Milli Məclisin sahibkarlıq komitəsinin növbəti iclası keçirildi


  • 18:46

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat müzakirəyə təqdim edilib.

Komitənin sədri Azər Əmiraslanov bildirib ki, Hesablama Palatasının hesabatı qanunun tələblərinə uyğun şəkildə hazırlanıb və qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunub. Bildirilib ki, Hesablama Palatasının hesabatı ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi öz rəyini Milli Məclisin plenar iclasına təqdim etməlidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı slaydlar vasitəsi ilə təqdim edib.

Palata sədri hesabat ilinin Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ının son ili olmasını nəzərə alaraq, əvvəlcə 5 illik dövr üçün icra vəziyyəti barədə məlumat verib.

Vüqar Gülməmmədov Hesablama Palatasının işinə ictimai etimadın gücləndirilməsinin müxtəlif aspektləri barədə danışaraq, qeyd edib ki, bu sırada ənənəvi uyğunluq auditi kimi klassik audit növündən fərqli olaraq daha innovativ hesab edilən səmərəlilik (performans) auditinin əhatə dairəsinin genişləndirilməsi, Palatanın fəaliyyətində şəffaflığın artırılması, beynəlxalq AAO cəmiyyətində peşəkar tərəfdaş imicinin gücləndirilməsi, rəqəmsal transformasiyaya keçid kimi məsələlər ön planda olub. O, 2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditinin keçirildiyini, bu auditlərin əhatə dairəsinin 4,1 milyard manatdan çox olduğunu söyləyib.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti fəaliyyəti barədə məlumat verərək, 2025-ci ildə auditlərin əhatəsinin nisbətən artırılmasına, auditlərin sayı üzrə stabilliyin saxlanılmasına və keyfiyyətinin yüksəldilməsinə nail olunduğunu vurğulayıb. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Onlardan 47-si hesabat ilində başa çatdırılıb, 1 auditin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. 3 audit “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində keçirilib.

Palata sədri nəzərə çatdırıb ki, 2025-ci ildə keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Bildirilib ki, investisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditi həyata keçirilib. Yol verilmiş pozuntular, qanunvericiliyin və hesabatlılığın tələblərinin pozulması son nəticədə investisiya layihələrinin dəyərinin düzgün hesablanmamasına, aktivlərin doğru tanınmamasınavə artıq vəsaitlərin istifadəsinə səbəb olub.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin təsiri ilə yaradılmış əlavə dəyər barədə danışıb. O, diqqətə çatdırıb ki, keçirilmiş audit və analitik fəaliyyət nəticəsində 47 kollegiya qərarı qəbul edilib, bu qərarlarla 303 tədbir müəyyən edilib.

Palata sədri 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə də məlumat verib.

Sonra hesabat ətrafında geniş müzakirə aparılıb.

Palatanın sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Oxşar xəbərlər