"Vəkil-mediator: həm mümkündür, həm də zəruridir" - İlhamə Həsənova


  • 26 Yanvar 2023 11:11

"Mediasiya mübahisələrin məhkəməyə qədər həlli üsuludur. Bu proseslə bağlı bilməli olduğumuz ilk şey odur ki, mediator həmişə mübahisələrin həllində müstəqil, neytral vasitəçidir. Vəkil bu mübahisədə tərəflərdən birini təmsil etmədikdə mediator kimi çıxış edə bilər. Çoxları bununla bağlı qanunvericilik aktları ilə tanış deyil. Bundan əlavə, hətta bəzən peşəkarlarda belə vəkillərin mediasiya fəaliyyətində iştirakının mümkünlüyü ilə bağlı şübhələr yaranır".

Bu sözləri e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova deyib.

O bildirib ki, vəkilin mediator kimi fəaliyyət göstərməsi prosesin qərəzsizliyik, müstəqillik prinsiplərinə təhlükə yaratmır.

"“Mediasiya haqqında” qanun və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu vəkillərin mediator kimi fəaliyyət göstərmələrini qadağan etmir. Lakin bəzi tənqidçilər düşünürlər ki, vəkillərin məhkəməyə qədər mübahisələrin həllində müstəqil mediator olmalarına mane olan peşəkar deformasiya var. Hətta,məsələn, 2020-ci ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən hazırlanan "Rusiya Federasiyasında mübahisələrin vasitəçi (vasitəçiliyin) iştirakı ilə həlli haqqında" Federal Qanun layihəsini tərtib edənlər tərəfindən vəkillərin mediator olmasının qadağan edilməsi təklif edilirdi. Lakin vəkillərin etiraz dalğasından sonra qanun layihəsindən həmin müddəa çıxarıldı", - İ.Həsənova qeyd edib.

Komitəsi sədri qanunvericilik səviyyəsində vəkillərin mediator kimi fəaliyyət göstərmələrinə qadağa qoyulmasına ehtiyac olmadığını deyib: "Əminəm ki, vəkil mediasiya zamanı öz müstəqilliyini və tərəflərin bərabərliyini qoruya bilir. Fikrimcə, o, işdə iştirak edən şəxslərin heç birinin nümayəndəsi kimi çıxış etmədiyi, hüquqi yardım göstərmədiyi, onlara başqa şəkildə bağlı olmadığı hallarda mediator ola bilər. Bunu Resublikamızda vəkillər tərəfindən həyata keçirilən uğurlu mediasiya prosedurlarının böyük həcmi sübut edir. “Mediasiya haqqında” qanununa əsasən mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Həmçinin mövcud qanunvericilikdə fiziki və hüquqi şəxslər arasında mübahisələrin məhkəməyə qədər həllində vəkil statusu olan Azərbaycan Respublikası vətəndaşlarının mediator qismində fəaliyyətinə məhdudiyyətlər yoxdur. Mediatorlar vəkil ola bildikləri kimi, vəkillər də mediator ola bilərlər".

İ.Həsənova bir çox ölkələrdə vəkillərin uzun illərdir fəaliyyətlərində vəkil və mediator peşəsini uğurla birləşdirdiklərini bildirib: "Bir neçə sahədə xüsusi biliklər onlara mediasiya sahəsində səriştəli və çox yönlü mütəxəssis olmağa kömək edir. Vəkillər üçün mediator fəaliyyəti ilə bağlı məhdudiyyətlərin olmaması, məncə, bu məsələnin ən düzgün həll yoludur. Təbii ki, mediator münaqişə tərəflərindən birinin maraqlarını təmsil edə bilməz. Həm mediator, həm də vəkil kimi fəaliyyət göstərən şəxs konkret işdə onun statusuna xas olan vəzifə və öhdəliklərə malikdir. Həm mediator, həm də vəkil kimi fəaliyyət göstərən şəxs konkret işdə onun statusuna xas olan vəzifə və öhdəliklərə malikdir. Ona görə də, fikrimcə, mübahisələrin məhkəməyə qədər həllində vəkilin qərəzsiz mediator ola bilməyəcəyi qorxusu əsassızdır. Belə ki, hüquqi biliklər mediatora mediasiya sazişinin mümkünlüyü və reallığı məsələsinə daha düzgün yanaşmağa imkan verir. Təbii ki, mediasiya ilə məşğul olmaq üçün vəkilə peşədə daha yüksək səmərəliliyə nail olmağa kömək edə biləcək xüsusi danışıq üsullarını və səriştələrini mənimsəmək lazımdır. Tətbiq olunan qanunvericiliyin müddəalarına uyğun olaraq, vəkil mübahisələrin həllində uğurlu mediator ola bilər. Vəkillərin və mediatorların bacarıq və səriştələri müəyyən dərəcədə fərqli ola bilər, lakin onlar, şübhəsiz ki, bir-birini tamamlayır. Məhz buna görə də vəkillər mediasiya səriştələrini mənimsəyə bilərlər və mənimsəməlidirlər. Yekun olaraq qeyd etmək lazımdır ki, vəkillərin mediasiya fəaliyyəti ilə məşğul olmasına qadağanın qanunvericilik səviyyəsində müəyyən edilməsi onların hüquqlarının birbaşa və əsassız şəkildə məhdudlaşdırılmasıdır. Bu, mübahisələrin həllinin alternativ yolu kimi mediasiyanın inkişafına nəinki töhfə verməyəcək, əksinə, onun inkişafına mənfi təsir göstərə bilər".

Xəyalə Bünyatova

Oxşar xəbərlər