- 14:47
Avstriyada Dunay çayının sahilində çınqıl çıxaran işçilər təxminən 2 200 il əvvələ aid yüzlərlə dəmir külçə aşkarlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumi çəkisi təxminən bir tona çatan tapıntı Avropada bir dəfəyə aşkar edilmiş ən böyük tarixdən əvvəlki dəmir külçə toplusu kimi qeydə alınıb.
2019-cu ildə Avstriyanın Daynham kəndi yaxınlığında çınqıl çıxarılması işləri zamanı ağır texnika torpağın altından yüzlərlə paslı dəmir parçasını üzə çıxarıb. İşçilərin məlumatından sonra əraziyə gələn arxeoloqlar 193 bütöv külçə və yüzlərlə dəmir parçası toplayıblar. Araşdırmalar nəticəsində ərazidə ən azı 500 külçənin olduğu və onların ümumi çəkisinin təxminən bir tona çatdığı müəyyən edilib.
Eramızdan əvvəl III və ya II əsrə aid olduğu ehtimal edilən külçələrin hər biri təxminən 30 santimetr uzunluğunda və 2 kiloqram ağırlığındadır. Söyüd yarpağını xatırladan formaya malik dəmir külçələrin silah və müxtəlif əşyaların hazırlanması üçün nəzərdə tutulduğu düşünülür.

Tədqiqatçıların hesablamalarına görə, tapılan xammal təxminən 500 qılınc və ya 8 min dəmir mismar hazırlamaq üçün kifayət edə bilərdi.
İnsbruk Universitetinin arxeoloqu Peter Trebşe bildirib ki, istehsal zamanı yaranan itkilərə baxmayaraq, bu qədər dəmir böyük bir döyüşçü qrupunu silahlandırmağa imkan verə bilərdi.
Tədqiqatçılar dəmirin böyük ehtimalla indiki Bavariya ərazisində istehsal olunduğunu və Dunay çayı vasitəsilə daşındığını düşünürlər. Lakin ağır texnikanın tapıntıların yerləşdiyi əraziyə zərər verməsi səbəbindən mümkün gəmi qalıqlarını aşkar etmək mümkün olmayıb.
Alimlərin ehtimalına görə, bu həcmdə ticarət yükünün qarşılığında qızıl, gümüş, heyvanlar və ya hərbi xidmət kimi dəyərli ödənişlər verilmiş ola bilər.
Sentyabrın 21-də “Antiquity” jurnalında dərc olunan araşdırmadan sonra dəmir külçələrin istehsal mənbəyini müəyyənləşdirmək üçün onların element tərkibinin təhlili planlaşdırılır.
Bu analizlər tapıntıların harada istehsal edildiyini və qədim dövrdə ticarət yollarının necə işlədiyini aydınlaşdırmağa kömək edə bilər.
Şəbnəm Mehdizadə