"Azərbaycan cəmiyyəti mübahisələrin alternativ həlli ilə bağlı böyük bir dəyişikliyin astanasındadır" - MÜSAHİBƏ


  • 16 İyul 2021 16:58

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Əminə Ağazadənin e-huquq.az-a müsahibəsi

- Əminə xanım, Azərbaycanda mediasiya prosesi məhkəmələrin iş yükünün azalmasına təsir edəcəkmi?

- Mediasiya – tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. 2020-ci ilin iyulun 1-dən ölkəmizdə mübahisələrin barışıqla yekunlaşmasına xidmət edəcək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Bu tarixdən etibarən əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılır və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilmir.

Qeyd etməliyəm ki, Azərbaycan cəmiyyəti mübahisələrin alternativ həlli ilə bağlı böyük bir dəyişikliyin astanasındadır. Bu dəyişikliyin cəmiyyət tərəfindən düzgün qarşılanması üçün çox böyük zəhmət tələb edən təşkilati və eləcə də təbliğat işi aparılmalıdır. Dövlətin çiyinlərinə götürdüyü böyük bir işin yeganə məqsədi ondan ibarətdir ki, mübahisələr maksimum tərəflərin qarşılıqlı razılığı ilə onların mənafeyinə uyğun olaraq birdəfəlik həll olunsun, məhkəmələrin iş yükü azalsın və nəticə etibarı ilə ədalət mühakiməsinin keyfiyyəti yüksəlsin.

- Necə düşünürsünüz, cəmiyyətin mediasiya institutuna inamının formalaşması üçün bu proses necə qurulmalıdır?

- Mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə sirayət etməsi, mediasiyanın cəmiyyət həyatının bir hissəsi olması üçün bu prosesin mahiyyəti ilə bağlı insanlar daha çox bilgi əldə etməlidirlər. Çünki bu proseslərin müvəffəqiyyəti insan faktorundan, bu sahədə onların məlumatlı olmasından çox asılıdır. Belə ki, mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar. Mediasiyanın mahiyyəti ilə bağlı bilgilərin insanlara çatdırılmasında daha çox yük hüquqşünasların, kütləvi informasiya vasitələrinin üzərinə düşür. Onlar mediasiyanın mübahisələrin həllində mütərəqqi bir yol olduğunu insanlara izah etməli, onları bu yola yönəltməlidirlər.

- Mediatorların maliyyələşməsi necə tənzimlənməlidir?

- Mediasiya prosesinə dair xərclər “Mediasiya haqqında” qanunla təsbit olunub. Mediasiya xərclərinə mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına verilən mükafat, mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri aiddir.

İlk növbədə qeyd olunmalıdır ki, mübahisənin mediasiyada həlli mübahisə edən tərəflərin mənafeyinə hesablanmışdır. Mübahisənin belə həlli daha ucuz başa gəlir. Artıq işlənib hazırlanmış normativ aktlara əsasən mediasiya prosesi üçün ödəniləcək dövlət rüsumu məhkəmə xərclərindən az olacaq. Müvəffəqiyyətli mediasiya prosesinin nəticələri ilə bağlı ödənişləri isə tərəflərin özləri mediatorla bağlanmış könüllü müqavilə ilə müəyyən edəcəklər. Təsadüfi deyil ki, əslində mübahisələrin mediasiyada həlli prosesi yarandığı ilk tarixdə “kasıbların məhkəməsi” kimi tanınmışdır. Çünki ona çəkilən məsrəflər məhkəmə məsrəflərindən az olması ilə fərqlənirdi. Lakin vaxt ötdükcə dünya təcrübəsi sübut etdi ki, mübahisələrin bu qaydada həlli daha mütərəqqi və səmərəlidir.

Oxşar xəbərlər