Marketlərdə hüquqları pozulan işçilər: gündə 12 saatlıq ağır iş rejimi


  • 27 İyun 2022 15:40

Supermarketlərdə işçilər gündə 12 saat, özü də ağır iş rejimində işləyirlər. Belə ki, həm bu 12 saatlıq iş rejimində 1 dəqiqə də olsa, oturmaq icazəsi yoxdur və buna görə də oturacaq olmur, həm nahar fasiləsi 20 dəqiqəyədək olur, həm də həftədə yalnız 1 gün istirahət günü verilir.

Yəni həftənin 5 günü deyil, 6 günü iş günüdür. Ancaq iş şəraitinin ağırlığı ilə bağlı bu “həmlər”ə əlavə olaraq həm həmin istirahət gününün hansı gün olacağı qabaqcadan dəqiq bilinmir, “administrator” bunu istədiyi vaxt məhdudiyyətsiz olaraq dəyişdirə bilər, həm də bu “market işçilərinin” əksəriyyətinin konkret hansı iş görəcəkləri də məlum deyil. Daha doğrusu bu market işçiləri hər növ işləri (satış, yük daşıma, qablaşdırma, yerləşdirmə və s.) də rəhbərlik tapşırığından asılı olaraq etməlidirlər.

Bilindiyi kimi, 8 saatlıq iş rejimi üçün hələ 19-cu əsrdə çox böyük mübarizə aparılıb və 1847-ci ildə baş verən üsyan və etiraz hərakatları nəticəsində qadınlar və uşqalar üçün maksimal iş saatı 10 saat müəyyən edilib. Məlumat üçün deyim ki, günlük 8 iş saatını ilk dəfə 1817-ci ildə Robert Oven tətbiq etsə də dünyaya 8 saatlıq iş rejimi Ford şirkətinin 1914-cü ildə tətbiq etməsi ilə yayılıb qəbul edilib. Daha sonra Ford şirkəti 1926-cı ildə iş gününü də 6-dan 5-ə endirib. Müasir dövrdə həftəlik 40 saat (8x5) iş rejimi hamılıqla qəbul edilən maksimum iş rejimidir.

Bu gün oxudum ki, Prezident deyib: “Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”.

Market sahiblərinin acgözlükdən bu qədər vicdansızlıq etmələri nə qədər ayıbdırsa, onlara nəzarət etməli olan səlahiyyətli şəxslərin buna göz yummaları ən az 10 qat daha artıq ayıbdır. İnsanları əzmək heç vaxt xeyir gətirməyib, "Ford" şirkəti də məhz elə xeyir əldə etmək üçün iş saatını və günlərini azaltmışdır. Aradan 100 il keçməsinə baxmayaraq acgözlük hələ də bu adi həqiqəti başa düşməyə imkan vermir?!

Sərvər Süleymanlı

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti

Oxşar xəbərlər