsum tələb olunmalı deyil, çünki bu da müdafiə sayılır: qurban, cinayət nəticəsində pozulmuş hüquqlarının müdafiəsini tələb edir. “İddia” anlayışı da bunu təsdiq edir, iddia - pozulmuş hüququn müdafiə vasitəsidir. İddia ilə cinayət nəticəsində pozulmuş hüququn müdafəsi tələb olunursa, deməli, iddia həm də cinayətdən müdafiə vasitəsidir. Göründüyü kimi, iddia və cinayət təqibi cinayətdən müdafiənin müxtəlif formalarıdır. Əgər iddiaya (müdafiənin bir formasına) görə rüsum tələb edilsə, həmin məntiqlə gərək cinayət təqibinin başlanmasına (müdafiənin digər formasına) görə də rüsum tələb olunsun. Müdafiənin heç bir formasına görə cinayət qurbanından rüsum tələb edilməli deyil. Təsadüfi deyil ki, cinayət prosesində çəkilən xərclərin və məsrəflərin ödənilməsi üçün qanunvericilik 2 mənbə müəyyən edib: 1) dövlət büdcəsi; 2) cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin hesabı (AR CPM, maddə 196.4 və 197.2). Ona görə cinayət prosesinin digər iştirakçılarından, o cümlədən zərərçəkən və mülki iddiaçıdan hər hansı xərcin (rüsum və s.) ödənilməsinin tələb edilməsi düzgün sayılmır.

Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu bu məsələyə münasibətdə ədalətli deyil. Məsələn, mağazadan geyim alan vətəndaş onun keyfiyyətindən narazı qalaraq zərərin ödənilməsi barədə iddia versə, rüsumdan azaddır, çünki həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azaddır. Əgər vətəndaş mağazadan geyim alarkən soyğunçuluğa (Cinayət Məcəlləsi, maddə 180) məruz qalsa, zərərin ödənilməsi barədə iddia verdikdə dövlət rüsumu ödəməlidir, çünki həmin Qanuna görə cinayətdən zərər çəkən dövlət rüsumundan azad deyil. Göründüyü kimi, Qanun istehlakçı və cinayət qurbanına qeyri-bərabər münasibət göstərir. Belə nəticə hasil olur ki, istehlakçı dövlət büdcəsinə pul ödəmədən geyim istehsalçısına qarşı iddia verə bilər, ancaq cinayət qurbanı soyğunçuya qarşı iddia vermək istəyirsə, əvvəlcə dövlət büdcəsinə pul ödəməlidir, əgər pul ödəmirsə iddia vermək qadağandır. Bu, həm də o mənanı verir ki, qanun geyim istehsalçısının məsuliyyətə cəlb edilməsini sadələşdirir, ancaq insanı qarət edən cinayətkarın məsuliyyətə cəlb edilməsinə məhdudiyyət yaradır. Belə Qanun Konstitusiyaya ziddir. Konstitusiyanın 149-cu maddəsinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

Bundan başqa, qanunvericiliyə edilmiş son dəyişikliklərə görə iddia ərizəsində zərərin əvəzi kimi tələb edilən məbləğ artdıqca rüsumun məbləği də artır. Belə nəticə hasil olur ki, cinayətkar öz qurbanını nə qədər ağır maddi vəziyyətə salıbsa, buna mütənasib olaraq məhkəmələr də rüsum məsələsində qurbanın vəziyyətini bir o qədər ağırlaşdırmalıdır: daha çox zərər çəkən daha çox rüsum ödəməlidir. Bu yanaşma ədalət haqqında təsəvvürlərə uyğun gəlmir.

