Vəkil: "Satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir"


  • 4 Avqust 2022 14:38

Bəzən təcrübədə satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-6.1-ci maddəsinə əsasən tenderdə qalib gəlmiş təklifi müəyyənləşdirmək məqsədilə texniki göstəricilərə uyğun olaraq hər bir mal vahidi üzrə uyğun nümunənin təqdim edilməsi tələb edildiyinin şahidi oluruq.

Bəs belə bir tələb qanunidirmi?

Hesab edirəm ki, satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir. Belə ki, müvafiq Qanunun 50-6-cı maddəsi “Elektron satınalmadan sonra tələblər” adlanır. Həmin maddənin adından da göründüyü kimi, bu maddənin imperativliyi satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklif olduqda qüvvədə olur. Həmin Qanunun 50-5-ci maddəsinə əsasən satınalan təşkilata elektron satınalma keçirilən zaman “Elektron satınalma zamanı tələblər” şamil edilə bilər. Belə olan halda isə tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi həmin Qanunun 36-cı maddəsinə əsasən əsasən aparılır və qalib gəlmiş tender təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir.

Daha sonra həmin Qanunun 37-ci maddəsinə əsasən Tender komissiyası müvafiq qərar qəbul edir və həmin Qanunun 40-cı maddəsinə əsasən bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. Bundan başqa, satınalan təşkilat nümunələrin tələb edilməsini onunla əsaslandırır ki, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı üçün podratçıya belə bir tələb ilə müraciət edilir. Lakin satınalan təşkilat unudur ki, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatına dair həmin Qanunda anlayış verilmişdir. Belə ki, bu anlayışa görə tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminatdır. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər.

Beləliklə, qanunvericiliyin mənasından aydın olur ki, tender təklifi verən iddiaçı (podratçı) satınalan təşkilata satınalma müqaviləsi bağlanmamışdan əvvəl sözügedən əsas şərtlər toplusunun müvafiq bölməsində qeyd olunan “satın alınan malların siyahısı və texniki tələblər”ə uyğun nümunələr təqdim etməyə borclu deyildir.

Çünki satınalan təşkilatın tender komissiyası tərəfindən təsdiq olunan tenderin əsas şərtlər toplusunun satın alınan malların siyahısı və texniki tələblər bölməsində əsas şərtlər toplusunda göstərilən zəruri texniki və keyfiyyət xüsusiyyətlərinə görə hər bir maddi dəyəri üzrə uyğun nümunənin təqdim edilməsi üçün podratçı bu tenderdə qalib elan edilməli, podratçı ilə satınalan təşkilat arasında satınalma müqaviləsi bağlanmalı, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə imzalanmalı və müqavilə tərəfləri üçün hüquq və vəzifələr müəyyən edilməklə, qarşılıqlı öhdəlik münasibətləri yaranmalıdır. Qeyd olunanlar reallaşacağı təqdirdə müvafiq texniki şərtlər toplusunda qeyd olunan “satın alınan malların siyahısı və texniki tələblər”ə uyğun nümunələr təqdim edilməlidir.

Abbas Quliyev

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər