Vəkil: "Kiyev Apellyasiya Məhkəməsi Misir Qasımlının həbsini qanunsuz hesab etdi"


  • 27 Sentyabr 2022 17:35

Bu gün Kiyev Şəhər Apellyasiya Məhkəməsində Ukraynada həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlı və Sübhan Quliyevin məhkəməsi keçirilib.

Bu barədə e-huquq.az-a Misir Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.

O bildirib ki, Misir Qasımlı və Sübhan Quliyevin qanunsuz həbsdə saxlanılmaları ilə bağlı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Vəkilin sözlərinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini qismən təmin edib: "Məhkəmə qərara aldı ki, Misir Qasımlı və Sübhan Quliyev qanunsuz olaraq həbsdə saxlanılırlar. Birinci instansiya məhkəməsinin 18 may tarixli qərarı qanunsuz hesab edildi. Lakin onlar həbsdən azad edilmədilər. Bu o deməkdir ki, 18 may tarixli qərar qanunsuzdursa, ona əsaslanan bu günə qədər qüvvədə olan sonrakı qərarlar da hamısı qanunsuzdur. Eyni zamanda bu işdə erməni lobbisinin əlinin olduğu da açıq-aşkar sübut edildi və iş materiallarına əlavə olundu".

A. Rəfiyeva məhkəmənin bu qərarını təqdirəlayiq hal kimi qiymətləndirib: "Əsas odur ki, həbsin qanunsuzluğu etiraf edildi. Ümid edirəm ki, bundan sonra məhkəmələr bu qərara istinad edəcəklər".

Oxşar xəbərlər