Həmin fikrin davamı olaraq qeyd edək ki, cinayətkar adi, xeyli, külli və xüsusilə külli miqdarda ziyan vura bilər və miqdar artdıqca cinayətkarın təhlükəliliyi də artır. Cinayətkarın təhlükəliliyi və cinayət sanksiyası arasında belə mütənasiblik var: daha təhlükəli cinayətkara daha sərt sanksiya. Bu, düzgündür. Lakin cinayətkarın təhlükəliliyi və rüsumun məbləği arasında “daha təhlükəli cinayətkara qarşı iddia üçün daha çox rüsum” mütənasibliyinin qurulması cinayətkarlığın lehinə işləyən faktordur. Belə mütənasiblik daha təhlükəli cinayətkarı müəyyən mənada iddiadan qoruya bilir: cinayətkar daha təhlükəli olduqca iddianın verilməsi daha da çətinləşir.

Daha sonra, əgər iddiaya görə rüsum ödənilməli olsa, həmin iddia üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətlərinə görə də rüsum tutulmalı olacaq. Belə olan halda cinayət qurbanı narazı qaldığı məhkəmə aktlarını mübahisələndirmək üçün yenidən rüsum ödəməli olacaq, nəticədə isə onun vəziyyəti daha da ağırlaşacaq.

Cinayət qurbanlarına münasibət həm də bir humanitar məsələdir. Ekspertlərin qiymətləndirməsinə görə bir saatda dünyada təxminən 200 min cinayət törədilir və minlərlə insan cinayətin qurbanı olur: maddi, fiziki və mənəvi zərər çəkir. Beynəlxalq ictimaiyyət bu məsələdə həmrəylik nümayiş edirir. 22 fevral hər il “Cinayət qurbanlarına beynəlxalq dəstək günü” kimi qeyd olunur. Cinayət qurbanlarına dəstək üçün müxtəlif təşkilatlar yaradılıb. Məsələn, “Victim Support Europe” Cinayətdən Zərərçəkənlərə Dəstək Avropa Assosiasiyası. Bu təşkilat qurbanın harada yaşamasından və cinayətin harada baş verməsindən asılı olmayaraq, Avropada və dünyada hər bir qurbanın cinayətdən sonra məlumat və dəstək xidmətlərindən istifadə edə bilməsini təmin etmək məqsədi daşıyır. Təşkilatın fəaliyyət prisiplərindən biri “pulsuz” kimi göstərilib. Bütün bunlara rəğmən dövlətin cinayət qurbanını müdafiə etmək üçün ondan pul (rüsum) tələb etməsi ictimai həmrəyliyə uyğun sayılmır. İctimai həmrəylik - cəmiyyəti möhkəmləndirən və birləşdirən, sosial bütövlük yaradan əsas qüvvədir. Cinayət qurbanlarının müdafiəsində ictimai həmrəylik vacib amildir.

Bundan başqa, kriminologiyanın bir bölməsi - viktimologiya mövcuddur (lat. viktima “qurban” deməkdir). O, viktimizasiyanı, yəni şəxsin cinayətin qurbanına çevirilmə prosesini, cinayətkar qəsdin obyekti olmağa meyilliliyi, o cümlədən cinayətin potensial qurbanlarının azaldılması və qarşısının alınması tədbirlərini tədqiq edir. Dövlətlər sağlam cəmiyyətin maraqları naminə belə tədqiqatları maliyyələşdirir. Odur ki, sağlam cəmiyyət qurmağı qarşısına məqsəd qoyan dövlətin cinayət qurbanlarından rüsum tələb etməsi məqsədəuyğun deyil.

Beləliklə, cinayət ictimai təhlükəli əməldir, rüsum isə dövlət orqanlarının göstərdiyi xidmətə görə alınan haqdır, dövlət insanları ictimai təhlükədən müdafiə etmək üçün haqq almır. Müvafiq olaraq AR Kontitusiyasının 68-ci maddəsinin 2-ci hissəsindəki norma cinayət nəticəsində pozulmuş hüquqlarının müdafiəsi üçün iddia verən cinayət qurbanlarını rüsumdan azad edib. Konstitusiya isə özünün hüquqi qüvvəsinə görə “Dövlət rüsumu haqqında” Qanunu, Cinayət-Prosessual Məcəlləni, Mülki-Prosessual Məcəlləni, o cümlədən Ali Məhkəmənin məktubunu üstələyir.

Namiq Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər