Aliment ödəməməyin yaratdığı məsuliyyət və aliment öhdəliyinə xitam verilməsi


  • 28 İyun 2022 14:11

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul məbləği aliment adlanır. Aliment latın sözü olan “alimentium” sözündən götürülmüş, mənası saxlama üçün vəsait, öhdədə olma deməkdir. Aliment hüquq münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. Aliment könüllü qaydada ödənilmək istənilirsə, tərəflər arasında (ata və ana) alimentin ödənilməsi barədə saziş bağlana bilər. Həmin sazişdə ödəniləcək məbləğ müəyyən oluna bilər. Valideynlər uşaqlarını saxlamadıqda valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər arasında saziş olmadıqda aliment məsələsi məhkəmə tərəfindən həll olunur. Ailə Məcəlləsinə əsasən aliment ilə bağlı olaraq tərəflər arasında saziş yoxdursa;

1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı.

Məhkəmə müəyyən halları nəzərə almaqla bu məbləği artıra və ya azalda bilər.

Valideynin qazancı və ya gəliri qeyri-müəyyəndirsə, dəyişəndirsə, gəlirin hamısı və ya bir hissəsini xarici valyuta və ya natura ilə alırsa, məhkəmə tərəfindən sabit pul məbləği təyin oluna bilər. Praktika da çox rast gəlinən suallardan biridə alinment ödəməli olan şəxs işləmirsə və ya gəliri yoxdursa, bu zaman o aliment ödəmək öhdəliyindən azad olunmurmu?

Qanunvericiliyə əsasən, hər bir halda aliment ödənilməlidir, çünki uşaq dünyaya gətirilibsə, onu saxlamaq vəzifəsini daşıyır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Məsələn, aliment ödəməli olan şəxs yüksək maaşlı iş tapdıqda və ya şəxsin maaşı azaldığına görə məhkəməyə alimentin miqdarının azaldılması ilə bağlı hüququ vardır. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Hazırda bu məbləğ 193 manat təşkil edir.

Aliment yalnızca nikah bitəndən sonramı əldə olunur?

Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar. Buna görədə aliment təyin olunması həm nikah dövründə, həm də nikah bitdikdən sonra ola bilər. Aliment müxtəlif üsullarla alına bilər. Məsələn, aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.

Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər-arvadın bir-birini saxlamaq vəzifəsi vardır. Aliment ödəməyi tələb etmək hüququ olan şəxslərə misal olaraq: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad; nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Bunlarla yanaşı, qanunvericiliyə əsasən aliment tələb etmək hüququ olan digər şəxslərə misal olaraq: Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər ( ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər).

Aliment ödəməməyin cəzası

Alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 528 ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. (Ailə Məcəlləsinin 64.0.2).

Aliment öhdəliyinə xitam verilməsi.

Ailə Məcəlləsinin 113-cü maddəsində aliment öhdəliyinə xitam verildiyi hallar göstərilmişdir. Həmin maddəyə əsasən, uşaq yetkinlik yaşına çatdıqda bu öhdəliyə xitam verilir. Yetkinlik yaşı 18 yaş olsa da, bəzi hallarda daha da az ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.4-cü maddəsinə əsasən on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). Ailə Məcəlləsinə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Məsələn: qadın hamilədirsə, oğlan əsgər gedəcəksə və s. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər. Aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda aliment öhdəliyinə xitam verilir.

Aydın Quliyev

Hüquqşünas

Oxşar xəbərlər