- 29 May 11:52
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaqların hüquqlarının qorunması Azərbaycan Respublikasının qanunvericilik sisteminin bir parçasıdır. Qeyd edək ki, uşqaların hüquqları ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında, ailə, mülki, cinayət qanunvericiliyində bir sıra normalar mövcuddur. Bundan başqa, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir. Eyni zamanda dövlətimiz "Uşaq hüquqları haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyalara qoşulmuşdur.
Uşaqların hüquqlarının qorunması sahəsində ən önəmli institutlardan biri övladlığa götürmə institutudur.
Azərbaycan Respublikası Ailə Məcələsinin 117-ci maddəsinə əsasən, Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşağın iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülməsinə yol verilmir. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
Azərbaycan Respublikası Ailə Məcələsinin 118-ci maddəsinə əsasən, Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə onların vahid uçotunu elektron formada aparır.
Vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
1.valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
8. övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
Vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
1. vəfat etdikdə;
2. 18 yaşına çatdıqda;
3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:
1. övladlığa götürmək istəyən şəxslə müsahibə aparılması;
2. övladlığa götürmək istəyən şəxsin təlimlərə cəlb edilməsi;
3. övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin evində yerləşdirilməsi.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır. Müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürmə ilə bağlı 30 gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Təlimin nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü təşkil edir. Həmin görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.
Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür. Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.
Uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, yuxarıda sadaladığım tələblər həmin şəxslərə şamil edilmir. Həmçinin uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) həmçin tələblər onlara da şamil edilmir.
Qanunvericiliyin tələblərinə əsasən, aşağıdakı şəxslər övladlığa götürən ola bilməzlər.
1.məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
6. məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla
Səhhətlə bağlı onu qeyd etmək istəyirəm ki, övladlığa götürməyə imkan verməyən xəstəliklər qanunvericliyimizlə konkretləşdirilmişdir. Bunlara aiddir:
1. Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
2. Bütün növ infeksion (yoluxucu) xəstəliklər
3. Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
4. Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
5. Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.
Yaşla bağlı isə qeyd etmək istəyirəm ki, Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Uşağın övladlığa verilməsi zamanı azı 3 il nikahda olan şəxslərə, yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 il müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir. Valideynləri olan uşaqlar isə yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilərlər. Lakin Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Bundan başqa, Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.
Göründüyü kimi, övladlığa götürmə kənardan eşidildiyi kimi sadə, yəni valideynlər arasında baş tutmuş razılıqla və ya müvafiq müəssisələrin razılığı ilə uşağın övladlığa götürülməsindən ibarət deyil, uşaqların üstün hüquqlarının həyata keçirilməsi, onların düzgün tərbiyə olunmasına, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasını, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətidir.
Hər bir uşağın inkişafında ailə vacib rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
Nargilə Həmidova
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili