Nazir müavini: "Rəqəmsal inkişaf olan yerdə təhlükəsiz mühit qurulmalıdır”


  • 13:53

"Sosial şəbəkələr insanları birləşdirir, bilik mübadiləsini sürətləndirir, təhsil və biznes üçün imkanlar yaradır".

E-huquq.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Nazir müavini bildirib ki, bununla yanaşı, bu platformalarda uşaqlar üçün zərərli məzmun və asılılıq yaradan mexanizmlər də mövcuddur.

Onun sözlərinə görə, vətəndaşların 56,5 faizi sosial medianı uşaqlar üçün tamamilə zərərli hesab edir. Valideynlərin isə yalnız 43 faizi uşaqların sosial şəbəkələrdən istifadəsinə tam nəzarət etdiyini bildirir.

S.Məmmədov vurğulayıb ki, məqsəd uşaqların internetə çıxışını tamamilə məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməkdir.

"16 yaşdan kiçik uşaqlar üçün fərdi hesablar yaradılmayacaq, 16-18 yaş arası üçün isə valideynin nəzarəti ilə yaradılacaq. Məsuliyyət platformaya keçir", - deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, heç bir ölkə bu sahədə 100 faizlik nəticəyə nail olmayıb. Bununla belə, qanunvericilik tənzimləmələri zəruri şərtdir. Aidiyyəti qurumlarla birgə nəzarətin gücləndirilməsi əsas vəzifələrdən biridir.

Nazir müavininin sözlərinə görə, qanun valideyni heç bir halda əvəz edə bilməz, lakin ona uşağın təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar yarada bilər.

"Rəqəmsal inkişaf olan yerdə təhlükəsiz mühit qurulmalıdır", - deyə S.Məmmədov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər