Vətəndaş hüquqi məsləhət üçün vəkilə niyə ödəniş etmək istəmir?


  • 24 Avqust 2022 15:13

Azərbaycanda vətəndaşlar bir çox hallarda telefon zəngi, sosial media vasitəsilə vəkillərdən şifahi məsləhətlər almağa çalışır, lakin bunun qarşılığında pul ödəmək istəmirlər. Elə hesab edirlər ki, vəkil şifahi formada yol göstərib, hüquqlarını izah edibsə, bunun hər hansı xidmət haqqı olmamalıdır. Vətəndaşların bu fikirləri nə dərəcədə əsaslıdır? Doğurdanmı, hüquqi məsləhət üçün vəkilə xidmət haqqı ödənilməməlidir?

E-huquq.az məsələ ilə bağlı vəkillərin mövqeyini öyrənib.

Vəkil Paşa Səfərov e-huquq.az-a açıqlamasında deyib ki, keyfiyyətli hüquqi yardım üçün vəkilə müraciət edən vətəndaş xidmət haqqı ödəməlidir: "Dünya təcrübəsində də insanlar onlara lazım olan xidmətləri ödənişsiz əldə etməyə can atırlar. Söhbət yalnız hüquqi xidmətdən getmir, tibbi xidmət və ya hər hansı sosial xidmət olsun, insanlar onu ilk olaraq ödənişsiz əldə etməyə cəhd edirlər. Əgər mövcud vəziyyətdə həmin insanların ödəniş edib əldə edəcəkləri xidmətləri ödənişsiz əldə etməsi mümkündürsə, insanların ondan istifadə etməsi mümkündür. Bu xidmətləri sosial və virtual olaraq əldə etməsi qaçınılmazdır. Məsələnin kökünə baxdıqda isə burada söhbət hüquqi yardım deyil, keyfiyyətli hüquqi yardımın əldə edilməsindən gedir. Keyfiyyətli hüquqi yardımın göstərilməsində isə qanunvericilik vəkillərin üzərində məsuliyyət qoyur. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa nəzər yetirəndə görərik ki, orada “keyfiyyətli” sözünə bir neçə dəfə istinad edilir. Vəkilin xidmət göstərməsi tək hüquqi məsləhətlə kifayətlənməməlidir. Əsas keyfiyyətli hüquqi yardım şərt olmalıdır. Ona görə də, keyfiyyətli hüquqi yardım almaq üçün vəkilə müraciət edilməlidir və təbii ki, ödəniş edilməlidir. Ona görə də hesab edirəm ki, ödənişsiz hüquqi yardım məsələsində keyfyyət meyarı var ki, vətəndaşlar onu nəzərdən qaçırırlar".

Vəkil Nərmin Əliyeva bildirib ki, cəmiyyətdə əksər insanlar hüquqi məsləhəti əziyyətli iş hesab etmir və düşünürlər ki, buna görə vəkilə ödəniş edilməməlidir: "Ərizə yazarkən belə ödəniş etmək istəmirlər. Hətta belə bayağı bir ifadə də var: “Qızılla yazırsız?”. Biz onu insanlara izah edə bilmirik ki, vəkil də neçə il universitet oxuyub, diplom alıb, ali təhsil alıb, neçə il təcrübə yığıb, formalaşdırıb. Bu təhsilin, təcrübənin, ümümilikdə komkleks şəkildə nəticəsi olaraq o məsləhəti verirsən. Bəzən deyirlər ki, məsləhət almadan da hərəkət etmək olar. Bu da yanlış fikirdir. Düzgün olmayan məsləhət, yanlış istiqamət bir vətəndaşın taleyini dəyişir. Məhkəmə süründürməçiliyinə yol aça, bir çox neqativ hallara gətirib çıxara bilər. Heyif ki, tam olaraq cəmiyyət bunu başa düşməyib, amma yenə də sizə deyə bilərəm ki, müsbət irəliləyişlər var. Artıq tədricən vəkilə inam formalaşıb. Mən inanıram ki, daha da yaxşı olacaq.

Bir də qeyd etmək istərdim ki, insanlar vəkilə pul verəndə hesab edirlər ki, işin nəticəsinə verirlər. İş alınmayanda, məhkəmə qərarı ziyanına çıxanda pulu tələb etməyə başlayırlar. Əlbəttə ki, bu da yanlış bir istəkdir. Çünki vətəndaşla müqavilə bağlayanda konkret olaraq göstəririk ki, biz işin nəticəsi üçün deyil, göstərilən xidmətə görə xidmət haqqı alırıq. Həm də vəkillərin etik davranış qaydalarına görə, vəkil ümümiyyətlə vəd verməməlidir. Biz işin nəticəsinə görə vəd vermirik, sadəcə hüquq perspektivinə uyğun olaraq rəy söyləyirik. Bütün bunları nəzərə alaraq məhkəmə qərarı ziyanımıza çıxanda vətəndaşın pulu geri istəməsi həm qanunsuzdur, həm də ədalətsizdir. Çünki həmin işin prosesi vaxtı vəkil çox əziyyət çəkir, yazılar tərtib edir, məhkəmədə çıxış edir, xərclər çəkir. Təbii ki, bu xərcləri vəkil öz cibindən qarşıla bilməz".

Vəkil Yusif Allahverdiyev isə qeyd edib ki, Azərbaycanda konsultasiya üçün vəkilə pul ödəmək anlayışı yoxdur: "Digər ölkələrdə isə telefonda hüquqi məsləhət üçün vəkilə ödəniş olunur. Təəssüf ki, bizdə bu mədəniyyət yoxdur. Məncə, bu fikirləri dəyişmək lazımdır və bu da vəkillərdən asılı olan bir şeydir. İnsanlara aydın olmaldır ki, vəkil xidmət göstərirsə, ödəniş edilməlidir. Necə ki, həkim yanına gedib müayinədən keçir, pul ödəyirik, eyni şey vəkillərdə də olmalıdır. Deyə billərəm ki, mən pulsuz konsultasiya ilə bağlı hər gün 10-dan çox müraciətə baxıram. Daha çox tanışlar olur və biz də məcburən həmin şəxslərə yardım göstəririk".

Digər vəkil Nailə Eldarova hesab edir ki, vətəndaşların daha çox ödənişsiz hüquqi yardıma cəhd etməsinə şəraiti həm də vəkillər özləri yaradıb: "İnsanlar pulsuz xidmət göstərilməsini daha çox sevirlər. Nəinki sosial şəbəkələrdə, eləcə də müraciət etdikdə işi icraatımıza götürməzdən əvvəl məsləhət alırlar. Müraciət edildiyi zaman biz insanlara məsləhət veririk. Bunun ödənişli olduğuna dair öncədən məlumat verildiyi halda, bir məsləhət əvəzinə, onlarla məsləhət alırlar. Amma buna baxmayaraq, hər hansı ödəniş etməkdən yayınırlar. Hesab edirəm ki, bu hər bir vətəndaşın öz vicdanına bağlı olan bir şeydir. Amma istənilən halda sosial şəbəkədə olan xidmətlər ödənişli olmalıdır. Bunu tənzimləyən bir qayda da olmalıdır. Məsələn, elektron qaydada xidmətin göstərilməsinin ödənişli olması ilə bağlı. Hazrırda elektron sistemdə bunu tənzimləyən norma yoxdur. Bildiyiniz kimi, tərəf gəlir, müqavilə bağlamalıyıq, həmin müqavilə əsasında ödəniş etməlidir, ödəniş əsasında da biz hüquqi xidmət göstərməliyik. Digər tərəfdən, insanlar xidməthaqqı ödəmədən daha ətraflı məlumat öyrənməyə daha çox meyillidirlər. Təssüf ki, Azərbaycan reallığında bu belədir. Belə halların yaşanmasına elə biz vəkillər də səbəb oluruq".

Vəkil Səyyad Mirzəyev deyib ki, istər onlayn, istərsə də əyani ödənişsiz hüquqi yardım almaq vətəndaşların haqqıdır və bu istiqamətdə Vəkillər Kollegiyası tərəfindən də işlər görülür: "Bu tip işlərdə daha çox maddi cəhətdən imkanı olmayan şəxslər müraciət edir. Mən bəzən telefonla məsləhət vermirəm, amma biz dəfələrlə rayonlara da getmişik, öz büromuzda da pulsuz hüquqi yardım aksiyası keçirmişik".

Vəkil Vamiq Şükürov da insanların vəkilə məsləhət üçün pul ödəməkdən boyun qaçırmasına etiraz edib: "Bu barədə mühit mədəniyyəti formalaşdırır, yəni, insanlar hesab edirlər ki, polisə düşdükdə, həbs olunduqda, saxlanıldıqda və yaxud məhkəmədə ona qarşı iddia qaldırıldıqda onun barəsində şikayət edildikdə vəkilə müraciət etməlidirlər. Vətəndaşların şüuraltına bu daha çox işləyib ki, “Allah mənim işimi polisə, məhkəməyə salmasın”. Bu onu göstərir ki, biz belə şeylərdən qaçırıq, birinci bu məsələdir. İkinci əsas səbəb odur ki, hüquq xidməti birbaşa görülən xidmət deyil. Məsələn deyirlər ki, “Sən məni bu cəzadan qurtaracaqsan?” və ya “50 min manat məbləğində iddia tələbim var, alıb mənə verəcəksən?”. Ona görə onlar maddi nəticəyə fokuslanırlar. Hüquq xidməti konkret olaraq bir vəkilin vətəndaşın hüququnu qoruması üçün göstərdiyi hüquqi yardımdan ibarətdir. Məhkəməyə, polis orqanlarına müraciət etmək, sübut toplamaq, sorğular vermək vəsatətlər vermək, şəxsin barəsində istintaq hərəkətləri aparılarkən həmin istintaq hərəkətlərində aktiv iştirak edib, onun hüquqlarını qorumaq və sair. Yəni, biz nəticəni birbaşa verə bilmirik, nəticə göstərilən hüquq xidmətindən asılı olduğu kimi qərar qəbul edən hakimdən, prokurordan, müstəntiqdən də xeyli dərəcədə asılı olan bir məsələdir. Sonuncu səbəb olaraq onu qeyd edə bilrəm ki, bu məsələdə müəyyən qədər vəkillərin də günahı var. Çünki vəkillər hüquq xidməti alanları, müştəriləri bir növ tərbiyə edir. Onlar hər müraciət edən vətəndaşdan hüquq xidmətə görə ödəniş tələb etsələr, vətəndaşlar bunun dəyərli bir xidmət olduğunu, əvəzinin pulla ölçülməli olan bir xidmət olduğunu qəbul edəcəklər".

Rəşid Qarayev

Oxşar xəbərlər