- 12 May 17:26
Valideynin işləyib-işləməməsindən asılı olmayaraq, uşağa aliment ödənilməlidir.
Bunu e-huquq.az-a vəkil Vüsal Səfərov aliment öhdəliyi olan işsiz valideyndən alimentin alınması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, uşaqları saxlamaq valideynlərin borcudur: “Bu, uşağın hüququdur və dövlət bu məsələyə nəzarət edir. Uşağın təminatları hər bir halda ödənilməlidir. Valideynin işləyib-işləməməsindən asılı olmayaraq, aliment ödənilməlidir. Əgər uşağı ana saxlayırsa, ata aliment ödəməlidir, ata saxladığı halda isə ödənişi ana həyata keçirilməlidir”.
Vəkil qeyd edib ki, ata işsiz olduğuna görə aliment verməməyə bilməz. Bununla belə, V.Səfərli diqqətə çatdırıb ki, bəzi hallarda valideyn aliment ödənişinin icrasını dayandıra bilər: “Əgər ata əmək qabiliyyətli deyilsə, yaxud hansısa ağır xəstəlikdən əziyyət çəkirsə və bu, sübut olunarsa, o zaman atanın alimenti verməməsi mümkün olmadığı halda onun ödənişi icrası dayandırılır. Digər hallarda isə belə demək mümkündürsə əli-qolu sağ olan valideyn uşağa aliment ödəməlidir”.
Onun sözlərinə görə, əgər valideynin əsasları varsa, məhkəmə qarşısında iddia qaldırıb alimentin miqdarını azalda bilər: “Aliment məsələlərində birinci növbədə uşağın mənafeyi nəzərə alınır. Ata evdə otursun, uşaq da acından ölsün, bəs burada uşağın mənafeyi necə olacaq? Hamı arayış gətirər ki, mən işləmirəm və ona görə də aliment vermirəm. Hər bir halda aliment ödənməlidir və bu məcburiyyətdir”.
Məftun Salmanov