Əfqan Hacıyev: "Bu tədbirlər təhlükəsizliyin təmin olunması məqsədilə görülür"


  • 14 Sentyabr 2021 14:45

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev məhkəmə zalında təqsirləndirilən şəxslərin qolu qandallı saxlanması ilə bağlı vəkillərin etirazına münasibət bildirib.

Əfqan Hacıyev e-huquq.az-a açıqlamasında bu addımın təhlükəsizliyin təmin olunması məqsədilə atıldığını deyib.

"Bəzən məhkəmə prosesində gözlənilməz hallar yaşanır. Biz təqsirləndirilən şəxslərin kəsici-deşici alətlə özünə xəsarət yetirməsi kimi halların şahidi olmuşuq. Düzdür, belə hadisələrin qarşını almaq, dərhal müdaxilə etmək məqsədilə onların yanında konvoy da olur. Lakin təəssüf ki, bəzən bu, çətin olur. Ona görə də bəzi hallarda təqsirləndirilən şəxslərin qoluna qandal taxılması zərurəti yaranır. Düşünürəm ki, vəkillər bu məsələni bir qədər şişirdirlər".

Ə. Hacıyevin sözlərinə görə, məhkəmə zalında qolu qandallı iştirak heç də bütün təqsirləndirilənlərə şamil olunmur.

"Şəxsin nədə təqsirləndirilməsi, onun psixoliji vəziyyəti və sair nəzərə alınır. Tutaq ki, o qəsdən adam öldürmədə və ya xuliqanlıqda təqsirləndirilir, yaxud narkomandır. Təsəvvür edin ki, təqsirləndirilən şəxs narkomandır və şüursuz vəziyyətdə hər hansı təhlükə yaratmağa cəhd edir. Onun qarşısını necə almaq olar?! Yaxud başqa bir misal çəkim: Bir müddət öncə bir məhkəmə iclasını aparırdım və orada təqsirləndirilən şəxslərin sayı da çox idi. Onlar birdən-birə süşə qəfəsi vurub sındırmağa başladılar. Yəni, belə çətin vəziyyətlər ola bilər. Hətta bəzən konvoylar təhlükə yarandığı halda bibər qazından istifadə etmək məcburiyyətində də qalırlar. Bu tədbirlər təhlükəsizliyin təmin olunması məqsədilə görülür. Bəziləri təqsirləndirilən şəxslərin məhkəmə zalında qolu qandallı saxlanılmasının Avropa Məhkəməsinin mövqeyinə zidd olduğunu qeyd edirlər. Bəs Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Ramil Səfərov məhkəməyə qolu zəncirlənmiş formada çıxarılarkən niyə buna etiraz edilmirdi? Onun qoluna uzun bir zəncir vurulmuşdur. Avropa buna niyə göz yumurdu? Çünki o qəsdən adam öldürməkdə ittiham olunurdu. Ona görə də məhkəmə zalında qolu zəncirlənmiş formada saxlanılmışdı. Avropa Məhkəməsinin bir qərarında da deyilir ki, əgər təhlükənin qarşısını almağa yönəlibsə, məhkəmə zalında təqsirləndirilən şəxslər qolu qandallı saxlanıla bilər. Biz də bu kimi halları nəzərə alırıq", - deyə hakim qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər