Mediasiya üçün müraciət qaydaları


  • 10 İyun 2022 12:20

Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

İlkin mediasiya sessiyasının aparılması üçün müraciət aşağıdakı formada həyata keçirilir:

1. Tərəflərin razılaşması əsasında (mediator və ya mediasiya təşkilatı tərəfindən);
2. Tərəfin seçimi əsasında (mediasiya təşkilatı tərəfindən);
3. Mediasiya Şurasının seçimi əsasında (mediator tərəfindən).

Tərəflərin razılaşması əsasında tərəflər istədikləri mediator və ya mediator təşkilatını seçə bilərlər. Tərəfin seçimi əsasında ilkin mediasiya sessiyasının aparılması üçün müraciət aşağıdakı hallarda baş verir:

1. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə;
2. Tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə.

Tərəfin seçimi əsasında ilkin mediasiya sessiyasının aparılması üçün müraciət edən tərəf ilk öncə digər tərəfə ilkin mediasiya sessiyasının aparılması üçün təklif göndərir. Təklif poçt vasitəsilə, eyni zamanda elektron poçt (e-mail, sms, mesaj və s.) formasında göndərilə bilər. Poçt vasitəsi istisna olmaqla digər hallarda göndərilən təklifin göndərilməsini, eyni zamanda tərəfə göndərilməsini təsdiq edən sübut mediasiya təşkilatına edilən müraciətə əlavə olunmalıdır. Təklifin qarşı tərəfə tərəfə çatdırılması tərəfin rəsmi olaraq təklifi alması, yaxud təklifin tərəfə çatdırılmamasını təsdiq edən rəsmi məlumatın qeydə alınması ilə tamamlanır.

Təklif digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə, yaxud tərəflər arasında mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə tərəf mediasiya təşkiatına müraciət edir. Əgər təklifin qarşı tərəfə çatdırılması üzürlü səbəbdən mümkün olmamışsa (tərəf məktubu almaqdan imtina etmişsə və s.) o zaman tərəf mediasiya təşkilatına müraciət üçün 10 iş gününü gözləməli deyil. Yaxud tərəf qarşı tərəfin təklifi qəbul etməsindən sonra 10 iş gününün tamamını gözləmədən təşkilata müraciət etmişsə o zaman həmin müddət mediator tərəfindən tərəfə göndərilən (təqdim edilən) bildirişin göndərilməsinə (təqdim edilməsinə) qədər bitmiş olmalıdır. Tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına (mediatora müraciət mümkünsüzdür) müraciət etməlidir. Mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə dedikdə tərəflər arasında mövcud mübahisəyə aidiyyəti üzrə baxacaq məhkəmə nəzərdə tutulur.

Lakin qanunvericilikdə nəzərdə tutulan hallarda iddiaçının ərazi aidiyyəti üzrə məhkəmə seçimi olduğundan tərəf öz qeydiyyat ünvanı üzrə yerləşən mediasiya təşkilatına müraciət edə bilər. Əgər mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı olmadıqda o zaman tərəf həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatına müraciət edə bilər. Nəzərə alsaq ki, regionlarda yalnız Naxçıvan, Gəncə və Lənkəran şəhələrrində mediasiya təşkilatı olduğundan o zaman yaxın məsafə baxımından digər şəhər və rayonlara aid olan müraciətlərin müvəqqəti olaraq Naxçıvan, Gəncə, Lənkəran və Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatlarına edilməsi mümkündür.

Əgər məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, yaxud tərəf məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatına müraciət etmək niyyətində olmadıqda o zaman tərəf onun müraciətinə baxılması üçün mediator (mediasiya təşkilatı nəzərdə tutulmur) təyin edilməsi ilə bağlı Mediasiya Şurasına müraciət edir. Müraciət əsaslı olarsa Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator (mediasiya təşkilatı nəzərdə tutulmur) müəyyən edə bilər.

Paşa Səfərov

Bakı 3 saylı Mediasiya Təşkilatının direktoru

Oxşar xəbərlər