- 12:15
"Bizim üçün ailə müqəddəsdir. Rəqəmsal dövrdə də biz ailənin müqəddəsliyini qoruyub saxlamalıyıq".
E-huquq.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.
G.İsmayılov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ailə institutunun qorunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı dərinləşdirir.
Komitə sədrinin müavini vurğulayıb ki, ailənin müqəddəsliyinin qorunmasında dini təsisatların, din xadimlərinin və dinşünasların üzərinə böyük məsuliyyət düşür.
"Ailə institutu üçün təhdidlərdən biri din adı altında olan təhdidlərdir. Azərbaycan ailəsindən az sayda olsa da, radikallar və məzhəbçilər çıxır. Biz dini dəyərləri elə təbliğ etməliyik ki, ailə institutu din pərdəsi altında başqa xalqların, İran ailəsinin, ərəb ailəsinin ailə modelinə çevrilməsin. Bu, bizim İslamı doğru şəkildə təbliğ etməyimizdən keçir. Ailə institutunu qorumaq dövlətlə yanaşı, dinin də borcudur. Bu baxımdan, yaxşı təcrübələrdən istifadə etməliyik. Dini təsisatların bu mənada böyük potensialı var", - deyə G.İsmayılov bildirib.
Şəbnəm Mehdizadə