BMT-dən iqlim böhranı ilə bağlı ÇAĞIRIŞ


  • 11:40

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünyanın qlobal istiləşməni 1,5 dərəcə Selsi həddi daxilində saxlamaq imkanını itirmək üzrə olduğunu bildirib. O, emissiyalar arasındakı fərqin aradan qaldırılması üçün ölkələri təcili tədbirlər görməyə çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş noyabr ayında Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) ərəfəsində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunan illik Emissiya Fərqi Hesabatı ilə bağlı videomüraciət yayımlayıb.

“Dünya artıq 1,5 dərəcəlik həddin aşılmasının qarşısını ala bilməyəcək vəziyyətə gəlib və bunun nəticələri indidən dağıdıcıdır”, - deyə baş katib xəbərdarlıq edib.

O, dünyanın müxtəlif bölgələrində baş verən ölümcül daşqınlara, həddindən artıq isti hava dalğalarına və şiddətli meşə yanğınlarına diqqət çəkib.

Quterreş iqlim böhranının iqtisadiyyatları iflic etdiyini və bərabərsizliyi dərinləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, iqlim dəyişikliyinə səbəb olmaqda ən az məsuliyyət daşıyan insanlar bu böhranın təsirlərini ilk və ən ağır şəkildə yaşayanlar arasındadır.

Bununla yanaşı, baş katib əsrin sonuna qədər qlobal temperatur artımını yenidən 1,5 dərəcəlik həddən aşağı salmağın mümkün olduğunu bildirib. Bunun üçün 2030-cu ilədək qlobal istixana qazı emissiyalarının 18 faiz, 2035-ci ilədək isə 45 faiz azaldılması tələb olunur.

“Lakin emissiyalar rekord səviyyələrdə qalmaqda davam edir. Milli iqlim planları və mövcud siyasətlər təhlükəli dərəcədə qeyri-kafidir və temperaturun 2,6-2,8 dərəcə artacağına işarə edir”, - deyə Quterreş qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər