- 13 İyun 20:51
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədov Konstitusiya məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, hakim müraciətində İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin şərh edilməsini istəyib.
Həmin müraciəti təqdim edirik:
"XXX oğlu şikayət ərizəsi ilə Gəncə şəhər prokurorluğuna müraciət edərək 27 oktyabr 2021-ci il tarixdən 2022-ci ilin mart ayının əvvəllərinədək olan müddətdə XXX oğlu ilə aralarında olan şifahi razılaşma əsasında Gəncə şəhərinin ərazisində inşa edilən sosial binalara qaz xətlərinin çəkilişində çilingər işlədiyini, lakin müəssisənin rəhbəri XXX əmək haqqının bir hissəsini vermədiyini bildirmiş və XXX barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Ərizəçinin şikayəti üzrə Gəncə şəhər prokurorluğunda aparılan araşdırmanın nəticəsində 16 aprel 2022-ci il tarixli qərarla XXX barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarla XXX rəhbəri olduğu "Yunisoğlu" MMC-nin fəaliyyətində IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması prokurorun diqqətinə çatdırılmışdır. 25 aprel 2022-ci il tarixdə Gəncə şəhər prokuroru tərəfindən "Yunisoğlu" MMC-nin fəaliyyətində IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyinə görə həmin hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar qəbul edilmiş və baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə "Yunisoğlu" MMC Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Dərhal qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək. müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini nəzərdə tutur, bu əməli inzibati xəta hesab edir və inzibati tənbeh müəyyən edir.
Məhkəmənin gəldiyi nəticəyə görə "Yunisoğlu" MMC-nin rəhbəri XXX həqiqətən XXX Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerina yetirilməsinə cəlb etmişdir. XXX 27 oktyabr 2021-ci ildən 2022-ci ilin mart ayına qədər XXX oğlu ilə aralarında olan razılaşmaya əsasən Gəncə şəhərində inşa edilən sosial binalara qaz xətlərinin çəkilişində çilingər işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından "Yunisoğlu" MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilmiş, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi apellyasiya instansiyası məhkəməsindən xahiş edilmişdir.
İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, XXX 27 oktyabr 2021-ci il tarixdə XXX oğlu ilə şifahi qaydada razılaşaraq sonuncunun təklifi ilə Gəncə şəhərində tikilməkdə olan sosial binalara qaz xətlərinin çəkilişində çilingər kimi 2022-ci ilin mart ayının əvvəllərinədək işləmişdir. Sonuncu tarixdə XXX onunla razılığa əsasən ödəməli olduğu əmək haqqının bir hissəsini vermədiyinə XXX prokurorluğa şikayət etmiş, şikayətində XXXX XXXX haqqında tədbir görülməsini xahiş etmişdir. Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, XXX "Yunisoğlu" MMC-nin təsisçisi və rəhbəridir, həmin müəssisə Mənzil Inşaatı üzrə Dövlət Agentliyinin sifarişi əsasında Gəncə şəhərində inşa edilməkdə olan sosial profilli binalara qaz xətlərinin çəkilişini öz öhdəsinə götürmüşdür. Müəssisənin götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar XXX bir sıra işçiləri müqavilə əsasında əmək fəaliyyətinə cəlb etsə də XXX ilə əmək müqaviləsi bağlamadan, yalnız şifahi razılıq əsasında onu 27 oktyabr 2021-ci ildən 2022-ci ilin mart ayının əvvəllərinədək olan müddətdə əmək fəaliyyətinə cəlb etmişdir.
Bundan başqa, işdən görünür ki, XXX ümumiyyətlə "Yunisoğlu" MMC barədə məlumatı olmamış, o həmin müəssisənin götürdüyü öhdəliklər üçün çalışdığını bilməmişdir. O yalnız XXX adlı şəxsin təklifi ilə sonuncu ilə şifahi razılaşaraq onun tapşırdığı işləri yerinə yetirmişdir. Məhz bu səbəbdəndir ki, XXX müəssisə barəsində deyil, fiziki şəxs olan XXX haqqında prokurorluğa şikayət etmişdir. Prokurorluq və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi hesab etmişlər ki, XXX əmək müqaviləsi olmadan müəyyən işlərin yerinə yetirilməsindən ibarət inzibati xəta həm hüquqi şəxs olan "Yunisoğlu" MMC tərəfindən, həm də hüquqi şəxsin rəhbəri XXX tərəfindən törədilmişdir. DOMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin 31.05.2022-ci il tarixli qərarından görünür ki, XXX vəzifəli şəxs olaraq Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 məbləğində inzibati cərimə edilmişdir. Bu nəticəyə gəlməyə əsas verən hallar vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi, habelə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsinin əsaslarını ehtiva edən 18-ci maddəsi ilə bağlı olmuşdur. Bele ki, IXM-nin 18.3-cü maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.
İşə apellyasiya qaydasında baxılarkən hazırki mübahisəyə tətbiq edilməli olan Azərbaycan Respublikası IXM-nin 17 və 18-ci maddələrində nəzərdə tutulan vəzifəli şəxslərlə hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları arasında qeyri-müəyyənliyin olması, habelə IXM-nin 18.3-cü maddəsinin bir əmələ görə həm hüquqi şəxsin, həm də vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə yol verməsi və bunun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması ilə bağlı fikir ayrılıqları olduğuna görə apellyasiya məhkəməsi inzibati xətalar qanunvericiliyinin yuxarıda sadalanan normalarının şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna müraciət etmək zərurəti hiss etmişdir.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
"Konstitusiya məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etməyə yönələn tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsi hüquq normalarının şərh edilməsi zərurəti ilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1 hissəsində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Həmçinin, Konstitusiyanın 149-cu maddəsinin I hissəsində qeyd edilmişdir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində isə göstərilmişdir ki, normativ hüquqi aktlar daxilan uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" Qərarında qeyd etmişdir ki, qanunverici orqan tərəfindən normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip ve normalarından, habelə "Normativ hüquqi aktlar haqqında" Azerbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir.
Plenum hemin Qərarında daha sonra qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin hissəsi). Belə ki, bu cür bərabərlik normalarının bütün hüquq tətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar.
Eyni zamanda hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan. konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiesinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi yaranar. İş üzrə yaranmış hüquq münasibətlərinə tətbiq edilməli olan Azərbaycan Respublikası IXM-nin 17-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ve Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial ve nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.2-ci maddəsinə görə hüquqi şexs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. IXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. IXM-nin 18.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmesi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə maneə olmur.
IXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 18.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127-4.5-ci maddesinde nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. IXM-nin 18.7-ci maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.
IXM-nin 18.8-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilmesi qadağandır.
IXM-nin 17 ve 18-ci maddələrindən göründüyü kimi vəzifəli şəxslər həm özlərinin törətdikləri inzibati xətalara görə, həm də hüquqi şəxsin səlahiyyətli təmsilçiləri olaraq törətdikləri inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Birinci halda vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməklə və ya lazımınca yerinə yetirməməklə inzibati xəta törətdiyi halda, ikinci halda inzibati xətanı hüquqi şəxsin rəhbəri adından qərar qəbul etmək səlahiyyətinə malik olan şəxs və ya fəaliyyətinə nəzarət edən vəzifəli şəxs qismində və bilavasitə hüquqi şəxsin xeyrinə və onun mənafeyinin qorunması məqsədilə törədir. Qeyd olunmalıdır ki, qanunverici vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətaların hansı halda hüquqi şəxs, hansı halda isə vəzifəli şəxs tərəfindən törədilmiş xəta hesab edilməsi ilə bağlı məsələyə qismən aydınlıq gətirmişdir.
Belə ki, IXM-nin 18.2-ci maddəsində nəzərdə tutulan mənaya görə vəzifəli şəxs inzibati xətanı hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədilə törədirsə, bu halda xəta hüquqi şəxs tərəfindən törədilmiş sayılır. Lakin IXM-nin 17-ci maddəsinin mahiyyətinə nəzər salınsa görünər ki, vəzifəli şəxsin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı hərəkətsizliyi həm onun öz xeyrinə, həm də hüquqi şəxsin xeyrinə izah oluna bilən vəziyyətlərdə inzibati xətanın konkret olaraq hüquqi və ya vəzifəli şəxs tərəfindən törədilməsi məsələsi qeyri-müəyyən qalır. Bu isə onunla bağlıdır ki, qanunvericilik səviyyəsində IXM-nin 17 ve 18-ci maddələri arasındakı fərq müəyyən olunmamışdır.
