Vəkil: "Mülkiyyət və digər hüquqlar barədə ermənilər tərəfindən qaldırılacaq heç bir iddianın prespektivi yoxdur"


  • 30 Oktyabr 2023 17:42

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin (86.6 kv.km) 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim edilərək Azərbaycanın dövlət suverenliyi tam təmin edildi.

Nəticədə işğaldan azad edilmiş ərazilərdən erməni əsilli sakinlərin könüllü olaraq Ermənistana kütləvi şəkildə köçü başlamışdır.

İşğaldan azad edilmiş ərazilərdəki əmlakın hüquqi rejimi nədən ibarətdir?

Həmin əmlaklarla bağlı hansı qərarlar verilə bilər?

Köçən ermənilərin həmin əmlaklar üzərində hansı hüquqları var?

Əvvəla onu qeyd etmək lazımdır ki, 30 illik işğal dövründə işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılma prosesi aparılmışdır.

Belə ki, 21 aprel 1978-ci il də qəbul edilmiş Konstitusiyanın 83-cü maddəsinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olmuşdur. Həmin Konstitusiyanın 84-cü maddəsinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanun Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin təqdimi ilə Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilir.

18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, həmin ilin dekabr ayında MDB-nin yaradılması barədə Alma-Ata bəyannaməsi qəbul edilmişdir.

“Alma-Ata bəyannaməsi”nin 3-cü bəndinə əsasən, MDB üzvü olan dövlətlər qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyırlar. Yəni bu sənədi imzalayan Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və sərhəd toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar”.

02 mart 1992-ci il tarixində keçirilmiş BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. “BMT Nizamnaməsinin 2-ci bəndinə əsasən “Təşkilat bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Yəni bu o deməkdir ki, dünya və BMT-nin üzvü olaraq dolayısı ilə Ermənistan Respublikası Azərbaycanın 86.600 kv.km-dən ibarət olan ərazisini qəbul edib, tanıyıb.

Beynəlxalq hüquqla Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan ərazisində Azərbaycan dövlətinin iradəsindən kənar ermənilərin məskunlaşması, idarə olunması və hər hansı hüquqlar əldə etməsi beynəlxalq və milli qanunvericiliyə zidd olub.

Digər tərəfdən, işğal dövrü ərzində Azərbaycan Respublikasının qanunları həmin ərazidə tətbiq edilməyib və ərazi Azərbaycan hakimiyyətinin yurisdiksiyasından kənarda qalıb.

Nəticədə həmin ərazidə yaşayan erməni əsilli əhalinin vətəndaşlıq məsələləri və əmlak hüquq münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənməmiş qalmışdır.

Müstəqil Azərbaycan Respublikasında Sovet dövründə dövlət mülkiyyətində olan daşınmaz əmlakların özəlləşdirilməsi ilə əlaqədar böyük hüquqi baza formalaşmışdır və bu sahədə ötən dövr ərzində islahatlar aparılmışdır. Hüquqi bazanın formalaşması və islahatların aparılması nəticəsində dövlət mülkiyyətində olan daşınmaz əmlakın özəlləşdirilməsinin hüquqi əsasları və qaydaları müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesi daşınmaz əmlakın hər 3 sahəsini əhatə etmişdir.

1. Yaşayış təyinatlı daşınmaz əmlaklar.

Azərbaycan SSR ərazisində olan yaşayış təyinatlı əmlaklar 8 iyul 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən dövlətin mənzil fondunda göstərilmişdir.

Müstəqilliyin bərpasının ilk illərinə Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il qanun qəbul edilmişdir.

Həmin qanunun 1-ci maddəsinə əsasən dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Qanunun 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

Daha sonra 30 iyun 2009-cu il də Azərbaycan Respublikası Mənzil Məcəlləsi qəbul edildi. Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlamışdır.

2. Qeyri yaşayış təyinatlı daşınmaz əmlaklar.

Bu sahədə işlər 1991-ci ildən etibarən başlamış və hal hazrda Dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı ilə davam etməkdədir.

- Azərbaycan Respublikasında mülkiyyət haqqında qanun ( 9 noyabr 1991-ci il)

- Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanun (07 yanvar 1993-cü il)

- Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin 1-ci dövlət proqramı (29 sentyabr 1995-ci il)

- Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun(16 may 2000-ci il)

- Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı (10 avqust 2000-ci il)

3. Torpaq sahələri

Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli qanununla müəyyən edilmişdir. Qanuna əsasən keçmiş kolxoz və sovxoz torpaqları vətəndaşların mülkiyyətinə verilmişdir.

“Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Göründüyü kimi, Sovet dövründə dövlət mülkiyyətində olan daşınmaz əmlakların özəlləşdirilməsi və hüquqların qeydiyyata alınmasına dair qanunvericilik sahəsində mühüm işlər görülmüşdür. İşğal altında olan ərazilər həmin prosesdən kənarda qalmışdır.

Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə ilk olaraq daşınmaz əmlakın inventarizasiyası aparılmalıdır. İşğala qədərki daşınmaz əmlaklarla işğal dövründə inşa edilmiş daşınmaz əmlaklar müəyyən edilərək bir birindən ayırd ediməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmadan işğal edilmiş ərazilərdə inşa edilmiş bütün özbaşına tikililər dövlətin balansına qəbul edilməlidir.

Nəzərə alsaq ki,daşınmaz əmlakların özəlləşdirilməsinə dair müəyyən normativ aktlar (“Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26.01.1993-cü il tarixli qanun, “Torpaq islahatı haqqında” 16.07.1996-cı il tarixli qanun və.s ) qüvvəsini itirmişdir, o zaman həmin ərazilərdəki daşınmaz əmlaklara dair ayrıca normativ aktlar qəbul edilməlidir.

Yekunda ümumiləşdirərək aşağıdakıları qeyd edə bilərik.

1. Ərazimiz işğaldan azad edildikdən sonra ərazini tərk etmiş ermənilərin əksəriyyəti Azərbaycan Respublikasının ərazisində qanunsuz məskunlaşdırılmışdır. Qanunsuz məskunlaşdırılan şəxslərin yenidən geri qayıtmaq və əmlaklarına sahib olmaq istəkləri hüquqi cəhətdən əsassızdır.

2. Sovet dövründə dövlət mülkiyyətində olub, vətəndaşların istifadəsinə verilmiş əmlaklardan kənar, işğal dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmadan işğal edilmiş ərazilərdə inşa edilmiş bütün tikililər qanunsuzdur. Özbaşına inşa edilmişdir. Azərbaycan qanunvericiliyinə görə məsuliyyət nəzərdə tutulmuşdur. (CM maddə 188, 222-1. İXM maddə 295)

3. Qanunsuz (özbaşına) inşa edilmiş həmin əmlaklar üzərində həmin şəxslər tərəfindən hec bir tələb irəli sürülə bilməz. Onların mülkiyyət və digər hüquqlar tanına bilməz

4. Mülkiyyət və digər hüquqlar barədə ermənilər tərəfindən qaldırılacaq heç bir iddianın prespektivi yoxdur.

5. İşğal dövründən əvvəl Azərbaycan ərazisində yaşayan ermənilər yuxarıda sadalanan özəlləşmə prosesindən kənarda qaldıqları üçün qeyd edilən qanunvericilik aktları onlara şamil edilmir. Yalnız Azərbaycan dövləti xüsusi humanistlik göstərib onarın əmlak məsələlərinə dair qanunvericiliklə yeni qaydalar müəyyən edəcəyi təqdirdə onlar hər hansı hüquqlar əldə edə bilərlər.

Polad Mehdiyev

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər