Kəmalə Abiyeva: "Mülki Prossesual Məcəlləyə edilən dəyişikliklər kommersiya icraatında səmərəliliyi artırıb"


  • 3 İyun 2023 15:52

"Mülki Prossesual Məcəllədə edilən köklü dəyişikliklər kommersiya icraatında səmərəliliyin artırılmasına töhfə verib".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər kommersiya mübahisələri ilə bağlı işlərə daha sürətli şəkildə baxılmasını təmin edib.

"Edilən dəyişikliklərə əsasən, artıq tərəf verdiyi ərizəni əsaslandırmalı, tələbi ilə bağlı ilkin sübutlarını təqdim etməlidir. Məhkəmədə əminlik olmalıdır ki, bu iddianın təmin tədbiri görülməsinə zərurət var. Eyni zamanda təcili tədbirin görülməsinin zəruriliyi də əsaslandırılmalıdır. Əsas məqsəd əsassız ərizələrin verilməsinin qarşısını almaqdır.

Digər məsələ hər ərizənin ayrıca icraatda verilməsinin mümkünlüyüdür. Əvvəllər ərizələr birlikdə verilirdi. Həmin ərizə üzrə qəbul edilmiş qərardan tərəf prossesual hüququndan istifadə edərək yuxarı instansiya məhkəməsinə şikayət verirdi. Təbii ki, işin mahiyyəti üzrə araşdırılması bir qıraqda qalırdı. Həmin iş ərizə üzrə yekunlaşdıqdan sonra mahiyyəti üzrə baxışa qayıdırdıq. Bu baxımdan müddət mənasında da ərizənin ayrıca icraatda verilməsinin mümkünlüyünü təsbit edilməklə faktiki olaraq süründürməçiliyin, işə baxılmasının uzadılmasının qarşısı alındı.

Kommersiya icraatlarına təsir edəcək növbəti dəyişiklilərdən biri işə baxılmasının təxirə salınması ilə bağlıdır. Əvvəllər təxirə salınma ilə bağlı konkret məhdudiyyət məsələləri dəqiq tənzimlənməmişdi. Hazırda işin baxılmasının təxirə salınması mütləq şəkildə əsaslandırılmış qərara əsasən həyata keçirilməlidir. Qanun bu hissədə məhdudiyyət qoyur və 3 dəfədən artıq işə baxılmasının təxirə salınmasına yol vermir. Bu da növbəti mütərəqqi dəyişiklikdir ki, bu gün işə daha sürətli baxılmasını təmin edir.

Mühüm dəyişikliklərdən biri də apellyasiya, kassasiya şikayətlərinin forması ilə bağlıdır. Əvvəlki təcrübəyə əsasən, tərəflər narazı qaldıqları məhkəmə aktından istənilən formada şikayəti özünün yanaşmasına uyğun olaraq hazırlayıb təqdim edirdi. Faktiki olaraq məhkəmənin özünə də aydın olmurdu ki, hansı məsələdən tərəf narazıdır. Məhkəmə nəyi pozub, nəyi araşdırmayıb kimi məsələlər tamamilə açıq qalırdı. Təbii ki, növbəti icraatda da yuxarı instansiya məhkəmələrində effektiv şəkildə icraatın aparılması mümkün olmurdu. Yeni dəyişikliyə uyğun olaraq apellyasiya və kassasiya şikayətlərinin vahid forması tərtib olunub ki, bu, bir növ məhkəmədə iştirak edən tərəflərə hüquqi xidmət edən peşəkar hüquqşünasları da məsuliyyətləndirir. Konkret olaraq tələb var. Bu tələblərə uyğun olaraq da şikayət hazırlanıb təqdim olunmalıdır. Bu gün həmin dəyişiklik öz effektiv nəticəsini göstərir", - deyə K.Abiyeva bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər