İştirakçılıqla törədilmiş cinayətə görə cəzanın təyin edilməsi


  • 25 Fevral 2023 20:13

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur.

Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Bu halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir.

Cinayətdə iştirakçılığın anlayışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 31-ci maddəsində verilmişdir: “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”.

“Cinayətin iştirakçıları kim ola bilər?” sualına cavab tapmaq üçün isə Cinayət Məcəlləsinin 32-ci maddəsinin 1-ci hissəsinə baxmaq kifayət edir. Bu maddənin mətni belədir: "Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar".

Bildiyimiz kimi, cinayət törətmiş şəxs Məcəllənin Xüsusi hissəsinin həmin cinayətə görə nəzərdə tutulmuş müvafiq maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunur. İştirakçılıqla törədilən cinayətlərdə isə məsuliyyətin həlli məsələsinə aydınlıq gətirmək üçün ilk olaraq, Cinayət Məcəlləsinin 33.1-ci maddəsinin məzmununa diqqət yetirmək lazımdır: "Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir".

Daha sonra Cinayət Məcəlləsinin 3-cü maddəsinin cinayət məsuliyyətinin əsaslarına dair – törədilən əməldə cinayət tərkibinin olması – göstərişi cinayətdə iştirakçılığa da aiddir. Odur ki, məsuliyyətin həllində təkcə icraçının deyil, həm də digər iştirakçıların da hər birinin əməlində cinayət tərkibi əlamətləri müəyyən edilməlidir. Buradan aydın olur ki, hər bir iştirakçı müstəqil məsuliyyət daşıyır, iştirakçıların hər birinin cəzası fərdiləşdirilir.

Cinayət Məcəlləsinin 33.2 və 33.3-cü maddələrində isə cinayətin birgə icraçılarının və digər iştirakçıların hansı qaydada cinayət məsuliyyətinə cəlb olunması məsələsinə aydınlıq gətirilir: "Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 33.3-cü maddə ilə 34.2-ci maddəni əlaqəli şəkildə şərh edərək müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz, həmçinin Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

Cinayətin iştirakçılarının məsuliyyətinin müstəqilliyi aşağıdakı müddəalarla bir daha təsdiq edilir: icraçının digər iştirakçıların şüuru ilə əhatə olunmayan ümumi razılıqdan kənara çıxan əməllərinə görə, dəstənin başqa üzvləri məsuliyyət daşımır; icraçı və digər iştirakçılar birgə kriminal fəaliyyətdə müxtəlif niyyətlə hərəkət etdikdə onların eyni cinayət üzrə müxtəlif tərkiblərlə məsuliyyəti yarana bilər; təşkilatçının, təhrikçinin və ya köməkçinin uğursuz fəaliyyəti onların cinayət məsuliyyətini aradan qaldırmır; cinayətin icraçısının cəzadan azad edilməsi (bağışlanma, xəstəliyə görə azad etmə və s.) digər iştirakçıları məsuliyyətdən azad etmir; cinayətin icraçısının cinayətdən könüllü imtina etməsi digər iştirakçılar barəsində məsuliyyəti istisna etmir.

Yuxarıda qeyd olunan icraçının digər iştirakçıların şüuru ilə əhatə olunmayan ümumi razılıqdan kənara çıxan əməli Cinayət qanununda icraçının ekstsessi adlanır.Qüvvədə olan Cinayət Məcəlləsinin 35.2-ci maddəsində deyilir ki, icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.İcraçının fəaliyyətinin digər iştirakçıların ümumi kriminal niyyətindən hansı istiqamətdə kənara çıxmasından asılı olaraq kəmiyyət və keyfiyyət əlamətlərinə görə ekstessin növləri vardır.

Kəmiyyət ekstessi – icraçının digər iştirakçılarla razılaşdırılan əməli deyil, onunla eyni növdən olan əməli törətməsi ilə yaranır. Məsələn, gizli oğurluq və soyğunçuluq eyni növdən olan cinayətlərdir. Əgər icraçı digər iştirakçılarla olan razılıq əsasında gizli oğurluq etməli olduğu halda, soyğunçuluq cinayəti törədirsə, belə halda icraçının kəmiyyət ekstessi yaranır. Qeyd edilən halda təşkilatçının, təhrikçinin və köməkçinin gizli oğurluq üstündə, icraçının isə faktiki törətdiyi soyğunçuluğa görə məsuliyyəti yaranır.

Keyfiyyətcə yol verilən ekstess – icraçı ilə digər iştirakçılar arasında olan razılıq əsasında törədilməsi qət edilən cinayətlə eyni növdən olmayan cinayətin edilməsi ilə yaranır. Keyfiyyətcə fərqlənən ekstessdə icraçı digər iştirakçların qəsdi ilə əhatə olunmayan, tamamilə başqa bir obyektə qəsd edir.

Cinayət Məcəlləsinin 33-cü maddəsində istirakçılara cəza təyin edilərkən əməlin ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasına dair göstəriş yoxdur. Ona görə yox ki, iştirakçılıqla törədilən cinayətlərdə hər bir iştirakçının əməlinin təhlükəlilik dərəcəsini nəzərə almaq lazım deyil, ona görə ki, CM-in 58-ci maddəsində cinayətin ictimai-təhlükəlilik dərəcəsinin nəzərə alınmasına dair mövcud olan göstəriş həm də iştirakçılıqla törədilən cinayətlərə aiddir. Həmçinin məcəllənin bu maddəsində cinayətin iştirakçılarının şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasına dair də göstəriş yoxdur. Nəzərə alınması məcburi sayılan belə göstəriş də yenə CM-in 58-ci maddəsində təsbit edilmişdir. Belə göstəriş də yenə CM-in 58-ci maddəsində təsbit edilmişdir.

Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı Cinayət Məcəlləsinin 64.2-ci maddəsində qeyd edilmişdir ki, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.

Jalə Əhmədzadə

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Azərbaycan Respublikasının Prezidenti yanındaDövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər