Ölmüş şəxsin vərəsələrinin daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair öhdəliyin icrası haqqında iddiaların praktiki əsasları


  • 11 Noyabr 2023 19:38

Praktikada vətədandaşların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrinə (bundan sonra - ərazi idarələri), o cümlədən inzibati məhkəmələrə müraciəti zamanı səhvə yol verdikləri məqam ölmüş şəxsin mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə ərizələrində, iddia ərizələrində tələbi (iddia tələbini) düzgün müəyyən etməməsidir. Belə ki, vətəndaşlar ölmüş şəxsin daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı fərqli məqamlara diqqət yetirmədən, o cümlədən iddianın növünü düzgün müəyyən etmədən “ölmüş şəxsin torpaq üzərində mülkiyyət hüququna dair çıxarış verilməsi” haqqında iddia ilə inzibati məhkəməyə müraciət edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası qanunvericiliyi ölmüş şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı fərqli məqamlar arasında sərhədi müəyyən etmişdir.

“Çıxarış” və “arayış” arasındakı fərqli xüsusiyyətlər.

Daşınmaz əmlakla bağlı mübahisə doğuran məqamlardan biri ölmüş şəxsin adına arayışın alınması ilə bağlı iddianın praktikada yanlış qaldırılmasıdır. Belə ki, vətəndaşlar tərəfindən yanlış iddia tələbi ilə məhkəməyə müraciət edilməsi nəticəsində iddiaçının haqlı olmasına baxmayaraq mübahisə onun xeyrinə həll olunmur. Belə ki, bəzən praktikada belə bir hal yaşanır ki, şəxs daşınmaz əmlak üzərində əldə etdiyi mülkiyyət hüququnu sağ ikən bu və ya digər səbəblərdən qeydiyyata aldıra bilmir. Öldükdən sonra isə onun vərəsələri tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin hansı formada və kimin adına alına bilməsi məsələsi çətinlik törədir. Bu məsələni aydınlaşdırmaq üçün ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azəraycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 22.2-ci maddəsinə nəzər salmaq lazımdır. Həmin maddəyə əsasən müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir [6]. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Normanın məzmunundan da göründüyü kimi “ölmüş şəxsin adına daşınmaz əmlak üzərinə mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarışın verilməsi” anlayışı mövcud deyildir. Qeyd olunan məsələ ilə bağlı praktikada ən çox rast gəlinən hal bundan ibarətdir ki, “ölmüş şəxsin adına daşınmaz əmlak üzərinə mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbi inzibati məhkəmə tərəfindən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar məhz ölmüş şəxsin adına çıxarışın verilməsinin mümkün olmaması səbəbindən dəyişdirilmiş və “çıxarış” sözü “arayış” sözü ilə əvəz edilmişdir. Müvafiq orqanın imtinasını almış vətəndaş inzibati məhkəməyə müraciət edərkən iddia tələbini düzgün şəkildə müəyyənləşdirməli, o cümlədən iddianın növünü doğru seçməlidir. İlk növbədə mərhumun vərəsəsi inzibati məhkəməyə “daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin müvafiq orqanın üzərinə qoyulması” haqqında öhdəliyin icrası haqqında iddia ilə müraciət etməlidir. Bundan sonra isə həmin daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına dair çıxarış müvafiq orqan tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət və ya digər hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında ölmüş şəxsin vərəsəsinin adına rəsmiləşdirilir. Arayış əsasında daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına dair çıxarış ölmüş şəxsin vərəsəsinin adına rəsmiləşdirilməsi üçün mütləq formada vərəsə tərəfindən vərəsəlik sənədləri təqdim edilməlidir.

Elektron arayış.

Təcrübədə bu sahədə yol verilən digər yanlış addım isə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxsin ərazi idarəsinə müraciət etdiyi, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış almadan vəfat etdiyi halda ölmüş şəxsə çıxarış verilməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi yeni redaksiyada verilənədək Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilirdi [13]. Beləliklə, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 21 iyun 2023-cü ildə edilmiş dəyişikliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında Təlimatda göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir [13]. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Elektron arayışda aşağıdakılar göstərilir:

1. Ərizəçinin soyadı, adı, atasının adı;

2. Ərizəçinin təqdim etdiyi hüquq müəyyənedici sənədlər haqqında məlumat;

3. Mərhumun soyadı, adı, atasının adı;

4. Daşınmaz əmlakın ünvanı;

5. Daşınmaz əmlakın əsas göstəriciləri;

6. Daşınmaz əmlakın adı;

7. Daşınmaz əmlak üzərində hüququn növü;

8. Arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd;

9. Dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı” [13].

Təlimat və Qanun arasındakı ziddiyyət.

Bununla da “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinə və 93.2-ci maddəsinə əsasən Təlimat və Qanun arasında uyğunlaşma aparılmışdır. Belə ki, dəyişikliyə qədər qeyd olunan Təlimatın 7-ci bəndi ilə Qanunun 22.2-ci maddəsi arasında ziddiyyət mövcud olmuş, bu ziddiyyət əksər hallarda müvafiq məsələdə ərazi idarələri və məhkəmələr tərəfindən fərqli tətbiqlərə gətirib çıxarmışdır. Lakin 21 iyun 2023-cü il tarixində qeyd olunan Təlimata edilmiş dəyişiklik ilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 93.2-ci maddəsinə əsasən bu ziddiyyət aradan qaldırılmışdır [10].

Vətəndaş mövcud məsələ ilə bağlı hansı iddia növü ilə inzibati məhkəməyə müraciət etməlidir?

Vətəndaşlar tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair inzibati məhkəmələrə müraciət edilməsi zamanı yol verilən yanlışlıqlardan biri də iddianın növünün yanlış seçilməsidir. Belə ki, iddiaçılar qeyd edilən məsələ ilə bağlı məcburetmə haqqında iddia ilə müraciət edərək tələblərinin təmin olunmasını xahiş edirlər. Ancaq məcburetmə haqqında iddianın məqsədi baxımından bu cür iddia ilə məhkəməyə müraciət edilməsi həm inzibati məhkəmələrdə inzibati mübahəsənin baxılması müddətini uzadır, həm də bəzi hallarda məhkəmələr tərəfindən yanlış iddia növü ilə baxılmış inzibati mübahisə nəticəsində qəbul edilmiş qərarın icrasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosesssual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunan qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur [16,471]. Yəni məcburetmə haqqında iddialarda iddiaçının əsas məqsədi cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Plenum Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edilmişdir [14]. Yəni vətəndaşlar tərəfindən inzibati məhkəmələrə “çıxarışın verilməsi”nin cavabdeh ərazi idarələrinin üzərinə öhdəlik qoyulmasına dair iddia tələbləri ilə müraciəti zamanı öhdəliyin icrası haqqında iddia qaldırmalıdırlar [14]. Belə ki, həmin Məcəllənin 34-cü maddəsinə əsasən isə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər [7]. Bu halda isə hakim həmin Məcəllənin tələbinə uyğun olaraq yardım etmək vəzifəsini yerinə yetirməli və yanlış iddia növünün münasib iddia ilə əvəz olunmasında iddiaçıya köməklik göstərməlidir.

Vahid sənəd prinsipi.

Bundan başqa daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar qaldırılan iddialarla bağlı praktikada mövcud olan problemlərdən biri də iddiaçı vərəsənin məhkəmə qərarı əsasında torpaq sahəsi (eləcə də bağ sahələri) üzərində mülkiyyət və ya digər əşya hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış aldıqdan sonra vərəsəlik sənədləri təqdim edərək çıxarış almaq üçün müvafiq ərazi idarəsinə müraciət etdikdən sonra vərəsəyə həmin daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı çıxarış verilsə də, torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmaqdan imtina olunur. Müvafiq ərazi idarəsi tərəfindən qeyd olunan hallara məhkəmənin qərarında hüquqi qiymət verməsinə baxmayaraq ən çox imtinaya əsas kimi isə bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığı, sxematik xəritə ilə uyğunsuzluq təşkil edərək digər bağ sahələrinin ərazisinə uyğun gəlməsi və ya qonşu bağ sahələri ilə ümumi hasar daxilində yerləşməsi göstərilir. Qeyd olunan problemin aradan qaldırılması məqsədilə bəzi vətəndaşlar icra icraatı qaydasında torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi üçün məhkəməyə müraciət edir, bəziləri “torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə yenidən məhkəməyə müraciət edir, bəziləri isə qərarı qəbul etmiş məhkəməyə ərizə təqdim etməklə qərarın izah edilməsini məhkəmədən xahiş edirlər. Lakin ərazi idarələri tərəfindən əsassız olaraq torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunmasından imtina olunması həm vətəndaşların əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur, həm növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına gətirib çıxarır və həm də daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının birbaşa mahiyyətinə ziddir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsin bir çox qərarlarında öz əksini tapmışdır. Həmin qərarları ümumiləşdirərək həmin hüquqi mövqe ilə belə nəticəyə gəlmək olar ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir [1]. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir [2]. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. İnzibati praktikada bəzi hallarda ərazi idarələri tərəfindən haqlı olaraq iddiaçı tərəfindən göstərilən ərazinin daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınması ilə əlaqədar hüquqların qeydiyyata alınmasından imtina edirlər [3]. Lakin məhkəmələr tərəfindən qeyd olunan hal nəzərə alınmadan iddia tələbləri təmin edilir və faktiki səbəblərə görə həmin məhkəmə qərarlarının icrası mümkünsüz olur. Belə halların yaranmaması üçün isə məhkəmələr yardım etmək vəzifəsindən istifadə edərək əlverişli və səmərəli vasitə kimi əvvəlcə iddiaçıların hüquqi maraqlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirməsini onlara bildirməlidirlər.

Məhkəmə qərarını icrasını mümkünsüz edən hallar və onları aradan qaldırmaq yolları.

Bəzi hallarda isə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar inzibati məhkəmələrin icraatında olan işlərdə vətəndaş tərəfindən iddia ərizəsində hüququnun hansı növünün ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinin göstərilməməsi, daşınmaz əmlakın əsas göstəricilərinin, yəni harada yerləşməsinin, ölçüsünün nə qədər olmasının qeyd olunmaması və nəticədə də məhkəmə qərarının nəticə hissəsində qeyri-müəyyənlik qeyd olunan məhkəmə qərarının ərazi idarələri tərəfindən icrasını mümkünsüz edir. Qeyd olunan problemin aradan qaldırılması məqsədilə isə ərazi idarələri tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin tələbləri qaydasında Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq ləğv edilməmiş qərarın izah edilməsi barədə həmin məhkəməyə ərizə təqdim edirlər [7]. Çünki "daşınmaz əmlak üzərində hüquqlar" anlayışı bir çox əşya hüquqlarını özündə ehtiva etdiyindən genişləndirici təfsiri mümkündür. Bu baxımdan inzibati məhkəmə tərəfindən ləğv edilməmiş məhkəmə qərarı izah edilərkən "daşınmaz əmlak üzərində hüquqlar" anlayışının nəyi ehtiva etməsi aydınlaşdırır. Bu hal isə məhkəmə qərarının icrası müddətini uzadır, vətəndaşların əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına və məhkəmələrdə iş yükünün artmasına gətirib çıxarır. Bu baxımdan vətəndaşlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən daşınmaz əmlakın ölmüş şəxsə hansı hüquq üzrə (mülkiyyət, icarə, istifadə və s.) məxsus olması barədə arayışın verilməsi, həmçinin vətəndaş tərəfindən təqdim olunan iddia ərizəsində mülkiyyət və ya digər əşya hüququnun tanınması tələb olunan daşınmaz əmlakın yeri və sahəsi dəqiq göstərilməlidir. İddia tələbinin düzgün qoyulmaması halında isə məhkəmələrin İnzibati Prosessual Məcəllənin tələbləri qaydasında yardım etmək vəzifəsindən istifadə edərək iddiaçılara iddia tələblərinin dəqiqləşdirilməsi barədə təklifin edilməsi məqsədəuyğundur. İddia ərizəsində düzgün qoyulan iddia tələbinə misal olaraq “ X ünvanında yerləşən ümumi sahəsi 0,25 hektar olan Y saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum B-ə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edəsiniz” nümunəsini göstərə bilərik.

Ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-420/2023 saylı 27.04.2023-cü il tarixli Qərarı, https://sc.supremecourt.gov.az/decision/show/2-1%255B102%255D-420%252F2023
  2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1436/2023 saylı 28.09.2023-cü il tarixli Qərarı, https://sc.supremecourt.gov.az/decision/show/2-1%255B102%255D-1436%252F2023
  3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1138/2023 saylı 11.05.2023-cü il tarixli Qərarı, https://sc.supremecourt.gov.az/decision/show/2-1%255B102%255D-1138%252F2023
  4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1956/2022 saylı 06.12.2022-ci il tarixli Qərarı, https://sc.supremecourt.gov.az/decision/show/2-1%255B102%255D-1956%252F2022
  5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-853/2023 saylı 16.05.2023-cü il tarixli Qərarı, https://sc.supremecourt.gov.az/decision/show/2-1%255B102%255D-853%252F2023
  6. Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunu, https://e-qanun.az/framework/5456
  7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46956
  8. Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897
  9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46945
  10. Azərbaycan Respublikası “Normativ Hüquqi Aktlar haqqında” Konstitusiya Qanunu, https://e-qanun.az/framework/21300
  11. Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunu, https://e-qanun.az/framework/4207
  12. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat, https://e-qanun.az/framework/19122
  13. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazrilər Kabinetinin Qərarı, https://e-qanun.az/framework/54482
  14. Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli plenum Qərarı, https://www.constcourt.gov.az/az/decision/285
  15. S. F. Əliyev. İnzibati hüquq. Dərslik. Bakı. “Elm və Təhsil” MMC, 2023, 636 səh.
  16. S. F. Əliyev. İnzibati hüquq. Dərslik. Bakı. “Ləman Poliqrafiya” Nəşriyyat,2019, 725 səh.

Sübhan Əliyev, Bakı Dövlət Universitetinin (BDU) professoru, hüquq üzrə elmlər doktoru

Lalə Məmmədli, BDU-nun “Konstitusiya hüququ” kafedrasının doktorantı

Hüseyn Allahverdiyev, BDU-nun “Konstitusiya hüququ” kafedrasının doktorantı

Oxşar xəbərlər