Məsələn, hazırkı iş üzrə XXX oğlu işçi XXX oğlunu öz adından müəyyən işlərin yerine yettirilməsinə cəlb etmiş, bu zaman rəhbəri olduğu hüquqi şəxs olan "Yunisoğlu" MMC və işin bu müəssisəyə aid olması barədə heç bir məlumat verməmişdir. Göründüyü kimi, belə vəziyyətdə müəyyən etmək olmur ki, IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxs, yaxud vəzifəli şəxs tərəfindən törədilmişdir. Belə ki, bir halda vəzifəli şəxs öz vəzifələrini yerinə yetirmədən və ya lazımınca yerinə yetirmədən işçi ilə əmək müqaviləsi bağlamır, digər tərəfdən isə işçini hüquqi şəxsə aid işlərin yerinə yetirilməsinə cəlb edir. Düzdür, belə vəziyyətdə iddia oluna bilər ki, IXM-nin 18.3-cü maddəsinə əsasən həm hüquqi şəxsin, həm də vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmalıdır. Lakin bu mövqe ilə razılaşmaq mümkün deyil, çünki hər iki halda inzibati xətanın konkret olaraq hüquqi və ya vəzifəli şəxs tərəfindən törədilməsi dəqiq bilinmir.
Odur ki, hesab etmək olar ki, hər iki maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətaların obyektiv cəhətini təşkil edən hərəkətlər arasında qeyri-müəyyənlik vardır və bu qeyri-müəyyənlik məhkəmə təcrübəsində müxtəlif qərarların qəbul edilməsinə səbəb olur, Bundan başqa, IXM-nin qeyd olunan normalarının şərh edilməsini vacib edən daha bir hal eyni əmələ görə iki şəxsin, o cümlədən, həm hüquqi şəxsin, həm də həmin hüquqi şəxsin səlahiyyətli olan vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır.
Belə ki, IXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etməsə də qeyd olunmalıdır ki, bəzi hallarda bu müddəanın təsir dairəsindən kənara çıxan hallara da rast gəlinir. Buna misal olaraq hazırki işin hallarına bir daha istinad etmək mümkündür.
Belə ki, işdən göründüyü kimi hüquqi şəxs olan Yunisoğlu MMC ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu hüquqi şəxsin səlahiyyətli təmsilçisi olan XXXX XXXX işçi XXXX XXXX hüquqi şəxsə aid olan müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu əməlinə görə XXXX XXXX ham vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmiş, həm də onun rəhbəri olduğu hüquqi şəxs məsuliyyətə cəlb edilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin qənaətinə görə IXM-nin 18.3-cü maddəsi, yəni həm hüquqi şəxsin, həm də vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunmasının mümkünlüyü barədə müddəa onu nəzərdə tutur ki, hər iki şəxs ayrı-ayrılıqda, daha dəqiq desək həm hüquqi şəxs, həm də vəzifəli şəxs inzibati xətanın törədilməsində bu və ya digər dərəcədə iştirak olsunlar. Lakin təqsirkarın həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında hər iki şəxsin inzibati məsuliyyətə cəlb edilməli olması barədə müddəa öz əhəmiyyətini itirir. Belə hallarda inzibati xətanı bir hərəkətlə törədən şəxsdən başqa digər şəxsin də həmin əmələ görə məsuliyyətə cəlb olunması hüquqi cəhətdən izah oluna bilmir. Həmçinin nəzərə alınsa ki, IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs naqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterine, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır, bele olan halda həm də hesab etmək olar ki, yuxarıda təsvir edilən hallarda həm hüquqi şəxsin, həm vəzifəli şəxsin eyni hərəkətə görə iki dəfə ayrı-ayrı inzibati tənbehlərə məruz qalması ədalətsiz inzibati-hüquqi tədbir olardı. Bu ise eyni zamanda həm də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə müəyyən edilmiş normativ hüquqi aktların hüquqa va haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə əsaslanmalı olması barədə tələbləri ilə ziddiyyət təşkil etmiş olardı.
Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, bir şəxs tərəfindən törədildiyi halda iki ayrı-ayrı şəxslərin inzibati məsuliyyətə cəlb edilməli olmasına dair IXM-nin 18.3-cü maddəsi də Konstitusiyasının 149-cu maddəsinin tələbləri baxımından şərh olunmalıdır".