Azərbaycan dövlətinin memarı, tarixi şəxsiyyət


  • 9 Dekabr 2022 11:15

"Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir".

Ümummilli lider Heydər Əliyev

Dünyada görkəmli şəxsiyyətləri ilə tanınan Azərbaycan xalqı XX əsrdə dövlətçilik sahəsində də bəşəriyyətə dahi bir siyasi-fəlsəfi ideoloq bəxş etdi. Bu görkəmli şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri - dünyaşöhrətli siyasətçi Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev hələ orta məktəbdə oxuyarkən memar olmaq arzusunda idi. Həyat elə gətirdi ki, o inşaat memarı deyil, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Məhz onun siyasi və fəlsəfi ideyaları və dövlətçilik təcrübəsi əsasında müstəqil, demokratik, hüquqi və dünyəvi Azərbaycan Respublikası quruldu.

1969-cu il 14 iyulda Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə Azərbaycan tarixində yeni dövr başlandı. Həmin gün özünəqayıdışın, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli mövcudluğumuzu qoruyub saxlamışdır. Heydər Əliyev bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı olmuşdur. Dürüstlük, humanizm, insanpərvərlik kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının cizgiləridir. Dövlətçilikdə ədaləti yüksək qiymətləndirən ulu öndər qeyd edirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Məhz bu keyfiyyətlər dahi rəhbəri ədalət və humanizmin təminatçısı kimi xarakterizə edir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 35 illik dövrün mahiyyətində xalqımızın arzuları, niyyət və məramları gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatə edir. Ulu öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı və inamına söykənərək nail olmuşdur.
Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizin qorunmasında göstərdiyi qətiyyət və prinsipiallıq onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi. Xüsusən, 1992-1993-cü illərdə xalqı, dövləti sarsıntı və təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız fitri idarəçilik, dəmir iradə, geniş siyasi dünyagörüşü kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət müstəqilliyini xilas etmək, qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə də müdrik xalqımız canı-qanı hesabına əldə etdiyi müstəqillik nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə ümidlərini Heydər Əliyevə yönəltdi. Ulu öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkənin qarşısında duran taleyüklü vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik-hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüququn aliliyi təmin edilməlidir. "Dövlət - dövlətçiliyi qorumalıdır" ideyasını dönə-dönə vurğulayan ümummilli lider çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. O, ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü il 4 avqustda imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" xüsusi Fərmanla qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Milli dövlətçiliyin inkişafında korrupsiyanın zərərləri nəzərə alınaraq bu Fərmana əsasən həmin sosial bəla ilə ciddi mübarizəyə başlanıldı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununu - Konstitusiyasını qəbul etmək lazım idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası dövlət müstəqilliyimizin məqsəd və vəzifələrinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik şəraitində Azərbaycan Respublikasının iqtisadi, siyasi və ideoloji sisteminin əsaslı surətdə dəyişməsi hüquq sisteminin də dəyişdirilməsini zəruri edirdi. Buna görə, dövlətin qarşısında ilk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq və tezliklə qəbul etmək vəzifəsi dururdu.

Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may qərarı ilə Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq edildi. 1995-ci il 5 iyunda komissiyanın ilk iclası keçirildi. Komissiyanın həmin iclasına sədrlik edən ulu öndər Heydər Əliyev çıxışında Konstitusiyanın layihəsində əks edilməli olan müddəalara xüsusi diqqət yönəltdi. O, Konstitusiyada "hakimiyyət bölgüsü" prinsipinin qabarıq əks olunmasını tövsiyə edirdi. Ulu öndər çıxışında qeyd etmişdi ki, "hakimiyyətin bölünməsi qanunvericilik, ali icra və məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin edilməlidir". Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və 1995-ci il 27 noyabrdan qüvvəyə mindi. Konstitusiya 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsinin müddəalarını və prinsiplərini özündə əks etdirir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin bu tarixi nailiyyətinə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 noyabr tarixli iclasında qiymət verərək demişdir: "Yeni Konstitusiya Azərbaycanda demokratik-hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal olunması və uzun müddət davam etməsi ulu öndərin ürəkağrısı idi. Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ömrünün son gününə kimi çalışıb vuruşsa da, obyektiv səbəblərdən bu, mümkün olmadı. Lakin dahi lider torpaqlarımızın işğaldan azad olunacağına əmin idi. Bu barədə ümummilli liderimiz demişdir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik!". Bu kəlam ulu öndərin təkcə arzusu deyil, həm də Azərbaycan xalqına vəsiyyəti idi. Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsinin təminatçısı ümummilli lider Heydər Əliyev kursuna səs verən Azərbaycan xalqı 2003-cü il 15 oktyabrda İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyev barədə demişdir: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".

Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə, dünya dövlətçilik sahələrində yeni-yeni uğurlara imza atır. Böyük iftixar hissi ilə qeyd etmək olar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını və vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan dövlətçiliyi tarixinə Prezident cənab İlham Əliyevin adı qızıl hərflərlə yazılmağa layiqdir. Təkcə bunu demək kifayətdir ki, 28 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız məhz onun komandanlığı ilə inanılmaz bir müddətdə - cəmi 44 gün ərzində işğaldan azad olunmuş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. 28 il məğlubiyyət acısından əziyyət çəkən Azərbaycan xalqı qalib və məğrur bir xalqa çevrilmişdir. Bu tarixi hadisəni iftixarla qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev Şuşa azad edildikdən sonra qürurla demişdir: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

Ulu öndər Heydər Əliyev ölməz şəxsiyyətdir. O, cismən aramızda olmasa da, öz ideyaları, tövsiyə və vəsiyyətləri ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir. Məhz onun ideoloji, nəzəri və siyasi irsi sayəsində Azərbaycanda dövlət quruculuğu müvəffəqiyyətlə inkişaf edir.

Kamran ƏSƏDOV,

Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsınin hakimi

Oxşar xəbərlər