Aliment məbləği hansı hallarda azaldıla bilər?


  • 2 May 2023 17:51

“Alimentin məbləği Ailə Məcəlləsinin 107.1 və 107.2 maddəsinə uyğun olaraq azaldıla bilər. Həmin maddələrə əsasən, alimentin azaldılması üçün ilk növbədə tərəflər arasında razılaşma, sövdələşmə müəyyən edilə bilər”.

E-huquq.az xəbər verir ki, bu sözləri vəkil Araz Nurməmmədov söyləyib.

O bildirib ki, əgər tərəflər arasında alimentin azaldılması ilə bağlı hər hansı bir razılaşma, müqavilə yoxdursa, bu, iddiaçı tərəfin ərizə ilə məhkəməyə müraciəti əsasında reallaşdırıla bilər: “Lakin burada bir hal nəzərə alınmalıdır. İddiaçı tərəf bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyi zaman onun ailə şəraiti, maddi vəziyyəti, xəstəliyi və digər hallar məhkəmədə nəzərə alınmalıdır. Lakin təcrübə göstərir ki, aliment məbləğinin azaldılması ilə bağlı iddia tələbinin təmin edilməsi ilə bağlı qətnaməyə rast gəlmək çox çətin məsələyə çevrilib. Bəzi hallarda müəyyən olunur ki, iddiaçı və cavabdeh eyni evdə yaşamasına, yaxud da uşaqların qayğısına qalmaq funksiyasını atanın öz üzərinə götürməsinə baxmayaraq, iddiaçı tərəf (ər və ya arvad) məhkəməyə iddia ərizəsi ilə müraciət edir və aliment tələb edir”.

Vəkil bildirib ki, tərəflərin birgə yaşamasına baxmayaraq məhkəmə iddianı təmin edir: “Bu halda da digər tərəf alimentin azaldılması ilə bağlı məhkəyə müraciət edir. Məhkəmə alimentin azaldılması üçün sübut təqdim etməsini tələb edir. Bu sübut nədən ibarət ola bilər? Tərəflər birgə yaşayırsa, məhkəməyə cavabdeh qismində cəlb olunan şəxs sübut təqdim edir. Bu sübutlar ilk növbədə uşaqların qayğısına qalmaq, təhsil üçün çəkilən xərclər ola bilər. Lakin bəzən qarşı tərəfin bunu etməsi nəzərə alınmır. Çünki ata üçün bu, bir növ vəzifə kimi qəbul olunur. Məhkəmə alimentin azaldılması ilə bağlı iddia tələbini təmin etmir. Lakin Ailə Məcəlləsinin 107.2 maddəsi həmin halların nəzərə almasını məhkəmənin üzərinə qoyur. Hesab edirəm ki, əgər şəxs bu barədə məhkəmədə kifayət qədər sübutlar təqdim edərsə və həmçinin, həyat şəraitini, maddi vəziyyətini məhkəməyə sübut kimi təqdim etdiyi halda məhkəmə həmin şəxsin iddia tələbini təmin edə bilər”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər