Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətinin subyektiv cəhəti


  • 13 Dekabr 2022 15:35

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibinin 4 əlamətindən biri hesab edilən cinayətin subyektiv cəhəti dedikdə, cinayətin bilavasitə törədilməsi ilə əlaqədar olan şəxsin psixi fəaliyyəti başa düşülür.

Cinayətin subyektiv cəhəti təqsir, motiv, məqsəd və onları müşayiət edən emosional vəziyyət kimi müstəqil psixoloji elementlərdən ibarətdir. Şəxsiyyətin və cəmiyyətin maraqlarına zidd olan təqsirə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və digər normativ hüquqi aktlarında məsuliyyət müəyyən edilmişdir. Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin 5 prinsipindən biri olan təqsirə görə məsuliyyət prinsipi yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin və cəzalandırılmasının mümkünlüyünü, təqsirsiz olaraq vurulan zərərə görə isə heç kəsin cinayət məsuliyyəti daşımadığını müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə təqsiri qanunla (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi nəzərdə tutulur) nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadıqda cinayət törətmiş şəxs təqsirsiz sayılır. “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsində göstərilir ki, “Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun müdafiə üçün zəruri bütün təminatlara malik olmalı olduğu məhkəmədə təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında” Avropa Konvensiyasının 6.2-ci maddəsində yuxarıda qeyd edilən norma eynilə təkrar olunmuşdur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan, həmçinin cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşdüyündən təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təqsirin yalnız qəsd və ya ehtiyatsızlıq formaları təsbit edilmişdir. Bəzi ölkələrin cinayət qanunlarında qəsd və ehtiyatsızlıqla yanaşı təqsirin qarışıq formasına da rast gəlinir.

Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl qəsdən törədilmiş cinayət sayılır. Şəxsin öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi - cinayətin birbaşa qəsdlə, şəxsin öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi, lakin bunları arzu etməməsi və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi - cinayət dolayı qəsdlə törədilməsi hesab olunur. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməsi, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməsi - cinayətkarcasına özünəgüvənmə ilə, şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməsi - cinayətkarcasına etinasızlıqla törədilən cinayət hesab olunur. Ehtiyatsızlıqdan törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hallarda cinayət hesab olunur. Onu da qeyd edək ki, Cinayət Məcəlləsində xüsusilə ağır cinayətin ehtiyatsızlıqdan törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilməmişdir.

Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə birbaşa qəsdlə törədilən ictimai təhlükəli zorakı əməldir (hərəkətdir). Təqsirkar hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsinin və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməsinin ictimai təhlükəli olduğunu dərk edir, bu əməllərinin ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə nəticəsində hakimiyyət nümayəndələrinin normal idarəetmə fəaliyyətini və onların (yaxın qohumlarının) sağlamlığını, cismani toxunulmazlığını və təhlükəsizliyini təmin edən ictimai münasibətlər ziyan çəkir. Cinayətin subyektiv cəhətinin digər psixoloji elementi cinayətin motivi və məqsədidir. Bu elementlər obyektiv halların müfəssəl təhlili və şəxsin cinayət törətməsinə gətirib çıxarmış subyektiv şərtlərin ciddi öyrənilməsi nəticəsində müəyyən edilir. F.Y.Səməndərov cinayətin motivini ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq hesab edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmayan motiv cəza təyini ilə əlaqədar, cinayət-hüquqi xarakterli digər tədbirlər tətbiq edildikdə, cinayət məsuliyyətindən və cəzadan azadetmə zamanı və digər hallarda nəzərə alınır. Qanunvericilikdə müəyyən edilmiş xidməti vəzifələrini qanunauyğun surətdə yerinə yetirən hakimiyyət nümayəndəsinin qanuni hərəkətlərinə qarşı yaranmış qəzəb, narazılıq və intiqam təqsirkarın hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməsinə gətirib çıxarır və bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Hakimiyyət nümayəndəsinə xidməti fəaliyyəti ilə bağlı olmayan qəsd (qısqanclıq motivi, şəxsi münasibətlərin pozulması və s.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə deyil, Məcəllənin müvafiq maddəsi ilə tövsif edilir.

Həmçinin qeyd edək ki, qanunvericilikdə müəyyən edilmiş xidməti vəzifələrini qanunauyğun surətdə yerinə yetirən hakimiyyət nümayəndəsinin qanuni hərəkətlərinə qarşı zəruri müdafiə yolverilməzdir. Qanunvericilikdə müəyyən edilmiş xidməti vəzifələrini qanunauyğun surətdə yerinə yetirməyən hakimiyyət nümayəndəsinin aşkar qanunsuz hərəkətlərinə qarşı isə zəruri müdafiə vəziyyəti yaranır. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq et¬mə formal tərkibli cinayətdir, yəni hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərildiyi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına zor tətbiq edildiyi andan bu cinayət başa çatmış sayılır. Bu səbəbdən həmin cinayətə cəhdə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad tələb olunmur.

Yunis İsmayılov,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər