Deputat Konstitusiya Məhkəməsinin müzakirələrə səbəb olan qərarına aydınlıq gətirdi


  • 24 May 2023 16:10

"Bildiyiniz kimi, Konstitusiya Məhkəməsinin 19 aprel tarixli qərarı ilə borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıması və onlar öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə isə kreditora ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldırmaq hüququ bir daha təsbit olunub. Hüquqi prinsiplər, o cümlədən Konstitusiyasının aliliyi baxımından birmənalı şəkildə demək olar ki, bu qərar Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biridir. Amma təəssüf ki, ayrı-ayrı şəxslər, psevdomütəxəssislər, maraqlı siyasi qruplar və bəzən media qurumları qərarın mahiyyətini ictimaiyyətə təhrif edilmiş formada kommunikasiya edərək çaşqınlıq yaradırlar".

Bunu e-huquq.az-a açıqlamasında Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, əslində Konstitusiya Məhkəməsi çox sadə hüquqi prinsiplərə və mövcud qanunvericilik normalarına əsaslanaraq bu hüquqi qənaəti formalaşdırıb.

"Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa miras aktivi və miras passivi daxildir. Yəni mirası qəbul etmiş vərəsələr əmlak və s. hüquqlar əldə etdiyi kimi miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mirasqoyanın əmlakını götürüb onun borclarına sahib durmamaq nə əxlaqi-mənəvi, nə də hüquqi cəhətdən doğru deyil. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən isə, vərəsələr qəbul etdikləri miras əmlakdakı paylara mütənasib surətdə ölmüş mirasqoyanın əvəzində birgə borclu kimi məsuliyyət daşıyırlar. Yəni 1000 manat borcu olan ata vəfat edirsə, onun iki varisi varsa və həmin varislər atanın bütün əmlakına sahib çıxmaq üçün vərəsəliyi qəbul edirlərsə, eyni zamanda onun borcuna da sahib çıxmalıdırlar və atadan qalan miras əmlakdakı payları nisbətində borcluya çevrilirlər. Yəni borclunun ölümü ilə onun öhdəliklərinə xitam vermir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ƏIbəttə, hansısa vərəsə mirasqoyana görə məsuliyyət daşımaq istəmirsə, bütövlükdə mirasdan imtina edə bilər. Amma vərəsələr mirası qəbul edirsə, lakin icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri borc sahibinin haqqı var ki, ipoteka qoyana qarşı tələb irəli sürsün. Çünki Mülki Məcəllənin 269-cu maddəsinə görə, ipoteka borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Yəni əsas öhdəlik, yaxud onun bir hissəsi 90 təqvim günü və daha çox müddətə gecikdirsə, yaxud Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəldə bilər", - deyə deputat qeyd edib.

B.Məhərrəmov bildirib ki, bəzi hallarda cəmiyyətdə ipoteka sözü yalnız mənzillə assosiasiya olunur. Əslində isə ipoteka dedikdə söhbət borc götürülən pula görə daşınmaz əmlakın, yaxud mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın girov qoyulmasıdır: "İpoteka müqaviləsi bağlanarkən də borclu da, borcalan da razılaşır ki, borcu qaytara bilməzsə tələb ipoteka obyektinə yönələcək. Bu mənada Konstityusiya Məhkəməsinin qərarı nəinki hər hansı mübahisəyə yol açır, əksinə, əsas borcluya, yaxud onun vərəsələrinə qarşı tələb irəli sürülmədən ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməli olması ilə bağlı məhkəmə praktikasında müxtəlif yanaşmalara son qoymuş olur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər