Marketlər şəbəkəsinin sahibini öldürmək istəyən şəxsə 8 il cəza verildi


  • 12 İyul 2024 15:02

Bakıda “Ballı” marketlər şəbəkəsinin sahibini öldürməyə hazırlıqda təqsirləndirilən Tahir Hüseynova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən T.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror məhkəmədən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin fevralında baş verib. Belə ki, Tahir Hüseynov “Ballı” marketlər şəbəkəsinin sahibi Elman Əsədova silahlı hücum edib.

Tahir Hüseynov onun Suraxanı rayonunda yerləşən evinin həyətinə hasardan daxil olub və kiçik tikilidə gizlənib. Ev sahibinin qohumları bilyard oynamaq üçün silahlının gizləndiyi tikiliyə daxil olarkən orada gizlənmiş şəxsi görüblər. Tahir Hüseynov havaya atəş açaraq qaçmağa çalışıb. Amma ev sahibinin yaxınları silahlı şəxsi tutaraq polisə təhvil veriblər.

Qeyd edək ki, T.Hüseynova qarşı Cinayət Məcəlləsinin 28.1, 120.2.11 (qəsdən adam öldürməyə hazırlıq, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və banditizmlə əlaqədar), 228.1-ci (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1-ci ( qanunsuz olaraq silah hazırlama) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər