Kredit götürən şəxs borcu qaytara bilməsə, zaminin öz istəyilə zaminlikdən çıxması mümkündürmü? - ŞƏRH

Dövrümüzün ən aktual problemlərindən biri bankdan götürülən kredit borcunun vaxtında qaytarılmaması ilə bağlıdır. Sözgüdən məsələ zamanı həm kreditor, həm də zamin problemlər yaşayırlar. Belə ki, kreditor borcu vaxtında qaytara bilmədiyinə görə, bank həmin məbləği zamindən tələb edir. Bəs belə olan halda zamin duran şəxs zaminlikdən çıxa bilərmi?


  • 12 Noyabr 2019 16:05

Dövrümüzün ən aktual problemlərindən biri bankdan götürülən kredit borcunun vaxtında qaytarılmaması ilə bağlıdır. Sözgüdən məsələ zamanı həm kredit götürən şəxs, həm də zamin problemlər yaşayırlar. Belə ki, kredit götürən şəxs borcu vaxtında qaytara bilmədiyinə görə, bank həmin məbləği zamindən tələb edir. Bəs belə olan halda zamin duran şəxs zaminlikdən çıxa bilərmi?

Mövzu ilə əlaqədar e-huquq.az-a açıqlama verən vəkil Vüqar Babayev bildirib ki, belə vəziyyətdə zamin özbaşına zaminlikdən çıxa bilməz. Onun sözlərinə görə, qanunvericilik zamin duran şəxsin bu cür zaminlikdən çıxması üçün heç bir şərt müəyyən etməyib.

V. Babayev qeyd edib ki, zamin bir sıra hallar istisna olunmaqla, özbaşına zaminlikdən çıxa bilməz: “Əgər zamin sübut edərsə ki, onu vaxtilə aldadıblar və zaminlik müqaviləsi bağlananda nəyə zamin durduğunu bilməyib, o zaman zaminlikdən çıxa bilər. Ancaq bu kimi hallar istisna olmaqla, o, özbaşına zaminlikdən çıxa bilməz. Çünki zamin kredit götürən şəxslə eyni qaydada məsuliyyət daşıyır”.

O diqqətə çatdırıb ki, zamin əgər aldadıldığını düşünürsə, zaminlik müqaviləsinin etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər. Vəkil əlavə edib ki, kredit götürən şəxslə zamin razılığa gəlsə belə, həmin şəxs zaminlikdən çıxa bilməz: “Bu, yalnız kredit verənin razılığı ilə mümkündür”.

V.Babayevin sözlərinə görə, zamindən kredit məbləği alınıbsa, onun hüququ var ki, sonradan öz pulunu borcludan tələb edə bilsin: “Zaminə tələbin yönəldilməsi məhkəmə qərarı ilə olmalıdır. Məhkəmə qərar çıxarır ki, zamindən müəyyən miqdarda məbləğ tutulsun. Qətnamə qanuni qüvvəyə minir, icraya yönəldilir. İcra qaydasında zamindən pulu alırlar. Zamin həmin pulu könüllü şəkildə ödəyə də bilər. Bank məhkəməyə müraciət etdikdən sonra zamindən pul alınarsa, zamin həmin məbləği sonradan məhkəmə qaydasında kreditordan tələb edə bilər".

Məftun Salmanov

Oxşar xəbərlər