"Kassasiya həddi ilə bağlı dəyişiklik vəkillərin məsuliyyətini daha da artırır"


  • 13 Oktyabr 2021 15:35

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Mülki Prosessual Məcəlləsinə edilmiş daha bir dəyişikliyə aydınlıq gətirib.

E-huquq.az-ın məlumatına görə, o, Mülki Prosessual Məcəlləsinin (MPM) hazırda qüvvədə olan 416.1-ci maddəsi ilə bağlı bəzi məqamlarla bağlı vəkill və hüquqşünaslara müraciət edib.

Həmin müraciəti təqdim edirik.

"Əvvəlki redaksiya ilə müqayisədə MPM-in hazırda qüvvədə olan 416.1-ci maddəsinə əsasən kassasiyanın hədləri daha da məhdudlaşdırılmışdır. Belə ki, artıq kassasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında maddi və prosessual hüquqi normalarının düzgün tətbiq edilib-edilməməsini 3 müstəvidə yoxlaya biləcəkdir:

1) Verilmiş şikayət həddində;

2) Kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə;

3) MPM-in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq.

Hörmətli hüquqşünaslar!

Xüsusən sizin diqqətinizi 2-ci bəndə cəlb etmək istəyirəm. Əvvəllər kassasiya instansiyası məhkəməsinin yoxlaması şikayət həddi ilə bağlı olduğu halda, şikayətin həmin həddə verilmiş dəlilləri ilə bağlı deyildi və məhkəmə tərkibi dəlillərdən kənara çıxmaqla mübahisələndirilən hissənin tam şəkildə yoxlamaq səlahiyyətinə malik idi. 01 oktyabr 2021-ci il tarixindən isə kassasiya instansiyası məhkəməsi yoxlamanı şikayət həddi ilə yanaşı, yalnız verilmiş kassasiya şikayətindəki dəlillər üzrə apara biləcəkdir. Yəni, məhkəmə tərkibi hətta məhkəmə aktında digər (MPM-in 418.4-cü maddədəsində qeyd edilənlər istisna olunmaqla) pozuntuları görsə belə, məhkəmə aktını yalnız kassasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaqla istinad edilən dəlillərin əsaslılığına qiymət verəcəkdir. Kassasiya instansiyası məhkəməsinin şikayət həddindən və dəlillərindən kənar qaydada yoxlamaq səlahiyyəti isə yalnız MPM-in 418.2-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntularının olmasının yoxlanması üzrə nəzərdə tutulmuşdur.

Göründüyü kimi, Mülki Prosessual Məcəlləyə edilən bu dəyişiklik vəkillərin bu məsələdə məsuliyyətini daha da artıraraq, kassasiya şikayətlərinin tərtibi zamanı onlar tərəfindən şikayətin dəlillərinə münasibətdə daha diqqətli yanaşmanı tələb edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən çıxarış:

Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları

418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:

418.4.1. işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa;

418.4.2. qətnamə və ya qərardad hər hansı hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə göstərilməyən hakimlər tərəfindən imzalanmışsa;

418.4.3. qətnamə və ya qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılmışsa;

418.4.4. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa;

418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;

418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;

418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa;

418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa;

418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa;

418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa".

Oxşar xəbərlər