İnzibati məhkəmələrdə iş yükü niyə çoxdur və necə azaltmaq olar? - Xəqani Məmmədov yazır


  • 17 İyun 2021 18:39

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də artan iş yükü ədalət mühakiməsinin həyata keçirilməsinin əsas problemlərindən biri olmaqda davam edir. İnzibati işlərlə bağlı məhkəmələrdə iş yükünün artması sözsüz ki, həyata keçirilən islahatlar nəticəsində məhkəmə müdafiəsi hüququnun reallaşdırılması imkanlarının genişləndirilməsi, məhkəməyə əlçatanlığın artması ilə bağlıdır. Lakin inzibati məhkəmələrdə iş yükünün artmasını doğuran həm məhkəmələrin, həm də inzibati orqanların fəaliyyətindən irəli gələn digər səbəblər də var. Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu səbəblər müəyyən özünəməxsusluqlar nəzərə alınmaqla əksər ölkələrin məhkəmə sistemləri üçün xas olan vəziyyətdir. Ona görə beynəlxalq təcrübə də nəzərə alınmaqla daim optimal həll yolları üzərində işlənilməlidir. Son zamanlar ixtisaslaşma istiqamətində həyata keçirilən islahatlar da məhz bu məqsədə yönəlmişdir.

Sözsüz ki, məhkəmə icraatının səmərəliliyinin artırılması məhkəmə fəaliyyətinin idarə olunmasında daimi prioritet vəzifə olmalıdır. İnzibati mübahisələrə baxan hakim məhkəmə icraatını xidməti vəzifəsinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün hallarının tam və hərtərəfli araşdırılmasını təmin edəcək qaydada aparmalı, aidiyyəti sübutları toplamalı, inzibati orqanlardan faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də məhkəməyədək aparılmış inzibati araşdırma materiallarını tələb etməli, həmçinin işin qanuni həllinə xidmət edən İPM-də nəzərdə tutulmuş bütün prosessual imkanlardan istifadə etməlidir. Bir sıra hallarda iş yükünün artması məhkəmə fəaliyyətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən lazımi qaydada həyata keçirilməməsindən irəli gəlir. Ali Məhkəmə və apelyasiya məhkəmələri tərəfindən ləğv edilmiş qərarların təhlili də onu göstərir ki, qərarların ləğv edilməsinin böyük əksəriyyətinin səbəbini mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırmanın aparılmaması təşkil edir. Odur ki, əsas məqsədlərdən biri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün hallarının tam və hərtərəfli qaydada müəyyənləşdirilməsini təmin edəcək məhkəmə araşdırmasının aparılmasını təmin etməyə nail olmaqdır. Bu istiqamətdə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində əhəmiyyətli nəticələr əldə edilmişdir. Ancaq bu, daimi təkmilləşdirmə tələb edən bir prosesdir və məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş kompleks tədbirlər ardıcıllıqla davam etdirilməkdədir.

İş yükünün artmasının əsas səbəblərindən biri də, fikrimizcə, inzibati orqanların bəzi hallarda öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almaması ilə bağlıdır. Formalaşmış məhkəmə təcrübəsinin nəzərə alınmaması mübahisələrin və məhkəmələrin iş yükünün sayının süni şəkildə çoxalmasına səbəb olur. Bu hal məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə törədir, hakimlərin həddən artıq işlə yüklənməsinə və əlavə dövlət vəsaitinin xərclənməsinə səbəb olmaqla, son nəticədə ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə də təsir edir. Belə ki, vətəndaşlar son nəticədə haqlı olduqları və formalaşmış məhkəmə təcrübəsi mövcud olduğuna görə məhkəmə mübahisələrinin açılacağı halda necə yekunlaşacağı böyük ölçüdə əvvəlcədən bəlli olan işlər üzrə iddia qaldırmağa məcbur olurlar. Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini, - əgər onun dəyişdirilməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmürsə və bunun üçün müvafiq mexanizmlərdən istifadə olunmursa, - öz inzibati praktikalarında nəzərə almalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi də onu göstərir ki, məhkəmə təcrübəsinin inzibati orqanların praktik fəaliyyətlərində nəzərə alınmasını təmin etmədən inzibati məhkəmələrdə iş yükünün real azalmasına nail olmaq mümkün deyil.

Ötən illərin təcrübəsi, həmçinin onu da göstərir ki, bu gün hələ də bəzi inzibati orqanlar öz fəaliyyətlərini “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qura bilməmişlər. Halbuki, həmin Qanunun qəbul edilməsi ölkəmizin hüquq sistemində yenilik yaratmaqla, əvvəllər ayrı-ayrı normativ hüquqi aktlarda səpələnmiş və çox zaman səthi şəkildə mövcud olan inzibati orqanlardakı icraat qaydalarını hüquqi dövlət prinsipinə uyğun surətdə səmərəli idarəçiliyə nail olmaq üçün vahid qaydada tənzimləmişdir. Bu gün, müvafiq sahənin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla ayrıca qanunla tənzimlənən xüsusi inzibati-hüquqi müddəalar istisna olmaqla inzibati hüququn sahələrindən asılı olmayaraq “İnzibati icraat haqqında” Qanun bütün inzibati orqanlarda icraatın məzmunu və gedişi barədə məsələləri tənzimləyən əsas normativ-hüquqi akt kimi çıxış edir. Ona görə də, vətəndaşların müraciətlərinə baxılması zamanı inzibati orqanlar qanunun tələb etdiyi qaydada icraat başlamalı, həmin icraatı dinlənilmə və yardım etmə hüququnu təmin etməklə hüququna toxunan şəxslərin iştirakı ilə aparmalı, icraatın aparılmasına dair təməl prinsiplərə riayət etməli, mübahisəli məsələyə aid xidməti vəzifəsinə görə bütün sübutları toplamalı, qanuni və əsaslandırılmış formada qərar qəbul etməlidirlər. Bəzi hallarda inzibati orqanların fəaliyyətinin düzgün qurulmaması nəticəsində aydındır ki, həmin orqanların qərar və hərəkətlərindən məhkəmələrə verilən iddia ərizələrinin sayı artır.

Xəqani Məmmədov

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri

Oxşar xəbərlər