Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxs: "İçkili idim"


  • 8 Avqust 18:34

Bakıda keçmiş həyat yoldaşına odlu silahdan atəş açaraq öldürməyə cəhddə təqsirləndirilən Rəşad Əsədzadənin cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs Rəşad Əsədzadə ifadə verərək bildirib ki, həyat yoldaşı ilə son zamanlar münasibətləri pozulub: "Cəmiləni özüm sevib almışdım, 5 il bir yerdə mehriban yaşadıq. Hadisəni törətməmişdən qısa müddət qabaq onun mənə xəyanət etməsini bildim. Bir həftədə Bərdədən 2 dəfə Bakıya gəlib-getmişəm, onu izləmişəm. Sonra otelə dəvət etdim, hadisəni orada törətdim. Mən içkili idim, bilirdim cinayət törədəcəyəm, silah da üstümdə idi. Bir dəfə atəş açdım. Açıq deyim ki, mənim üstümdə bıçaq da var idi, əlavə patron da var idi. Mənim fikrim onu öldürmək olub. Atəş açandan təxminən 3 dəqiqə sonra otel işçiləri içəri girdi. Törətdiyim əməldən peşman deyiləm".

Daha sonra zərərçəkmiş qismində tanınan Cəmilə Məmmədova ifadə verərək qeyd edib ki, Rəşad Əsədzadə ilə rəsmi nikahları olmayıb: "10 il idi ki, ayrılmışdıq, cəmi 2 il bir yerdə olmuşuq. 6-7 ay qabaq isə aliment vermədi, mübahisəmiz başladı. Əsas da anamın qoyunları ilə bağlı idi. Rəşad anamla birgə qoyun biznesinə qoşulmuşdu. Anam evi satıb qoyun almışdı, Rəşad isə qoyunlara baxırdı. Sonra gördüm ki, Rəşad yolunu azıb, insan alveri ilə məşğul olur, əlimdə səs yazıları var idi. Bizim aramızda ancaq qoyun-quzu mübahisələri var idi. Mənim avtomobil cəriməsini ödəmək üçün pula ehtiyacım olduğundan Rəşada yığdım. Rəşad da dedi ki, gəl oteldən götür. Mən də getdim otelə, gördüm tək otaqda oturub. Mənə içki təklif etdi, içmədim, bir tikə çörək yedim. Mənə dərman təklif elədi, dedi içəndə adamın kefini düzəldir. Əsəbləşdim, çünki mənə o 170 manat pul verməli idi. Axır mənə dedi üzünü çöndər, mən üzümü çöndərəndə bu silahı mənə qarşı tuşladı. O, əvvəllər də mənə deyib ki, sənin qulağını kəsəcəm. Səbəb isə uşağın 4-5 yaşı olanda onun şəkilini sosial şəbəkələrdə paylaşmağım olub. Hadisəyə gəlincə, 2 dəqiqə əlbəyaxa olduq. Bir güllə atdı, bu anda səsə otelin işçiləri gəldi. Gördüm ki, barmaqların işləmir, qan axırdı. Apardılar xəstəxanaya, 7 gün orda qaldım".

Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qadın xəstəxanaya yerləşdirilib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəşad Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. 120.2.2-ci maddəsilə ittiham irəli sürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər