- 12:53
"Azərbaycan dövlətinin ailə siyasətinin əsas məqsədi ailə institutunu möhkəmləndirmək, ailələrin rifahını yüksəltmək, qadın və uşaqların hüquqlarını qorumaq və sağlam ailə münasibətlərinin inkişafına dəstək verməkdir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mərkəzində də insan amili və gələcək nəsillərin inkişafı dayanır.
"Bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində mühüm praktiki addımlar atılıb. Belə ki, yen "Uşaq hüquqları haqqında" Qanunun qəbulu, nikah yaşının azaldılmasına imkan verən istisnanın ləğvi, qohum nikahlarına məhdudiyyətlərin tətbiqi, mühafizə orderləri mexanizmlərinin təkmilləşdirilməsi diqqətəlayiq dəyişikliklərə səbəb olub", - deyə B.Muradova qeyd edib.
Komitə sədri deyib ki, bununla yanaşı, ünvanlı dövlət sosial yardımı, özünüməşğulluq proqramı, güzəştli ipoteka krediti mexanizmləri və uşaqlı ailələrə göstərilən sosial dəstək tədbirləri ailələrin iqtisadi dayanıqlılığını gücləndirməkdədir.
"Statistikaya diqqət yetirsək, ölkəmizdə 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur ki, onların da 1,3 milyonundan çoxu 18 yaşadək uşağı olan ailələrdir. Bu göstəricilər ailə institutunun möhkəmləndirilməsi baxımından hər birimizin üzərinə böyük məsuliyyət qoyur", - o bildirib.
"Dövlət Komitəsi olaraq hazırda üzərində işlədiyimiz "Ailə institutu - 2040" Azərbaycan Respublikasının Ailə Konsepsiyası layihəsi ailə siyasətinin gələcəyinə dair uzunmüddətli baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Gələcəyin Azərbaycan ailəsi haqqında düşünərkən demoqrafik prosesləri - o cümlədən 2050-ci ilə kimi ölkə əhalisinin 11,5 milyon nəfərə çatması proqnozlarını, nəsillərarası münasibətləri və texnoloji inkişafın təsirlərini vahid çərçivədə nəzərdən keçirməliyik", - B.Muradova əlavə edib.
O bildirib ki, ailə siyasətimizin ən qürurverici istiqaməti isə Böyük Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzura olan Böyük Qayıdışdır: "Artıq 48 yaşayış məntəqəsində doğma ocaqlarına qayıdan ailələrimiz yeni həyata başlayıb. 2026-cı ilin sonunadək 140 min nəfərin azad olunmuş ərazilərdə məskunlaşması nəzərdə tutulur. İndi doğma torpağında həyatını yenidən quran hər bir ailə milli yaddaşın və mənəvi bağlılığın davamlılığına əvəzsiz töhfə verir. Məqsədimiz isə ailələrimizin dəyişikliklərə uyğunlaşmaqla, müasir imkanlardan faydalanan, öz dəyərlərini qoruyan və cəmiyyətin inkişafında dövlətin strateji tərəfdaşı kimi çıxış edən güclü sosial institut kimi inkişaf etməsidir"
Şəbnəm Mehdizadə