"Məhkəmələr bir çox hallarda işçilərin pozulmuş hüquqlarını bərpa edir" - RƏY


  • 23 Noyabr 2023 10:34

Hazırda məhkəmələrdə əmək mübahisələri ilə bağlı kifayət qədər işlər var. Belə ki, işçi ilə işəgötürən arasında işdən çıxarılma, əməkhaqqı, ödənilməli olan müavinətlər, məzuniyyət və digər məslələrlə bağlı məhkəmə çəkişləmələrinə tez-tez rast gəlinir. Bəs bu hallarda məhkəmə təcrübəsi necədir? İşçi hüquqlarının qorunması istiqamətində məhkəmələrin mövqeyini necə qiymətləndirmək olar?

Vəkil Roman Qaraşov mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, əmək mübahisələrində məhkəmələr daha çox tərəflər arasında barışığın əldə olunmasına çalışır.

Vəkilin sözlərinə görə, əmək mübahisələri arasında işdən çıxarılma ilə bağlı iddialar çoxluq təşkil edir: "Praktikada belə bir mənfi tendensiya var ki, işəgötürənlər əsassız olaraq müddətli əmək müqavilələrinə üstünlük verir. Bunu ona görə edirlər ki, istədiyi zaman müqaviləyə xitam verə bilsinlər. Bu, bir növ sui-istifadədir. Çünki Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlandığı hallar müəyyən olunub. Yəni, bu tip müqavilələr işin xarakterinə uyğun olaraq bağlana bilər. İş müddətli xarakter daşıyırsa, müddətli əmək müqaviləsi bağlana bilər. Amma işəgötürənlərin bu məsələdə sui-istifadə etməsi sonda məhkəmə mübahisələri ilə nəticələnir. Əsassız olaraq müqaviləyə xitam verildikdə işçi qanunsuz işdən çıxarıldığını iddia edərək məhkəməyə müraciət edir. Məhkəmə isə əksər hallarda tərəfləri barışığa gətirməyə çalışır. Fikrimcə, bu çox müsbət haldır. Təcrübədə belə hallara çox rast gəlinir”.

R.Qaraşov deyib ki, əmək haqqının vaxtında ödənilməməsi, iş vaxtından əlavə işə cəlb olunma, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işlərin yerinə yetirilməsi və s. kimi hallarda isə işçilər öz hüquqlarını tələb etməkdən çəkinirlər: "Heç kim istəmir ki, işəgötürənlə problem yaşasın. Yalnız işdən çıxdıqdan sonra həmin məsələlərlə bağlı məhkəmədə iddia qaldırırlar".

Vəkilin fikrincə, əmək mübahisələrinin yaranmasında əsas problemlərdən biri də işçilərin əmək müqaviləsi ilə vaxtında tanış olmaması ilə bağlıdır: "Bəzən işçi heç bilmir ki, onun əmək funksiyaları nədən ibarətdir. Ona görə də ona əlavə iş tapşıranda, yaxud iş saatlarından əlavə işə cəlb olunduqda etiraz edə bilmir. Çünki elə insanlar var ki, iş tapmaqda çətinlik çəkirlər, hardasa işə qəbul ediləndə də çox araşdırmağa, iş yerindəki hüquq və vəzifələrini öyrənməyə maraqlı olmurlar. İşəgötürən müqaviləni verib deyir ki, qol çək, o da götürüb qol çəkir və başlayır işləməyə. Yalnız hər hansı məhkəmə mübahisəsi yarananda müqaviləni görür və öz vəzifə təlimatları ilə tanış ola bilir. Halbuki müqavilə ilə əvvəlcədən tanış olmalı, müqavilənin bir nüsxəsi də ona verilməli idi".

Sərbəst auditor Altay Cəfərov isə deyib ki, əmək mübahisələrində məhkəmələr daha çox işçilərin xeyrinə qərar çıxarır: "Məhkəmə qərar çıxararkən Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarlarına da baxır. Çünki hər hansı qanun pozuntusu ilə rastlaşdıqda işçilər ilk növbədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edir. Xidmətin qərarlarına reaksiya olmadıqda işçilər məhkəməyə üz tuturlar edirlər. Belə hallar olanda məhkəmələr 70-80 faiz hallarda işçilərin xeyrinə qərarlar çıxarırlar.

Onun sözlərinə görə, hazırda işçilərin əksəriyyəti öz hüquqlarını bilirlər: "Onlar hər hansı bir qanunsuzluqla qarşılaşdıqda dərhal müvafiq qurumlara müraciət edirlər. Hətta işdən çıxarılma prosesi tam qanuni olduqda belə işəgötürənin bu qərarı ilə bağlı şikayətlər verir, iddia qaldırırlar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər