Məhkəmə öz təşəbbüsü ilə iddia müddətini bərpa edə bilərmi?


  • 25 Noyabr 2021 10:20

Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib, iddiaçı isə iddia müddətinin bəpası üçün məhkəməyə müraciət etməyib, lakin işdə olan sübutlardan iddia müddətinin üzrlü səbəbdən ötürüldüyü aydın görünür. Belə halda məhkəmə öz təşəbbüsü ilə iddia müddətini bərpa edə bilərmi?

İddia müddətinin bərpası məsələsini mülki mübahisələrdə Mülki Məcəllənin 382-ci maddəsi, əmək mübahisələrində isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsi tənzimləyir. Bu maddələrdə iddia müddətinin yalnız ərizə əsasında bərpa oluna biləcəyi qeyd olunmayıb. Ona görə elə təəssürat yaranır ki, məhkəmə öz təşəbbüsü ilə müddəti bərpa edə bilər. Müqayisə üçün qeyd edək ki, RF qanunvericiliyində də bu barədə göstəriş yoxdur. Lakin RF Ali Məhkəməsi Plenumunun “İddia müddəti barədə RF Mülki Məcəlləsinin normalarının tətbiqi ilə bağlı bəzi məsələlər barədə” 29.09.2015-ci il tarixli 43 nömrəli qərarının 12-ci bəndində qeyd olunub ki, məhkəmə müddətin ötürülməsi səbəbini o halda üzrlü saya bilər ki, müddəti ötürmüş şəxs bu barədə vəsatət versin.

Eyni qayda AR-na da aiddir. Çünki AR Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilir. Əgər müddətin bərpası təşəbbüsünü məhkəmə irəli sürsə, özünü çəkişmənin tərəfinə çevirəcək və tərəflər arasında bərabərliyi pozacaq. Müddətin bərpası təşəbbüsünü mübahisə tərəfi irəli sürməlidir ki, məhkəmə əks tərəflə onun arasında bu məsələ üzrə çəkişməni və tərəflərin bərabərliyini təmin edə bilsin.

Həmçinin qeyd olunmalıdır ki, iddia müddətinin bərpası barədə vəsatət məhkəmə iclasında şifahi formada verilə bilər, çünki qanunda onun yazılı formada verilməli olması barədə göstəriş yoxdur.
Beləliklə, məhkəmə iddia müddətini öz təşəbbüsü ilə bərpa edə bilməz.

Namiq Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər