Qanun hamilə qadının avtomobil idarə etməsinə və təhlükəsizlik kəmərini taxmamasına icazə verirmi?

Qadının hamiləlik dövründə avtomobil idarə edib-edə bilməyəcəyi ilə bağlı məsələ qanunda öz əksini tapmayıb.​​​​​​​


  • 15 Noyabr 2019 12:52

Qadının hamiləlik dövründə avtomobil idarə edib-edə bilməyəcəyi ilə bağlı məsələ qanunda öz əksini tapmayıb.

Bunu e-huquq.az-a nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hamilə qadının avtomobil idarə etməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə əlaqədar qanunda boşluq var: “Boşluq da ondan ibarətdir ki, ölkəmizdə sürücü olmağın ayrıca tibbi qaydaları yoxdur. Sürücülərin tibbi müayinəsi, onlara qarşı ümumi tələblər mövcud deyil. Azərbaycanda bu kimi məsələlər üzrə əmək funksiyalarını sürücü olaraq yerinə yetirən şəxslərin tibbi müayinəsinin qaydaları var. Bu qaydalar Səhiyyə Nazirliyinin 46 saylı qərarında müəyyən edilib. Burada isə yalnız işçi sürücüdən söhbət gedir. Məsələn, hamiləlik Əmək qanunvericiliyinə uyğun olaraq necə nəzərə alınırsa, burada da eyni qayda tətbiq edilir. Bu isə düzgün yanaşma deyil”.

Ekspert qeyd edib ki, buna görə də qanunvericilik təkmilləşdirilməlidir: “Qanunda hamilə qadının avtomobil idarə edib-edə bilməyəcəyinə dair hansısa tələb olmadığına görə sözügüdən məsələ həkim məsləhətinə və rəyinə uyğun tənzimlənməlidir”.

Ə.Hüseynov hamilə qadının təhlükəsizlik kəmərini taxıb-taxa bilmyəcəyi məsələsinə gəlincə, deyib ki, təhlükəsizlik kəmərini taxmaq məcburi deyil, sərbəst seçimdir: “Yol Hərəkəti Haqqında” Qanunun 37-ci maddəsinə əsasən, qadın hamiləlik dövründə avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmaya bilər”.

O, Qeyd edilən məsələnin xaricdə necə tənzimlənməsinə də toxunub: “Dünyanın bəzi ölkələrində hamiləliyin dördüncü ayından sonra qadınlara avtomobil idarə etmək məsləhət görülmür. Bəzilərində isə ümumiyyətlə qadağandır. Həkim rəyinə əsasən, qadın hamiləliyin dördüncü ayından sonra ana olanadək avtomobilin sükanı arxasına keçə bilməz. Yol hərəkəti təhlükəsizliyinin güclü olduğu ölkələrdə isə qadının həmin dövr ərzində kəməri taxması məcburidir”.

Ekspert sonda əlavə edib ki, “Yol Hərəkəti Haqqında” qanunun 37-ci 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.

Məftun Salmanov

Oxşar xəbərlər