- 12 İyun 21:18
Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Təəssüf ki, bu norma bu gün praktikada ölü normalardan birinə çevrilib. İstintaq zamanı bunu anlamaq olar. Ümumiyyətlə, ibtidai istintaq zamanı müdafiə tərəfinin vəsatətlərinin obyektiv həlli hüquqi müəyyənlik prinsipi ilə uyğunlaşmır. Vəsatətə baxan müstəntiq, prokuror və yuxarı prokuror, hər biri ittiham tərəfi olmaqla, müdafiə tərəfinin vəsatətinə obyektiv və qərəzsiz yanaşmaları qeyri-mümkündür. Ancaq məhkəmələrdə bu normanın tətbiq edilməməsi ədalət mühakiməsi adına faciədir.
Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
Həmin Məcəllənin 139-cu maddəsinə uyğun olaraq aşağıdakı hallar mütləq sübuta yetirilməlidir:
1. Cinayət hadisəsinin baş vermə faktı və halları (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halları);
2. Şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi (təqsirliliyi və cinayətin motivləri);
3. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;
4. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi (onun şəxsiyyətini xarakterizə edən sair hallar);
5. Cinayət qanununda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar.
Göründüyü kimi, qanunvericilik sübutetməni 3 mərhələyə bölür: sübutları əldə etmək, yoxlamaq və qiymətləndirmək. Bunlar məntiqi baxımdan ardıcıl həyata keçirilən prosesdir və mərhələli şəkildə mümkündür. Sadə dillə desək, əldə edilmiş və yoxlanılmamış sübutu qiymətləndirmək olmaz.
İttihamı sübuta yetirmək ittiham tərəfinin vəzifəsi olmuş olsa belə, Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, Cinayət Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
Məhkəməyə təqdim edilmiş sübutlar hər biri formal olaraq qanunvericiliyin tələbinə riayət olunmaqla əldə olunmuş sübut kimi məhkəməyə təqdim edilir. Müdafiə tərəfi həmin sübutların yolverilməzliyini əsaslandırmaq üçün məhkəmədə vəsatətlər təqdim etməyə, əlavə sübutların tədqiqində maraqlı olurlar. Həmin vəsatətlərin hər birinin əsaslı olması prezumpsiyası var. Belə ki, müdafiə tərəfi yəqin ki, özünün əleyhinə sübut toplamaqda maraqlı deyillər. Lakin məhkəmələr bir çox hallarda heç bir əsas gətirmədən, bəzən isə ümumi əsaslar göstərməklə belə vəsatətin təmin olunmasından imtina edirlər. Bu isə ədalət mühakiməsinin ruhu ilə çarpışmır.
Ümumiyyətlə, cinayət prosesində mülki prosesdən fərqli olaraq, məhkəmələr formal yox, mütləq həqiqəti müəyyən etməlidirlər. Bu, məcəllələrdə olan ifadələrdən də aydın görünür. Məsələn, cinayət prosesində şahidlər həqiqəti danışmaq, mülki prosesdə isə düzgün danışmaq vəzifələri daşıyır. Bu baxımdan, cinayət işində sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə, bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman "in dubio pro reo" - "şübhədən təqsirləndirilən faydalanır" qaydasına əsasən dəyərləndirmə aparılmalıdır. Bu prinsipə əsasən, təqsirləndirilən şəxsin cəzalandırılması təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz.
İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır.
Ehtimala, müdafiə tərəfinin vəsatətlərini təmin etmədən qəbul edilərək aparılmış icraata dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir.
Çox sevdiyim, məhkəmə çıxışlarında və şikayətlərdə həmişə istifadə etdiyim “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə, istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli – məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.
Ədalət mühakiməsi yalnız hüquqi prosedurların formal həyata keçirilməsi ilə deyil, bu prosedurların ruhuna, məqsədinə və vicdana uyğun şəkildə tətbiq edilməsi ilə mümkündür. Hakimdən tələb olunan sadəcə hökm çıxarmaq deyil, həqiqətə çatmaq üçün bütün imkanları səfərbər etməkdir. Müdafiə tərəfinin vəsatətlərinə etinasız yanaşmaq, sübutların obyektivliyini yoxlamadan hökm vermək – məhkəməni yalnız hüquqi yox, həm də mənəvi borcundan uzaqlaşdırır. Bu səbəbdən, məhkəmələr sadəcə hökm çıxaran orqan deyil, ədalətin son qalası olduğunu unutmamalıdırlar.
Anar Mövsümoğlu
Vəkillər Kollegiyasının üzvü